Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-693/2024 26.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı cavabdeh Quba Regional «Asan Xidmət» mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Quba Regional «Asan Xidmət» mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə əməl olunmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Quba Regional «Asan Xidmət» mərkəzinin notariusunun vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina barədə 23 oktyabr 2023-cü il tarixli məktubuna istinad etməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilən məktubda Quba Regional «Asan Xidmət» mərkəzinin notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətinin ötürülməsi və qohumluq münasibətinin təsdiq edə bilinməməsi əsas ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əssən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və iddia ərizəsi məhkəməyə 24 ynvar 2024-cü il tarixdə daxil olduğundan, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina əsasları yenidən yoxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa, imtina məktubunda qeyd edildiyi kimi, vərəsəlik şəhadətnaməsinin verilməsindən həmçinin qohumluq münasibətinin təsdiq edə bilinməməsi əsası ilə imtina etmişdir. İddiaçı tələbində qohumluq münasibətinin təsdiq edilməsini qeyd etməsə də, ərizəsinin təsviriəsaslandırıcı hissəsində öz doğum şəhadətnaməsində, anasının doğum şəhadətnaməsində və anasının ölümü barədə şəhadətnamədə ad və soyadların fərqli olmasını bildirmiş və tələbində vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Quba Regional «Asan Xidmət» mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (əməliyyat İD:380176956, ödənişin təyinatı: Quba Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı, GPP qəbz nömrəsi **********) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-693/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-693/2024
26.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver