Məhkəmə qərarları › İş №2(027)-576/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-576/2024

20.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-576/2024 20.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda bağlanmış torpaq alqı-satqısına dair 04 aprel 2006-cı il tarixli, 4-Ə-826 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 303013 10617 reyestr nömrəli çıxarışın, xx.xx.2021 -ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmçinin həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar və digər ailə üzvləri Torpağa Mülkiyyət Hüququna Dair JN- 0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən, oradan bildirmişlər ki, torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. Torpaq sahəsini Cavabdeh onların razılığı olmadan uzun müddətdir ki, istifadə edir. Cavabdehin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən torpaq sahələri qanunsuz olaraq yol çəkilərək, istifadəyə verilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi hüquqları bərpa etmiş, lakin Sumqayıt Apelyasiya Məhkəməsində onlara məlum olmuşdur ki, guya torpağın alqı- satqısına dair 04 aprel 2006cı il tarixli 4-Ə-826 reyestr nömrəli alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilə əsasında cavabdehin adına ********** qeydiyyat nömrəli, **********7 reyestr nömrəli çıxarış işlənmişdir. Daha sonra cavabdeh qeyd olunan torpaq sahəsindən 0,13 ha hissəni xx.xx.2021 -ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa şəxsə satmış və yekunda cavabdehin adına ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış işlənmişdir. Halbuki qeyd olunan proseslərin heç birindən xəbəri olmamış və mülkiyyət hüquqları bu formada qəsd edilərək əsassız və qanunsuz sənədləşmə işləri aparılmışdır. 04 aprel 2006-cı il tarixli 4-Ə-826 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsindəki imzalar saxtalaşdırılmış və onların iradəsini əks etdirmir. Onlar cavabdehlə belə bir müqavilə bağlamamış və torpağın ona satılmasına razılıq verməmişlər. Həmçinin, xx.xx.2000-ci ildə qüvvəyə minmiş Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Məhkəmə iclaslarında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, 2006-ci ildə mübahisəli torpaqları iddiaçının valideynlərindən almışdır. Həmin vaxt iddiaçı azyaşlı olduğundan, alğısatqı müqaviləsini valideynləri imza etmişdi. İddiaçının valideynləri ilə aralarında torpaq sahəsinə dair alğı-satqı notarial qaydada olmuşdur. Müqaviləyə əsasən, ona çıxarış verilib. Müqavilə notariusda bağlanmış, alğı-satqı müqaviləsi zamanı İddiaçı1 orada iştirak etmişdir. Torpağı alanda pul verməmişdir, traktorla əvəzləşdirmişdir. Artıq uzun müddətdir ki, iddiaçıların qanunazidd əməllərinin nəticəsində onun hüquqları pozulmuşdur. Beləki, işin icrası uzandıqca, yekun nəticə əldə olunmayınca, özünə məxsus torpaq sahəsində səmərəli iş görə bilmir. 2006-cı ildə bu torpağı alıb və onun da bir hissəsini başqasına satıb. Artıq iddiaçılar məhkəmə iclaslarında iştirak etmirlər, öz iddia tələblərini müdafiə eləmirlər, səbəbləri barədə də məlumat vermirlər, bu da vaxtın uzanmasına səbəb olur və torpaq üzərində olan hüquqlarının həyata keçirilməsinə maneə yaranır. Yekunda məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisi ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında bildirmişdir ki, torpaq sahəsi təkcə onun valideynlərinin deyil, həm də ona məxsusdur. 2006-cı ildə onun 18 yaşı olmadığından valideynlərinin onun əvəzinə atdığı imzalar saxtalaşdırılmış, bu prosses həm də Qəyyumluq və himayəçilik orqanının razılığı alınmadan aparılmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasını xahiş etmiş və xəttşünaslıq ekspertizasının keçirilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayon AİK-nın 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə Quba rayonu, Mirzəqışlaq kəndi ərazisində yerləşən 1.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Mirzəqışlaq kənd sakinləri X4, İddiaçı1, X6, X5 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 04 aprel 2006-cı il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Quba rayonu, Mirzəqışlaq kənd sakinləri X4, İddiaçı1, X6, X5 və İddiaçı2 mülkiyyətlərində olan Quba rayonu, Mirzəqışlaq kəndi ərazisində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh satmışlar. Alqı-satqı müqaviləsi Quba rayon Dövlət notariat kontorunda 4-Ə-825 nömrə ilə reyesterdə qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 1.7499 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatında, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan, alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunaraq işə əlavə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunur ki, JN-0099, KOD 30319038 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na və Quba rayon dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4-Ə-826 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 1.8799 ha torpaq sahəsinə sizin adınıza (Cavabdeh) xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********7 reyestr nömrəli çıxarış işlənmişdir. Əlavə olaraq bildirilir ki, sizin adınıza (Cavabdeh) olan 1.8799 ha torpaq sahəsindən 0.13 ha torpaq - sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-450 alqı-satqı müqaviləsinə və bölgü planına əsasən özgəninkiləşdirilmiş, yerdə qalan 1.7499 ha torpaq sahəsinə sizin adınıza (Cavabdeh) dövlət reyestrində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış işlənmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məlumatında, İddiaçı1 və İddiaçı2, adlarına Quba rayonu dövlət notariat ofisində xx.xx.2006-cı il tarixdə 4-Ə-825 (4Ə-826) reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onların qeydiyyatdan keçdiyi reyestr jurnalının istənilməsi barədə dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər barəsində müqavilənin rəsmiləşdirilmədiyi, arxivə təhvil verilmiş 4-Ə-825 (4-Ə-826) reyestr nömrəli müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilməsi qeyd olunmuşdur. Həmin məlumat işə əlavə olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsindən göründüyü kimi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktının digər mülkiyyətçilərlə yanaşı İddiaçı1 və İddiaçı2 məxsus olması faktı müyyən olunmuşdur. Məhkəmə qeyd olunanlara əsasən və işdə olan sübutları nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab edərək, hazırkı mülki iş üzrə mübahisənin düzgün həll edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair 2(027)-576/2024 nömrəli mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-576/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-xətşünaslıq ekspertizanın aparılması məqsədilə “İddiaçı1 kril qrafikası ilə “Чəфəрова Мəрjəм” yazıları yazdırmaqla 5-10 vərəqdə ekspermental xətt və imza nümunələrinin, həmçinin Quba rayon Dövlət notariat kontorunda bağlanmış torpaq alqı-satqısına dair 04 aprel 2006-cı il tarixli, 4-Ə-825 (4-Ə-826) reyestr nömrəli alqı-satqı müqaviləsinin əslinin” təqdim edilməsi barədə məhkəməyə X2 28 avqust 2024-cü il tarixli vəsatəti daxil olmuşdur. X2 vəsatətinə əsasən “İddiaçı1 kiril qrafikası ilə “Чəфəрова Мəрjəм” yazıları yazdırmaqla 5-10 vərəqdə ekspermental xətt və imza nümunələrinin, həmçinin Quba rayon Dövlət notariat kontorunda bağlanmış torpaq alqı-satqısına dair 04 aprel 2006-cı il tarixli, 4-Ə-825 (4-Ə-826) reyestr nömrəli alqısatqı müqaviləsinin əslinin” Quba Rayon Məhkəməsinə göndərilməsinin təmin olunması barədə iddiaçılara məlumat verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024cü il tarixli 3-16-16/2-4/1337 nömrəli ekspert rəyindən görünür ki, 04 aprel 2006-cı il tarixli, 4-Ə-825 (4- Ə-826) reyestr nömrəli alqı-satqı müqaviləsinin əslinin, İddiaçı1 kril qrafikası ilə “Чəфəрова Мəрjəм” yazıları yazdırmaqla 5-10 vərəqdə ekspermental xətt və imza nümunələrinin təqdim edilməsi barədə ekspertin 28 avqust 2024-cü il tarixli vəsatəti təmin olunmadığından, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq, məhkəmə-xəttşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Torpağa Mülkiyyət Hüququna X11 əsasən X1, İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətlərində olan Quba rayonu, Mirzəqışlaq kəndi ərazisində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına özgəninkiləşdirilməklə Dövlət Reyestrindən çıxarışa əsasən, həmin torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Hazıda iddiaçılar torpaq alqı-satqı müqaviləsindəki imzaların saxtalaşdırılması və onların iradəsini əks etdirməməsi əsası ilə həmin müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əasən xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə imzanın yalnız xüsusi bilik əsasında mütəxəssis (ekspert) rəyi əsasında müəyyən edilməsi mümkün olduğundan, iddiaçı tərəfindən isə müvafiq ekspertizanın keçririlməsi üçün zəruri olan sənəd (imza nümunələri) təqdim edilmədiyindən, hazırki iş üzrə MPM-nin 97.5-ci maddəsinin tələbi nəzərə alınmaqla nəticə əldə edilməsi üçün əsas vardır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Habelə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı1 qeyd edilən torpaq sahəsinin əri tərəfindən traktor qarşılığında verilməsini bildirmişdir və bunun həmin torpaq sahəsinə dair tərəflər arasında alğı-satğı müqaviləsinin bağlanmasını təsdq etdiyi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yuxanda sadalananlara əsasən mübahisəli torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar