Məhkəmə qərarları › İş №2(027)-480/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-480/2024

22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-480/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 25 iyun 2023-cü il tarixli № ******* saylı akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borcun **********01730 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Susay kəndində yerləşən yaşayış evinə də digər evlərdə olduğu kimi qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfıyyatına görə qaz borcunu vaxtında ödəyir. O işiylə əlaqədar Bakı şəhərində olur.Qaz sayğacının işləməməsi ilə bağlı olaraq "Azəriqaz" İB-nə də məlumat verilib. Bundan sonra "Azəriqaz" İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixində yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sayğacı dəyişən zaman o özü də orada olmuşdur. Qonşular da buna şahiddir. Sayğaca heç bir müdaxilə olmamış, üzərində hər hansı kənar müdaxilə izi aşkar edilməmişdi. "Azəriqaz" İB-nin əməkdaşları da həmin vaxt sayğaca heç bir kənar müdaxilə olmadığını öz gözləri ilə görmüşlər. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən 25 iyun 2023cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Onun bundan xəbəri olmamışdır.Tərtib olunmuş ziyan aktında qaz sayğacının alt hissədən qopduğu hesablama mexanizminin qoruyucu plastmas qapağının istilik nəticəsində əridiyi qeyd olunmuşdur. Guya ki, həmin zərər mənonun və ya ailə üzvləri tərəfindən vurulmuşdur. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb, sayğaca toxunulmayıb. O sayğacın işləmədiyi barədə dərhal Cavabdehnə məlumat verib. Özləri gəlib sayğaca baxış keçirdikləri halda onu qanunsuz və əsassız şəkildə cərimə ediblər. Qeyd edir ki, o istifadə etdiyi qaz sərfıyyatının borcunu vaxtlı-vaxtında ödəyir, qaz borcu yoxdur. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə və Xaçmaz regional idarəsinə müraciət edib. O həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd edir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir.Ona görə də, hesab edir ki, ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1555.20 manat borc onun **********01730 saylı abonent hesabından silinməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir və sayğacın yerləşdiyi yer üzrə şəkilləri məhkəməyə təqdim edərək bildirmişdir ki, onun evi qoşu evlərdən bir qədər uzaqda yerləşir, buna baxmayaraq sayğacı dəyişən zaman qonşular da orada olmuşdur. İş üzrə Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, ifadəsində bildirmişdir ki, iddiaçı əsassız olaraq tələb irəli sürmüş, çünki sağaca kənar müdaxilə olunub, sayğacın plomdu qırılıb. İddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilən X4 ifadə verərkən bildirmişdi ki, o İddiaçı 10 ildir ki, tanıyır. Qaz sayğacı açılanda qaz idarəsinin əməkdaşları ilə bərabər o da orada olmuşdur. Sayğacın plombu və borusu qırılmış vəziyyətdə olmuş, qaz buraxmamışdır, həmçinin borunun içinə su dolmuşdur. İdarənin əməkdaşları köməkləşib qaz borusunu yerinə bağlamışdır. Köhnə sayğac çıxarılıb, yerinə təzəsi bağlanmış və akt tərtib olunmuşdur. İş üzrə şahid qismində dindirilən Quba Qİ-nin əməkdaşı X5 ifadəsində bildirmişdir ki, abonent evinə qaz gəlmədiyi üçün idarəyə zəng etdikdən sonra, o deyilən ünvana gedib yerində baxış keçirmiş və sayğacı yoxlayıb qaydasında olduğuna əmin olub qazı buraxmışdır. Qaz yenə də gəlmədikdə, məlum olmuşdur ki, evin arxa tərəfindən gələn qaz borusu bir neçə yerdən qopmuş və içinə su dolmuşdur. Qonşunun köməkliyilə borunu bərpa edib qazı buraxdıqdan sonra yenə də sayğac qazı buraxmadığı üçün sayğacı açıb idarəyə təhvil verməli olmuşdur. Sayğacı açan zaman alt hissədə gövdəsinin qaraldığını müşahidə etmişdir. Sayğaca kənar müdaxilənin olunduğunu düşünmür. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və şahidlərin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 iyun 2023-cü il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən qaz sayğacının alt hissədən qopduğu hesablama mexanizminin qoruyucu plastmas qapağının istilik nəticəsində əridiyi qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********01730 saylı abonent kodu üzrə 12960 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Quba rayonu, Cədəri kəndində yerləşən yaşayış evinə aid **********01730 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc hesablanmışdır. İş materiallarında olan qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 346xx-xx-2023 nömrəli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1555.20 manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətyanı sahəsindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçı iştirakı təmin edilmiş, lakin iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə əsaslı olmaqla təmin edilməlidir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik **********01730 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 iyun 2023-cü il tarixli **********01730 aylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğ **********01730 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar