Məhkəmə qərarları › İş №2(027)-716/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-716/2025

15.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-716/2025 15.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, Ərizəçi İddiaçı üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2004-ci il tarixində vəfat etmiş anası X14 miras qalmış Quba rayonu, İqrıq kəndində yerləşən JN-014F, KOD 30304038 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən 0, 21 ha , JN-0141 KOD 30312018 nömrəli “Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” yə əsasən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində onun vərəsəlik hüququnun müəyyən edilməsi və mirasın ötürülmüş qəbul etmə müddətinin müddətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə Quba rayonu İqriq kəndində anadan olmuş, X3, anası X20r. xx.xx.1996-cı il tarixdə atası, xx.xx.2004-ci il tarixdə isə anası vəfat etmişdir. Anası T.Əzizovadan Quba rayon İqriq kəndidə yerləşən JN-014F Kod 30304038 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” görə 0,21 ha və JN-014G Kod 30304038 saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”yə əsasən 0,04 ha həyətyanı torpaq sahələri miras qalmışdır. O, bir vərəsə kimi anası T.Əzizovadan miras qalmış əmlaklara vərəsəlik hüquququnun müəyyən etmək üçün hüquqmüəyyənedici sənədləri toplayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsndə qeyd edilən təşkilat özünün xx.xx.2024-cü il tarixli məktubu ilə mirasın qəbul etmə müddətini ötürməməyi və mirasa faktiki sahiblik etməyi barədə subutlar təqdim etməyini əsas gətirərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də pozulmuş hüquqlarımın bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan АЗ 704637 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. X3, anası X20r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 avqust 1996-cı ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 20 fevral 2004-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X7, X10 və X1 notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, X14 miras qalmış əmlaklarından imtina etmişlər və vərəsəlik hüquqlarının rəsmiləşdirilməsini istəmədiklərini bildirmişlər. İş materiallarında olan JN-014G, KOD30304038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayonu AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarına əsasən Quba rayonu, İqrıq kəndində yerləşən 0.04 ha torpaq sahəsi X18 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-014F, KOD30304038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayonu AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarına əsasən Quba rayonu, İqrıq kəndində yerləşən 0.21 ha torpaq sahəsi X18 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəlləni 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan mərhum X25 vəfatından sonra miras əmlakı oğlu İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr X7, X10 və X1 miras əmlakından imtina etdiklərini notarial qaydada təsdiq olunmuş ərizələrlə ifadə etmişlər. Miras əmlak hazırda yalnız vərəsə İddiaçı tərəfindən qəbul edilməklə idarə olunur. tələbin əsası kimi istinad olunan hallara dair müvafiq sübutlar məhkəməyə təqdim edilmiş və mirasın faktiki qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 miras qalmış JN-014F, KOD 30304038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə əsasən Quba rayonu, İqrıq kəndində yerləşən 0,21 ha torpaq sahəsinə və JN- 0141G, KOD 30304038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu, İqrıq kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ müəyyən edilsin və həmin əmlakın İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar