Məhkəmə qərarları › İş №2(027)-468/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-468/2023

15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-468/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ‘'Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində cərimə məbləğinin onun **********01780 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan DYM Yat-2 ünvanında yaşayır. Quba rayonu, Qam-Qam kəndində ona məxsus mülkiyyətində olan yaşayış evinə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. O, il ərzində cəmi 15-20 gün Quba rayonu Qam-Qam kəndində qalır. Qalan vaxt Sumqayıt şəhərində yaşadığı üçün orada qalır. Yəni onun il ərzində qaz sərfıyyatı cəmi 3-5 manat təşkil edir. Belə olan halda onun qaz sayğacına müdaxilə etməyinə heç bir ehtiyac qalmır. Cavabdeh əməkdaşları xx.xx.2021-ci il tarixində yaşadığı ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Bu barədə ona qardaşı məlumat vermişdir. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Bir müddət sonra aylıq qaz borcunu ödəyən zaman ona məlum olmuşdur ki, "Azəriqaz'’ İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında guya qaz sayğacına tərəfindən müdaxilə olunmuş, onun hesablama mexanizminin qoruyucu plastmas qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. Halbuki, sayğacı dəyişən zaman onun üzərində heç bir xəsarət, deşik izi aşkar olunmamışdır. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Buna heç ehtiyacı da olmamışdır. O, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəmiş, qaz borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə borcunu qəbul etmir. Həmin akt və tələbnamə tamamilə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan DYM Yat-2 ünvanında yaşayır. Xaçmaz RQİİ-nin 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Nəticədə 4320 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır; **********01780 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin avqust ayının sonuna 432 (dörd yüz otuz iki) manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Sayğaca baxış İddiaçı iştirakı ilə deyil, başqa şəxsin iştirakı ilə həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 4320 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən tərtib olunmuş 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında 29 oktyabr 2021-ci il tarixli tələbnamə (qərar) ləğv edilməli, 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc İddiaçı **********01780 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında 29 oktyabr 2021-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin. 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc İddiaçı **********01780 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar