Məhkəmə qərarları › İş №2(027)-802/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-802/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-802/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 25 oktyabr 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 31 oktyabr 2022-ci il tarixli X1 dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Azəriqaz İB-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Quba rayonu Vladimirovka kəndində yaşayır. 2022-ci ilin iyun ayında yaşadığı fərdi yaşayış evini təbii qazla təmin edən və küçədə yerləşdirilən qaz sayğacının ekranında ona məlum olmayan səbəblərdən çat düşdüyünü gördüyü üçün dərhal cavabdeh təşkilata bu barədə məlumat vermiş və cavabdeh təşkilatın əməkdaşı da gələrək həmin çatın olmasının özləri də şahidi olmuşdur. Bundan sonra Azəriqaz istehsalat Birliyinin əməkdaşları 30 iyun 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə gələrək qaz sayğacına baxış keçirmiş, Natek tipli G4 markalı, 40080644 nömrəli sayğacı çıxardaraq, əvəzinə **********8 nömrəli qaz sayğacını quraşdırmışlar. Bundan sonra onun adına 25 oktyabr 2022-ci il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Həmin akta əsasən 40080644 saylı sayğaca baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması, istismara yararsız olması və dəymiş ziyanın hesablanması ödənilməsi qeyd edilmişdir. O, həmin aktla razılaşmadığı üçün həmin aktı imzalamaqdan imtina etmişdir. Lakin buna baxmayaraq həmin akt əsasında 31 oktyabr 2022-ci il tarixli X1 Dair Tələbnamə tərtib edilərək ona 1036,80 manat məbləğində borc hesablanmışdır. O, Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdikləri akt, tələbnamə və ona hesablanmış borc məbləği ilə razılaşmır. Belə ki, onun fərdi yaşayış evinə qaz sayğacı küçədə quraşdırılmış, o, həmin sayğaca heç vaxt müdaxilə etməmiş və başqalarının müdaxilə etməsini də görməmişdir. O, fiziki şəxs olduğu üçün həmin qaz sayğacının işlək vəziyyətdə saxlanması öhdəliyi ona yox, “Azəriqaz İB-yə aiddir. Sayğac yoxlamaya aparılarkən onun yoxlamada iştirak etmək hüququ olsa da, bununla bağlı ona hər hansı məlumat verilməmiş və qaz sayğacının yoxlanmasında onun iştirakı təmin edilməmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, 40080644 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qoruyucu qapağı sınmış, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkündür və istismara yararsızdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X1 dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 8640 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 1036,80 manat məbləğində qalıq borcu vardır Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarında qeyd olunmuşdur ki, 40080644 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qoruyucu qapağı sınmış, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkündür və istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1036,80 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən ******* saylı akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc iddiaçının **********03500 saylı abonent hesabından silinməlidir. İddiaçının hüquqi yardımla bağlı ödədiyi 50 manat məbləğ özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********03500 saylı abonent hesabına hesablanmış 1036,80 manat məbləğində borc pul onun abonent hesabından silinsin. İddiaçının hüquqi yardımla bağlı ödədiyi 50 manat məbləğ özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar