Məhkəmə qərarları › İş №2(027)-784/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-784/2023

06.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-784/2023 06.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 mart 2021-ci il tarixli tələbnamənin (qərarın) ləğv edilməsi, həmin tələbnamə (qərar) əsasında onun abonent hesabına yazılmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi, 20 manat məbləğində mediasiya xidmət haqqı və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 40 manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayır. 17 iyul 2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə yaxınlaşaraq Elster tipli, G4 markalı, ******* nömrəli qaz sayğacını çıxardaraq, əvəzinə Zenner tipli, G4 markalı, 10032805 nömrəli qaz sayğacını quraşdırmışlar. Bundan sonra onun adına 26 fevral 2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qapısının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Onun qeyd edilən aktdan xəbəri olmamışdır. Həmin akt əsasında 30 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək ona 216 manat məbləğində borc hesablanmışdır. O, Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdikləri akt, tələbnamə və ona hesablanmış borc məbləği ilə razılaşmır. Belə ki, onun fərdi yaşayış evinə qaz sayğacı küçədə quraşdırılmış, o həmin sayğaca heç vaxt müdaxilə etməmiş və başqalarının müdaxilə etməsini də görməmişdir. Qaz sayğacının çıxarılıb aparılan zaman üzərində heç bir zədə olmamışdır. O, fiziki şəxs olduğu üçün həmin qaz sayğacının işlək vəziyyətdə saxlanması öhdəliyi ona yox, Cavabdeh İB-yə aiddir. Sayğac yoxlamaya aparılarkən onun yoxlamada iştirak etmək hüququ olsa da, bununla bağlı ona hər hansı məlumat verilməmiş və qaz sayğacının yoxlanmasında onun iştirakı təmin edilməmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediator tərəfindən ona xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-00016 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair arayış verilmişdir və o, xidmət haqqı kimi 20 manat məbləğində pul ödəmişdir. Hal-hazırda aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********6 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X3 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-01024-1 saylı rəyinə əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının qapısının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. -X1 30 mart 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 (2160 m3 x 0,10=216 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2021-ci il tarixli, ******* saylı akt olmuşdur; **********05510 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 216 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Qusar Rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027- 2023-00016 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair arayışa əsasən İddiaçı mediasiyaya müraciət etmiş, lakin Cavabdeh İB-nin nümayəndəsi isə mediasiyada iştirak etməmişdir və qəbzdən göründüyü kimi İddiaçı 20 manat ödəniş etmişdir. Quba Rayon İstiqlal Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli, 86 nömrəli hüquqi yardımın göstərilməsi barədə müqaviləsinə əsasən İddiaçı həmin vəkil bürosunun vəkili X2 tərəfindən hüquqi yardım göstərilmiş və qəbzdən də göründüyü kimi İddiaçı hüquqi yardıma görə 40 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbədənkənar dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 216 (iki yüz on altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı abonent hesabından silinməli, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 40 manat və mediasiyaya müraciət olunmasına görə ödənilmiş 20 manat məbləğində pul vəsaiti "Azəriqaz" İB-dən tutularaq İddiaçı verilməli dir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, onun əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı **********05510 saylı abonent hesabından silinsin. Hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 40 manat və mediasiyaya müraciət olunmasına görə ödənilmiş 20 manat məbləğində pul vəsaiti "Azəriqaz" İB-dən tutularaq İddiaçı verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar