Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-706/2021 18.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş borc bildiriş əsasında 09 fevral 2021-ci il tarixli, borc bildirişin etibarsız hesab edilməsi, qanunsuz və əsassız hesablanmış 434 (dörd yüz otuz dörd) manat 60 qəpik məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, yaşadığı Quba rayon Küsnətqazma kəndindəki evinin qaz sayğacı təxminən 15 il bundan əvvəl quraşdırılıb. 2021 ci ildə evinin qaz sayğacını dəyişiblər ki, sayğacın istismar müddəti bitib. Quba rayon Azərqaz idarəsinin işçiləri qaz sayğacın dəyişiblər, lakin sonradan bəlli olub ki, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu olunması borcu onun üzərinə yazaraq borc bildirişi verilib. Yəni qaz sayğacının dəyişilməsinə görə ödənilməli olan dövlət rüsumu abunəçinin üzərinə yazılıb. O Quba rayon Azərqaz idarəsinə bildirsə də Cavabdeh idarəsi öz bildikləri kimi hərəkət edərək, onun etirazına məhəl qoymayıblar. Bu səbəbdən Məhkəməyə müraciət etmək qərarına gəlib. "Cavabdeh" İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşları tərəfindən istifadə edilən qaz sərfini bildirən bildiriş evinə təqdim ediləndə bəlli olub ki, həmin ünvana 454,90 manat dəyərində borc yazılıb. Sənədləri araşdırdığı zaman bəlli olub ki, onun üçün 9 fevral 2021-ci il tarixli qazdan istifadə qaydalarının pozulması haqqında əlavə borc tərtib olunmuşdur. Həmin bildiriş “sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir” qeydi aparmışdırlar. Hər ay Cavabdeh əməkdaşı (qaz paylayıcınm əməkdaşı olan “nəzarətçilər”) sayğaca baxış keçirərək sayğac üzərində olan hesablama mexanizimində qeyd olunan hesabat əsasında ona bildiriş təqdim ediblər və onlar bu qüsuru görməli idilər. Sonuncu dəfə sayğacı dəyişəndə sayğac müddəti bitdiyi üçün dəyişilən sayğacın qiymətindən dəfələrlə baha borc kimi yazıblar. Göstərilənləri nəzərə alaraq, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş borc bildiriş əsasında 09 fevral 2021-ci il tarixli, borc bildirişin etibarsız hesab edilməsi və qanunsuz və əsassız hesablanmış 434 (dörd yüz otuz dörd) manat 60 qəpik məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh nümayəndəsi X1 məhkəmədə iştirak edən zaman iddia tələbinə etirazını bildirmişdir və qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-4 markalı ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar ******* saylı müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik götürmüşdür.Yuxarıda qeyd edilən sayğac abonentin həyətində qapalı yerdə quraşdırılmışdır, buna görə də kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyildir. Həmin sayğaca abonent X4 oiğlunun iştirakı ilə 03.10.2019-cu il tarixdə Xaçmaz RQİİ-nin Quba rayonu üzrə qaz sayğaclarının qəbulu və istismarı xidmətinin işçiləri tərəfindən baxış keçirilmiş və sayğacın plastmas qapağının üst tərəfində əziy və çat olduğuna görə xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə ******* saylı 03.10.2019-cu il tarixli akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. ******* №-li sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilmiş, akt tərtib edilmiş“ və aktda qeyd edilmişdir ki, ******* №-li qaz sayğacının çıxış plastmas qapağı yan tərəfdən əzilmiş, daxılı qulaqcıqlarda əzik-cızıq izləri müəyyən edilmişdir. İddiaçı barədə həmin akta uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3780 m3 və ya 378 manat məbləğində qaz itkisi hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh nümayəndəsi X1 iddianın təmin edilməməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib,məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Qəçrəş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.02.2021-ci il tarixli 78 saylı arayışdan və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Quba rayonu Küsnətqazma kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba rayonu Küsnətqazma kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3780 m3 həcmində qaz itkisi hesablanmışdır İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hHüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Quba rayonu Küsnətqazma kəndində 0.06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu Küsnətqazma kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu Küsnətqazma kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-706/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-706/2021
18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver