Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-638/2025 20.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı aktın və həmin akta əsasən tərtib olunmuş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun **********00880 saylı abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Əlibəyqışlaq kəndi ərazisində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi JN-208F Kod 30311038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən anası X2 məxsusdur. X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsində ananın sağlığında fərdi yaşayış evi tikərək ailəsiylə birgə yaşayır. Onunla "xxxx" ASC arasında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirik və istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Qeyd edir ki, Cavabdeh ASC ilə qazın alqı-satqısına dair müqavilə onunla bağlansa da, sayğac anasının adında qalmışdır. 08 dekabr 2020-ci il tarixdə "xxxx" İB-nın əməkdaşları yaşadığı yaşayış evinə gələrək, yaşayış evinə quraşdırılmış “Elster” tipli, G4 markalı, 458661 nömrəli sayğacını çıxararaq, yenisi ilə yəni “Zenner” tipli, G4 markalı qaz sayğacı ilə əvəzləşdirirlər. Yaşayış evinə borc barədə qəbz gələrkən məlum olmuşdu ki, 216 manat məbləğində cərimə olunmuşdur. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt və dəymiş ziyanın bərpasına dair tələbnaməni ona təqdim etmişdilər. Həmin aktla tanış olduqda ona məlum olmuşdu ki, xx.xx.2021-ci il tarixli ******* saylı aktda Cavabdeh İB-nın əməkdaşlarının çıxardığı Elster tipli, G4 markalı qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsinin aşkar olunduğu qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2021-ci il tarixli tələbnamə tərtib olunaraq 216 manat cərimə borcu hesablanmışdır. Aktda onun adının qarşısında imtina edildiyi qeyd edilmişdir. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır.Həmin borcla razılaşmır. Qeyd etmək istəyir ki, həmin sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Sayğaca hər hansı bir müdaxiləni etməyi qeyri mümkündür. O, istifadə etdiyi qazın dəyərini vaxtlı vaxtında ödəyir. Qaz borcum olmadığı halda onun qaz sayğacına müdaxilə etməyinə heç bir əsas yoxdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan göründüyü kimi, sayğaca baxış keçirilən zaman sayğacın çıxış plasmas borusu deşilib qeyydi aparılmışdır. İş materiallarında olan AZ-İ 737337 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 289xx-xx.2021 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 29 yanvar 2021-ci il tarixli təlabnamənin surətindən görünür ki, Ümhanı Sərkərovanın adına olan **********00880 saylı abonent kodu üzrə 2160 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən yaşayış evinə aid 2**********00880 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 2021-ci ilin dekabr ayına 216 (iki yüz on altı) manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 216 (iki yüz on altı) manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış xx.xx.2021ci il tarixli ******* nömrəli akt əsasında 216 (iki yüz on altı) manat 2**********00880 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 yanvar 2021-ci tarixli 2**********00880 saylı abonent kodu ilə bağlı tələbnaməsləri ləğv edilsin və itirilmiş qazın bərpası üçün xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğ 2**********00880 kodlu abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-638/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-638/2025
20.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver