Məhkəmə qərarları › İş №2(027)-481/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-481/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-481/2024 01.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı X8 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv olunması və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X12 iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X17 İdarəsi tərəfindən tərtib edilmiş, “0391739” nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 avqust 2023-cü il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında mərhum X5 abonent hesabına yazılmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət əsasında ona, X14, X9, X2 məxsusdur. Qeyd edilən fərdi yaşayış evi ona və digər mülkiyyətçilərə 27 avust 2017-ci il tarixdə vəfat etmiş X4 vərəsəlik qaydasında miras qalmışdır. Bununla bağlı ona 14 mart 2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Fərdi yaşayış evi çıxarışla onun və digər mülkiyyətçilərin adına keçsə də, təbii qazın istehlakçı ilə bağlı abonent məlumatları X5 adında qalmışdır. Qeyd edilən fərdi yaşayış evinə Elster tipli, 10018375 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra Cavabdeh İB-nın əməkdaşları tərəfindən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli, 10018375 nömrəli qaz sayğacı çıxarılmış və yoxlanışa göndərilmiş, 10018375 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmi sol yan hissədən kənar təsir nəticəsində gövdədən aralanıb, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yarasızdır” qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 31 avqust 2023-cü il tarixli Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və 4320 kub metr qazdan istifadəyə görə 518,40 manat məbləğində borc hesablanmışdır. Mən qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmıram. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir. O sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Həmçinin qeyd edilən fərdi yaşayış evində uzun müddətdir heç kimin yaşamaması səbəbindən təbii qazdan istifadə olunmamışdır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən çağırılmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2023-cü il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın hesablama mexanizmi sol yan hissədən kənar təsir nəticəsində gövdədən aralanıb, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yarasızdır” qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 avqust 2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, X6 adına olan **********01740 saylı abonent kodu üzrə 4320 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Quba rayonu, İ Nügədi kəndində yerləşən yaşayış evinə aid **********01740 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik borc hesablanmışdır. İş materiallarında olan AZ-İ 568380 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X13 arasında xx.xx.2010-cu il tarixində Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və qadın “Mirzayeva” soyadını qəbul etmişdir. AZ-İ 886540 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017ci ildə vəfat etmişdir. 14 mart 2020-ci il tarixli reyesterdə 2V-276 nömrə ilə qeyd edilən Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, xx.xx.2017-ci ildə vəfat etmiş X6 arvadı- X12 vərəsləri sırasına daxil edilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində 0.05 ha torpaq sahəsində yerləşən 115 kv/m daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə X1 və digərlərinin adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 518.40 manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi X12 tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər hissədə əsaslı olmaqla təmin edilməlidir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik **********01740 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 avqust 2023-cü il tarixli **********01740 aylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik **********01740 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar