Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-686/2023 07.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli № ******* saylı aktının və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 1036.80 (min otuz altı manat, 80 qəpik) manat məbləğində borcun mənim **********00430 saylı abonent hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu Rustov kəndində qeydiyyatdadır və Rusiya Federasiyasında yaşayır. O, 3-4 ildən bir çox qısa müddət ərzində Quba rayonu Rustov kəndində özünə məxsus evdə qalır. Cavabdeh əməkdaşları xx.xx.2022-ci il tarixində ona məxsus ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsi zamanı o, və ya ailə üzvləri orada olmayıb. Onun məlumatı olmadan sayğac dəyişilib. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 30 noyabr 2022ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralandığı qeyd olunmuşdur. O, və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. O, bildirmişdir ki, qazdan çox az istifadə edir. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 1036.80 (min otuz altı manat, 80 qəpik) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etmişlər. O, həmin cərimə borcu ilə razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1036.80 (min otuz altı manat, 80 qəpik) manat cərimə borcu onun **********00430 saylı abonent hesabından silinməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, 10332628 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanmış və istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı qızının 2022-ci il üzrə 1036,80 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı qızı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanmış və istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1036,80 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1036,80 manat məbləğində borc iddiaçının **********00430 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı qızının **********00430 saylı abonent hesabına hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-686/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-686/2023
07.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver