Məhkəmə qərarları › İş №2(027)-610/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-610/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-610/2023 02.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 15 noyabr 2022-ci il tarixli, 280018 saylı AKT əsasında mənə məxsus Quba rayonu Zərdabi qəsəbəsində yerləşən mənzilin elektrik sayğacının **********00941 saylı kodu üzrə hesablanmış 584,96 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları 15 noyabr 2022-ci il tarixində yaşadığı Quba rayonu. Zərdabi qəsəbəsinə gələrək ona məxsus mənzilin elektrik sayğacına baxış keçiriblər. Həmin tarixdə 280018 nömrəli akt tərtib edərək, onun abonent kodu üzərinə dəymiş ziyan məbləği hesablanmışdır. Aktın tərtib edilməsi və ziyanın hesablanması əsası olaraq ona məxsus yaşayış evinə sayğacdan kənar xəttin qoşulduğu göstərilir. Halbuki aktda yazılanlar həqiqətə uyğun deyildir, onun mənzilində heç bir kənar xətt mövcud olmamış və yoxdur. Cavabdeh təşkilatdan göndərilən bildirişdən və abonent saldosundan məlum olur ki, 15 noyabr 2022ci il tarixli, 280018 nömrəli akt əsasında itirilmiş elektrik enerjisinin bərpası üçün hesabat aparılmış və abonent hesabına 584,96 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən 15 noyabr 2022-ci il tarixli, 280018 nömrəli AKT əsasında hesabladığı borcla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsaslanaraq razılaşmır. Sayğaca tərəfindən müdaxilə edilməmişdir, kənar xətdən istifadə etməmiş və bu faktı təsdiq edən heç bir sübut yoxdur. Göstərilən sayğac İstehlakçı olaraq ona aid ərazidə deyil, mənzildən kənarda quraşdırılmışdır. Ona görə də həmin sayğacın saz vəziyyətdə saxlanılmasına enerji təhcizat müəssisəsi məsuliyyət daşıyır. Beləliklə, hesab edir ki, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi 15 noyabr 2022-ci il tarixli, 280018 saylı AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Əhmədov məhkəməyə müraicət edərək bildirmişdir ki, sayğacdan kənar xətt aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları'nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, AKT R №-li 280018 saylı akt əsasında 310.98 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Sayğacdan kənar xəttin mövcudluğu video çəkiliş vasitəsi ilə qeydiyyata alınmışdır İddiaçının sayğacdan kənar xəttdən əlavə 236.61 manat ödənilməmiş debitor borcu vardır. Bundan əlavə iddiaçı kənar xəttdən istifadə etdiyi zaman sayğacın enerji sərfiyyat göstəricisi 30 gün ərzində 0.32 manat və 5.76 manat arası təşkil etmişdir. Kənar xətt ləğv olunduqdan sonra isə sərfiyyat göstəricisi kəskin şəkildə dəyişib.(xx.xx.2022-ci il tarixdə 3 gün ərzində dəyəri 5.12 manat təşkil edən 64 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 11.20 manat təşkil edən 140 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 10.32 manat təşkil edən 129 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə isə dəyəri 9.36 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə edib. Bu faktı abunə haqqında arayışdan aydın görmək mümkündür. Bu da onu bir daha sübut edir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə edib. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 280018 saylı aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmiş, fərdi yaşayış evinə sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 584,96 manat məbləğində borcu vardır. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğaca ümumi baxış keçirilmiş, fərdi yaşayış evinə sayğacdan kənar xətt aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 584,96 manat məbləğində itirilmiş enerjinin dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, iş materiallarında iddiaçı tərəfindən sayğacdan kənar xətt aşkar edilməsini müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı sayğaca baxış keçirilən və akt tərtib edilən zaman onun iştirakının təmin edilməməsini qeyd etsə də, 280018 saylı aktda tərtib edilən zaman iddiaçı evin qapısını ASC-nin əməkdaşlarına açmamışdır. Bundan əlavə iddiaçı kənar xəttdən istifadə etdiyi zaman sayğacın enerji sərfiyyat göstəricisi 30 gün ərzində 0.32 manat və 5.76 manat arası təşkil etmişdir. Kənar xətt ləğv olunduğdan sonra isə sərfiyyat göstəricisi kəskin şəkildə dəyişmiş, xx.xx.2022-ci il tarixdə 3 gün ərzində dəyəri 5.12 manat təşkil edən 64 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 11.20 manat təşkil edən 140 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 10.32 manat təşkil edən 129 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə isə dəyəri 9.36 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə edib. İddiaçı isə məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar