Məhkəmə qərarları › İş №2(027)-590/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-590/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-590/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (bundan sonra İB) qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-nə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X2 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29.11.2021-ci il tarixli tələbnamənin (qərar) ləğv edilməsi, həmin tələbnamə (qərar) əsasında onun abonent hesabına yazılmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, hazırda yaşadığı Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evinə ZENNER G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. 22.07.2021-ci il tarixdə həmin fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı **********4 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə SMART ZENNER G-4 **********103 markalı qaz sayğacı quraşdırılmışdır. 19.11.2021-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən 22.07.2021-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsinin deşiİməsi səbəbindən dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0207372” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 29.11.2021-ci ildə dəymiş ziyanın bərpasına dair tələbnamə “qərar” qəbul edilmiş və ona 4320 m3 qazdan istifadəyə görə 432 (dörd yüz otuz iki) manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı küçədə yerləşdir və yüksək yerdə deyil. O, sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O, qaz sayğacına kənar təsir göstərməmişdir. Sayğacın qoruyucu şüşəsinin deşilməsinə görə o, məsuliyyət daşımır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamış, sayğac onun iştirakı olmadan yoxlanılmışdır. 22.07.2021-ci il tarixli akt tərtib edilən zaman da özü iştirak etməmiş, aktda çəkilən imza ona məxsus deyil. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Timiryazev qəsəbəsində yaşayır; **********03270 saylı abonent saldonun surətindən görünür ki, Timiryazev qəsəbəsində yerləşən qaz sayğacının abonenti İddiaçıdir. Həmin saldodan görünür ki, 2021-ci ilin noyabr ayında 432 (dörd yüz otuz iki) manat məbləğində borc hesablanmışdır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evində ZENNER G-4 markalı **********4 nömrəli qaz sayğacı çıxarılmış və əvəzində yeni SMART ZENNER G-4 **********103 markalı qaz sayğacı quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 19.11.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın İB-nin sayğacların yoxlanılması, AKTN-MSK-29/1710-04202-1 saylı rəyində göstərilir ki, G-4 tipli **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmişdir. Nəticədə 4320 m3 həcmində dəymiş ziyan hesablanmışdır; 29.11.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 4320 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB əməkdaşları tərəfindən tərtib olunmuş 19.11.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında tərtib olunmuş tələbnamə (qərar) ləğv edilməli, 19.11.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc İddiaçı **********03270 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən (Qanun 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir), iddianın qiyməti 1000 (bir min) manatadək olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir; Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB əməkdaşları tərəfindən tərtib olunmuş 19.11.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında tərtib olunmuş tələbnamə (qərar) ləğv edilsin. 19.11.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc İddiaçı **********03270 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB--dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar