Məhkəmə qərarları › İş №2(027)-467/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-467/2025

11.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-467/2025 11.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs QUBA rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs QUBA rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı xx.xx.2006-cı il təvəllüdlü X7 “G80.0 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici. Ağırlaşma F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik emosiya və davranış pozuntusu ilə İb 20 bal, əlavə qulluğa və qayğıya ehtiyacı vardır” diaqnozu əsasında sağlamlıq vəziyyəti ilə bağlı ciddi çətinlikləri olduğu üçün hərəkətsizdir, sərbəst qərar verə, özünü sərbəst surətdə idarə edə bilmir və ömürlük birinci dərəcə əlil hesab edilmişdir. Özünə qulluq edə bilmədiyi üçün X5 o himayə edir hazırda da ona qulluq edir. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafelərini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs QUBA RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ- İ 860551 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X7 xx.xx.2006-cı ildə anadan olmuş, atası X8 anası- Ərizəçi qeyd edilib. İş materiallarında olan QUBA rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli PHŞ/6.56-2-X90xx-xx-2024 nömrəli arayışından görünür ki, X2 uşaq Seribral iflici nəticəsində ağır dərəcəli əqli gerilik, davranış pozğuntuları diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat vərəqəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 İ dərəcəli əlildir. İş materiallarında olan "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” xx.xx.2025-ci il tarixli 527 saylı ekspert rəyindən görünür ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından ərizə təmin edilməli, xx.xx.2006-cı ildə QUBA rayonu İ Nügədi kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə QUBA rayonu İ Nügədi anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X7 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində QUBA rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar