Məhkəmə qərarları › İş №2(027)-551/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-551/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-551/2021 31.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə onunla Cavabdeh arasında formal olaraq kredit müqaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsində Cavabdeh tərəfindən guya ona xx.xx.2015-ci il tarixdə 25000 (iyirmi beş min) manat borc pul verildiyi qeyd edilsə də, əslində həmin məbləğ ona verilməmiş, borc müqaviləsi formal olaraq bağlanılmışdır. Cavabdeh onun tanıdığı başqa şəxsə faizlə, sələmə pul verdiyini, sonradan ala bilmədiyini əsas gətirərək, ondan polis orqanlarına şikayət etmiş və o, məcburiyyət qarşısında cavabdehlə formal kredit müqaviləsi bağlamağa məcbur qalmışdır. Cavabdeh kredit müqaviləsi bağlanmazdan əvvəl ondan polisə etdiyi şikayəti özlüyündə müqavilənin formal olduğunu sübut edir. Cavabdeh əvvəldən sözügedən müqavilənin görüntü üçün, formal olaraq bağlandığını bildirsə də, Cavabdeh Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə yaxınlaşaraq guya onun müqavilədə nəzərdə tutulmuş öhdəliyi icra etmədiyini bildirmiş və borc məbləğinin ondan tutulmasına dair İcra qeydi verilməsini tələb etmişdir. Cavabdeh bu hərəkəti etməsində niyyəti əsassız varlanmaqdır. Qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, tələbin əsassız olduğunu bildirmiş və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, o, İddiaçı cəmi 25000 (iyirmi beş min) manat borc pul vermişdir. xx.xx.2015-ci il tarixdə onunla Azərin arasında həmin borca dair Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Azəri kimsə məcburi şəkildə həmin kontora aparmamış və müqaviləni imzalamağa vadar etməmişdir. Hətta müqaviləni təsdiq etməzdən əvvəl notarius Azərdən pulu alıb-almadığını soruşmuş və Azər 25000 (iyirmi beş min) manat pulu borc götürdüyünü təsdiq etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaqla hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında Quba regional “Asan xidmət” mərkəzində notariat ofisindən əldə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borcalan X5 xx.xx.2019-cu il tarixədək hər ay 500 (beş yüz) manat qaytarmaq şərtilə 25000 (iyirmi beş min) manat məbləğində pul borc vermişdir. Həmin müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmiş və 3M-329 nömrə ilə reyestrdə qeydə alınmışdır. Məhkəmənin sorğusu əsasında Quba RPŞ-dən daxil olmuş məktubda göstərilir ki, İddiaçı barəsində 2015-ci ildə toplanılaraq rədd edilib RPŞ-nin Dəftərxanasında saxlanılan material DİN-in xx.xx.2003-cü il tarixli 306 saylı əmrinə, xx.xx.2015-ci il tarixli 36 saylı qərarına və xx.xx.2018-ci il tarixli 5 saylı qərarına əsasən saxlanma müddəti 3 il müəyyən edildiyindən 2018-ci ildə yandırılaraq məhv edildiyindən İddiaçı barəsində toplanılmış materialın göndərilməsi mümkün deyildir. Cavabdehin məhkəməyə təqdim etdiyi əlyazma vərəqələrin kserosurətlərindən görünür ki, - İddiaçı Cavabdeh aldığı 25000 manat məbləğində pulu hər ayın axırı 500 manat olmaqla gecikdirilmədən hissə-hissə qaytaracağı barədə iltizam imzalamışdır; - İddiaçı 2015-ci ilin sentyabr ayından başlayaraq 2017-ci ilin iyul ayı da daxil olmaqla hər ay Cavabdeh 500 manat məbləğində ödəniş etmişdir; İş materiallarında olan digər sənədlərdən görünür ki, - İddiaçı ilə Cavabdeh arasında Quba rayonu Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh “borc verən” kimi İddiaçı “borc alan”a kimi 25000 (iyirmi beş min) manat pul borc vermiş, Siz “borc alan“ kimi krediti xx.xx.2019-cu il tarixədək hər ay 500 (beş yüz) manat olmaq şərti ilə Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı vaxtdan bu günədək İddiaçı tərəfindən ona 11500 (on bir min beş yüz) manat pul qaytarılmışdır. İddiaçı kredit müqaviləsinə görə ödənilməmiş 13500 (on üç min beş yüz) manat borcu qalmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti xx.xx.2019-cu il tarixdə bitməsi, borclu qaldı 13500 (on üç min beş yüz) manat pulun həmin tarixədək ödənilməsini təmin edilməsi, əks təqdirdə Cavabdeh kredit müqaviləsinin müddəti bitdikdən sonra İddiaçı borclu qaldığı məbləğin ödənilməsi üçün müvafiq hüquqi vasitələrdən istifadə etməli olacağı barədə İddiaçı yazılı xəbərdarlıq etmişdir; - İddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış və 3M-329 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks halda barəsində müvafiq tədbir görüləcəyi barədə bildiriş göndərilmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-640/2020 saylı qətnaməsinə əsasən, İddiaçı Quba Regional “ASAN Xidmət” Notariat Kontoruna qarşı Quba Resgional "ASAN" Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilə müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı tərəf mübahisə predmeti sayılan müqavilənin “yalançı” əqd olduğu iddia etsə də, iddia tələbində göstərilən hallar məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Başqa sözlə, iddiaçı müqavilənin etibarsızlığını onunla əsaslandırır ki, Cavabdeh iddiaçının tanıdığı başqa şəxsə faizlə verdiyi pulu sonradan ala bilmədiyinə görə polis orqanlarına şikayət etmiş və o, məcburiyyət qarşısında cavabdehlə formal kredit müqaviləsi bağlamağa məcbur qalmış, nə əvvəl nədə ki müqavilə bağlanarkən Cavabdeh iddiaçıya hər hansı bir məbləğdə pul verməmişdir. Bununla yanaşı iddiaçı öz iddaısını əsaslandırdığı hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etmir. Halbu ki həmin halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Cavabdeh məhkəməyə təqdim etdiyi əlyazmalardan isə aydın olur ki, iddiaçı ondan 25000 manat borc aldığını xx.xx.2015-ci il tarixdə yazdığı iltizamda etiraf etmiş və sonradan borcdan hər ay 500 manat ödəməsini qəbzlərdə təsdiq etmişdir. İddiaçı tərəf həmin əlyazmaların həqiqiliyini məhkəmədə mübahisələndirmədiyindən, məhkəmə onları sübut kimi qəbul edir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas məhkəmə baxışı zamanı müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mülki işdə iddiaçı şəxs tələbini sübuta yetirə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar