Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-486/2022 10.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 19 noyabr 2021-ci il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 manat məbləğində borcun onun **********00250 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış evi 03.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mərhum atası X2 məxsusdur. X1 28.11.2020-ci il tarixdə vəfat etmişdir. Atasının sağlığında və onun ölümündən sonra onlar ailəliklə həmin evdə yaşayırlar. Cavabdeh İB ilə bağlanmış qazın alğı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirlər və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 20.10.2021-ci il tarixdə Azəriqaz İBnin əməkdaşları yaşayış evinə quraşdırılmış qaz sayğacının istismar müddətinin bitdiyini bildirərək, “Elester” tipli sayğacı çıxararaq, yeni “Zenner” tipli sayğacı quraşdırmış və bu barədə 20.10.2021-ci il tarixli ******* nömrəli akt tərtib edərək ona təqdim etmişlər. 2021-ci ilin noyabr ayında qaz borcu qəbzi gələrkən 432 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İİ-nə müraciət edərək həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda, ona qeyd olunan borcun 19.11.2021-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bilrdirərək, akt və tələbnaməni ona təqdim etmişlər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, ******* saylı aktda çıxarılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olması qeyd olunmuş və həmin akta əsasən də tələbnamə tərtib olunaraq 432 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunsa da, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. 19.11.2021-ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Ona görə də hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 432 manat cərimə onun **********00250 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 20.10.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı Quba şəhəri, Xəqani küçəsində yerləşən 37 saylı yaşayış evində Elester tipli, G4 markalı, ******* nömrəli, 04520936 plomb nömrəli sayğac çıxarılmış və əvəzində Zenner tipli, G4 markalı, **********7 nömrəli, 12053078 plomb nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 4320 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şakir Mehrəliyevin 2021ci ilin noyabr ayı üzrə 432 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan AZ-İİ 131276 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.11.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəliyinin 05.03.2022-ci il tarixli, 623 saylı arayışından görünür ki, X4 28.11.2020-ci ildə vəfat etmişdir, onun vəfatından sonra vərəsələri - 10.12.1957-ci il təvəllüdlü X5, 24.01.1982-ci il təvəllüdlü X6, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı, 16.03.1983-cü il təvəllüdlü X7 qalmışdır. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 21.01.2022-ci il tarixdə 30391-01.2022 nömrəli müqavilə bağlanmışdır. Müəyyən olunmuşdur ki, mərhum X4 təbii qaz abonenti kimi qeydiyyatdadır. X4 28.11.2020-ci ildə vəfat etdikdən sonra həmin evdə vərəsəsi İddiaçı yaşayır. Cavabdeh İBnin əməkdaşları tərəfindən 19.11.2021-ci il tarixdə onun yaşadığı Quba şəhəri, Xəqani küçəsində yerləşən 37 saylı mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc **********00250 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 **********00250 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-486/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-486/2022
10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver