Məhkəmə qərarları › İş №2(027)-629/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-629/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-629/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Cavabdeh iştirakı iə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 sentyabr 2022-ci il tarixə 470.83 manat gecikdirilmiş əsas, 404.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 281.95 manat dəbbə pulu, ümumilikdə 1157.75 manat borc və ödənilmiş 31.58 manat dövlət rüsumu “ İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFNF130750 ban nömrəli, qara rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 439.80 manat, ümumilikdə isə 18533 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18533 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 sentyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 sentyabr 2022-ci il tarixə ümumilikdə 1157.75 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq, iddianın təmin olumasını xahiş etmişdilər. İddiaçı MMC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsəasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 sentyabr 2022-ci il tarixə 470.83 manat gecikdirilmiş əsas, 404.97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 281.95 manat dəbbə pulu, inzibati xəta haqqında protokollara görə ödənilmiş 64 manat, ümumilikdə 1221.75 manat borc və ödənilmiş 32.22 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxıb iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki,o lizinq müqaviləsi ilə avtomobili İddiaçı MMC-dən 3400 manat ilkin ödəniş edərək götürüb, ayda 440 manat ödəniş etmiş və avtomobili idarə edmək üçün etibarnamələr verilmişdir. Sonuncu etibrnamənin müddəti xx.xx.2022-ci il tarixində başa çatıb. Buna baxmayaraq o,xx.xx.2022-ci ildə İddiaçı MMC-nin rəhbərliyiniə ərizə ilə müraciət edərək, MMC-nin təklifi əsasında X4 adını etibar edilən şəxslərin siyahısına əlavə etməklə ona "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-ə təhvil vermişdir. xx.xx.2022-ci il tarixdən o avtomobili İddiaçı MMC-nə qaytarıb. Sonuncu dəfə MMC-nə 100 manat ödəniş etmiş və ona borcu olmadığı barədə məlumat verilmişdir. 14 sentyabr 2022-ci il tarixə MMC-nə borcu olması barədə ona dekabr ayında məlumat verilib, o vaxta kimi bu borc haqqında ona heç bir məlumat və bildiriş verilməyib. Əlavə edərək övladının “Vətən müharibəsi” iştirakçısı olmaqla şəhid olduğunu bildirmişdir. Məhkəmə cavavdehin izahatını dinləyib, iş materialıarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən 2022-ci il buraxılışlı, "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFNF130750 ban nömrəli, qara rəngli avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə 3 saylı əlavəyə əsasən Cavabdeh illik 17.5% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 439.80 manat, ümumilikdə isə 18 533 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14.951 manatın 14 950 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan 26.06.21-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 05 may 2022-ci il tarixdə lizing obyekti-"xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Etibarnamələrin surətindən məlum olur ki, 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsi əsasında lizingə verilmiş, "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarnamələr verilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh İddiaçı MMC-nə müraciət edərək, X4 adını etibar edilən şəxslərin siyahısına əlavə etməklə ona "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən məlum olur ki, 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsi əsasında lizingə verilmiş, "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 20/1 mənzil 4 ünvnında qeydiyyatda olan X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarnamə verilib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq müqaviləsi” üzrə İddiaçı MMC-nə olan borcu 14 sentyabr 2022-ci il tarixə 470.83 manat əsas, 404.97 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 281.95 manat cərimə, ümumilikdə 1157.75 manat təşkil edir. İş materiallarına olan 12 dekabr 2022-ci il tarixli xəbərnamədən görünür ki, Cavabdeh 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq müqaviləsi” üzrə İddiaçı MMC-nə olan 1157.75 manat borcun və dəymiş zərərin ödənilmədiyi halda, borcun ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 05 may 2022-ci il tarixli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə üzrə avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli etibarnamələrlə avtomobili idarə etmək səlahiyyəti verilmiş, lakin sonradan İddiaçı MMC Cavabdeh ərizəsinə əsasən avtomobili xx.xx.2022-ci il tarixində idarə etmək səlahiyyətini başqa şəxsə, yəni X6 vermiş və həmin avtomobil xx.xx.2022-ci il tarixdən X4 müvəqqəti sahiblik və istifadəsinə keçmişdir. Bununla belə İddiaçı MMC 12 dekabr 2022-ci ildə Cavabdeh 05 may 2022-ci il tarixli lizinq müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmiş və məhkəmənin sorğusu əsasında təqdim olunmuş cavab məktubunda tarixi qeyd olunmadan qeyd edilən müqavilənin birtərəfli qaydada ləğv edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 699.4-cü maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən İddiaçı MMC avtomobili xx.xx.2022-ci il tarixində idarə etmək üçün MMC-nin təşəbbüsü əsasında üçüncü şəxs X6 verdiyi vaxtdan K.Vəlizadənin hüquq və iddiası ilə yüklü edilməklə həyata keçirilməsi nəticəsində Cavabdeh müqaviləyə uyğun istifadədən məhrum olmuş, bununla da lizinqə verilən əşya üzrə hüquq üçüncü şəxs X2 andan o Cavabdeh əvəz edərək lizinq hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuşdur. K.Vəlizadənin öz öhdəliklərini yerinə yetirməməsi ehtimalı ilə əvəzi ödənilməli zərər üçün zamin kimi Cavabdeh məsuliyyəti isə Azərmaş” MMC-ə bu barədə məlum olmasından altı aylıq müddət iddia qaldırılan tarixə artıq keçmiş olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarına əsasən sahibkarlıqla məşğul olmayan fiziki şəxsin lizinq münasibətinin iştirakçısı olduğu halda hər hansı sui-istifadələrin qarşısını almaq məqsədilə qanunvericilik və ya nəzarət orqanları tərəfindən xüsusi qaydaların müəyyən olunması məqsədəuyğun olar. Xüsusilə lizinq şirkətləri maliyyə bazarının peşəkar iştirakçısı olduğundan, bu növ lizinq münasibətlərində onlara daha yüksək vicdanlılıq və ehtiyatlılıq standartları tətbiq oluna bilər. İstehlakçı ilə müqayisədə daha peşəkar biliyə və imkanlara malik olan lizinq şirkəti tərəfindən risklərin qiymətləndirilməsi və mümkün nəticələr barədə istehlakçının məlumatlandırılması lizinq şirkətinin ağlabatan dərəcədə ehtiyatlılığının göstəricisi ola bilər. Maliyyə bazarının peşəkar iştirakçısı kimi İddiaçı MMC xx.xx.2022-ci il tarixdə lizinq obyektini öz təşəbbüsü ilə üçüncü şəxsə verməklə sahibkarlıqla məşğul olmayan fiziki şəxs kimi lizinq münasibətinin iştirakçısı Cavabdeh lizinq müqaviləsini birtərəfli qaydada ləğv ediləcəyini 12 dekabr 2022-ci ildə bildirməkdə və müqavilənin ləğvini 6 ay sonra birtərəfli qaydada ləğv etməkdə haqlı olmamışdır. İddiaçı MMC müqavilənin ləğvini həyata keçirmək üçün kifayət qədər müddətə malik olsa da, bu hüququndan sui-istifadə etməsi halında İddiaçı MMC-ə münasibətdə daha yüksək vicdanlılıq və ehtiyatlılıq standartları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2: Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqda sui-istifadədir. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndi lizinq obyektinin qaytarılmasını lizinq müaviləsinin ləğvinin nəticəsi kimi şərtləndirmişdir. Beləliklə də, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 31.58 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinə görə ödənilmiş 31.58 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar