Məhkəmə qərarları › İş №2(027)-463/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-463/2024

31.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-463/2024 31.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ərizəçi X3 iştirakı ilə ərizəçi X3 maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X7 ərizə ilə məhkəməyə müraciət edərək, 17 yanvar 1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 ərizəsin müdafiə edərək onunla əsaslandırmışdır ki, Əri xx.xx.1989-cu il təvəllüdlü X9 nevrasteniya, beyin daxili şişin cərrahiyyə əməliyyatı sonrası nevrostonik sindrom qavrama, dərketmə funksiyasının gerili və bir sıra digər ağırlaşmalar (TSEK sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli arayış) səbəbindən ikinci dərəcəli əlil hesab edilmişdir. Sağlamlıq vəziyyəti ağır olduğu üçün onu ailə üzvü olaraq o, himayə edir, hazırda da ona iddiaçı qulluq edir. İkinci dərəcəli əlil olaraq onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1992-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ambulator, X15 Kartasından görünür ki, X9 İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Quba Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2023-cü il tarixli, PHŞ/6.56-2-Y- 1418742-7532-2023 saylı arayışlarından görünür ki, X9 xx.xx.2020-ci ildən xəstəxananın X2 Onkokabinetin qeydiyyatındadır. İş materiallarında olan AZ-İ seriyalı 971068 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 16 iyul 2014-cü il tarixdə nikah bağlamışdır. İş materiallarında olan Quba rayon İHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 969 saylı arayışından görünür ki, X1 rayonu, Timiryazev kəndində yaşayır və hal-hazırda əri X9, qızı X11 və X4 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Espertiza Mərkəzi” X20-Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 654 saylı rəyindən görünür ki, X6 hazırda bədxassəli törmə nəticəsində yaranan demensiya (ağıl zəifliyi) diaqnozu müəyyən edilir. X9 hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Buna görə də X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X7 fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1989-cu il təvəllüdlü X5 həyat yoldaşıdır. X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 xx.xx.2024-cü il tarixli 654 saylı rəyi ilə müəyyən edilmişdir ki, X6 bədxassəli törmə nəticəsində yaranan demensiya (ağıl zəifliyi) formasında psixi xəstəlikdən əziyyət çəkməsi aşkar olunur. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar