Məhkəmə qərarları › İş №2(027)-565/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-565/2023

13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-565/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Quba QİS-in 21 noyabr 2017-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış qazın dəyəri olan 400 (dörd yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 10 mart 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh İB-nin Quba QİS-in 21 noyabr 2017-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış qazın dəyəri olan 329 manat, 40 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin X6 Sahəsinin (Quba QİS) əməkdaşları 21 noyabr 2017-ci il tarixində valideyninin (atası) mülkiyyətində olan Quba rayonu, Küsnətqazma kəndində yerləşən evdən istifadədə olan sayğacı yenisi ilə əvəz edərək ******* saylı akt əsasında söküb aparmışlar. Həmin prosedur zamanı əməkdaşlar tərəfindən sayğacın zavod plombunun şübhəli olması bildirilmişdir. Borc barədə bildiriş ünvanına daxil olduqdan sonra 25 noyabr 2017-ci il tarixində ******* saylı müdaxiləyə görə akt tərtib edilərək cərimə hesablandığını öyrənmişdir. Aktda əsas olaraq sayğacın şüşəsində deşilmələr olması göstərilir. Cavabdeh İB-nin X5 İstismar İdarəsinin Quba QİS-in əməkdaşlarının tərtib etdiyi 21 noyabr 2017-ci il tarixli, ******* saylı aktla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı “Qazdan istifadə qaydaları” haqqında verilmiş qərarın 4.7, 4.8, 4.9 saylı maddələrinə istinad edərək razılaşmır. Göstərilən sayğac valideyninə (atasına) məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və birbaşa olaraq onun qorunması abonentin yox, QİS-in səlahiyyətlərinə aiddir. Həmçinin hesab edir ki, tərəfindən ödənilən məbləğlərin bəsit riyazi müqayisələndirmə yolu ilə həmin müddət ərzində tərəfindən eyni qayda və məbləğdə qazdan istifadə etdiyi görünür. Sayğacın dəyişdirilməsi üçün ona Azərbaycan Beynəlxalq Bankın Şabran filialına 91,21 manat pul ödənilməsi bildirilmişdir. Halbuki qaz sayğacı enerjitəchizat müəssisəsi tərəfindən dəyişdirilməlidir. Beləliklə, hesab edir ki, Cavabdeh İB-nin Quba QİS-in əməkdaşlarının tərtib etdiyi ******* saylı aktla hesablanmış borc əsassızdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - АЗБ seriyalı, 084917 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1971-ci il tarixdə anadan olmuşdur və X2 onun atasıdır. - 15 noyabr 2017-ci il tarixli, AZ-İ № 908182 saylı ölüm haqqında şəahdətnamənin surətindən görünür ki, X2 05 noyabr 2017-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 noyabr 2017-ci il tarixdə, 19 nömrə ilə qeydiyyat aparılmışdır. -Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 389 saylı arayışdan görünür ki, İddiaçı Quba RİHB-nın kənd İƏD üzrə nümayəndəliyinin Küsnətqazma kənd qeydiyyatında olub hal-hazırda Quba rayon Küsnətqazma kəndində yaşayır. - Azərbaycan Respublikası Mediasiya Şurası Qusar Rayon 1 saylı Mediasiya Təşkilatının 19 yanvar 2023-cü il tarixli, MŞQ38/1/00147 nömrəli arayışından görünür ki, Cavabdeh İB-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Küsnətqazma kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində ******* nömrəli sayğac quraşdırılmışdır; - Xaçmaz RQİİ-nin xx.xx.2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Küsnətqazma kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-00864-2 saylı rəyinə əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın ekranının mexaniki zərbə nəticəsində sınması qeyd olunmuşdur. - X1 30 noyabr 2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Quba rayonu, Küsnətqazma kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 1647 m3 (1647 m3 x 0,20=329,40 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2017-ci il tarixli, ******* saylı akt olmuşdur; - **********00050 kodlu abonentin saldosundan görünür ki, abonent müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 329,40 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, sayğacın şüşəsinin deşici alətlə deşilməsi qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 329,40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 329,40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli tələbnaməyə əsasən hesablanmış 329,40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində borc **********00050 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 329,40-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli tələbnaməyə əsasən hesablanmış 329,40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində borc **********00050 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar