Məhkəmə qərarları › İş №2(027)-818/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-818/2024

22.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-818/2024 22.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı üçüncü şəxs Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin və Reyestr çıxarışının ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisindən Cavabdeh adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun qardaşıdır. O, 18 dekabr 1997- ci il tarixdə el adəti üzrə Quba rayonu, Nügədi kənd sakini Cavabdeh ilə ailə qurmuş, lakin aralarında rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları müddətdə onların övladı olmamışdır. Qardaşı xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X8 Quba RAİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə 0.39 ha torpaq sahəsi verilmiş və adına JN-367 kod 30319018 saylı Dövlət Aktı tərtib edilmişdir. Ələkbər Qasımov vəfat etdikdən sonra Cavabdeh Ə.Qasımovla aralarında rəsmi nikah olmadığından, qeyd olunan torpaq sahəsini əldə etmək üçün Quba rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ər-arvad-qohumluq münasibətində olma faktının müəyyən olunmasını xahiş etmiş, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1583/2022 saylı qətnaməsi ilə Cavabdeh X7 ilə ar-arvad-qohumluq münasibətində olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra bildiyinə görə Cavabdeh Quba Regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət edərək X3 yeganə vərəsəsi kimi Vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında yuxarıda qeyd olunan torpaq sahəsinə dair Ələkbər Qasımovun vərəsəsi kimi öz adına Çıxarış almışdır. Bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-2075/2023 saylı qərardadı ilə apelyasiya şikayətim əsasında Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1583/2022 saylı qətnaməsi ləğv olunmuşdur. Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 3544 saylı məktubundan görünür ki, İddiaçı və X4 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi sırasına daxildir. Qeyd edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarili 2(027)-1583/2022 saylı qətnaməsi ləğv edildiyindən, Cavabdeh X3 vərəsəsi deyildir, onun adına Vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Çıxarış ləğv edilməlidir. Qeyd edir ki, Cavabdeh adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnaməni və Reyestr Çıxarışını əldə edə bilmir. Maddi imkanı olmadığından vəkillə müqavilə bağlaya və aidiyyət orqanlara sorğu verərək həmin sənədləri əldə edə bilmir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə arayış təqdim etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, 18 dekabr 1997-ci il tarixdə el adəti ilə toy məclisi keçirilməklə X7 ailə qurmuş və nikahdan övladları olmamışdır. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə birgə təsərrüfat kimi 0.39 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Torpağa mülkiyyət hüququna dair" JN-367 kod 30319018 nömrəli Dövlət Aktı ilə onlar torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən torpaq sahəsindən istifadə edərək birgə sahiblik etmişlər. Həyat yoldaşı X7 xx.xx.2005-ci il tarixdə komaya düşərək vəfat etmişdir. Hesab edir ki, həmin əsaslarla, iddia ərizəsi mümkün hesab edilə bilməz və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 1583/2022 saylı qətnaməsiylə, Ərizəçi Cavabdeh maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinə qarşı “qohumluq faktının müəyyən edilməsinə" dair ərizə Cavabdeh X7 ilə ər-arvad-qohumluq münasibətində olması faktı müəyyən edilimişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)- 2075/2023 saylı qərardadı ilə ərizəçi Cavabdeh (maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsi) “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 16 avqust 2022cü il tarixli, 2(027)-1583/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli 2(027)-1583/2022 sayiı qətnaməsi ləğv olunmuş; Ərizəçi Cavabdeh qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-367 KOD 30319018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.39 ha torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakini X7 və Cavabdeh mülkiyyətinə verilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-682F KOD 30319018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 06 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.07 ha torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakini X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 153391 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Notariusu tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 çatan hissədən tam pay almalıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, X7 barəsində nikah haqqında akt qeydi və ailə üzvləri barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 372 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********4 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.2499 ha kənd təsərrüfatı torpağı tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 372 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba regional Quba rayonu, İ Nügədi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan göründüyü kimi, X7 xx.xx.1958-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, xx.xx.2005-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Vərəsələri qardaşı-İddiaçı və bacısı- X1r. X3 dəfn xərclərini qardaşı İddiaçı çəkmişdir. İş materiallarına əlavə olunan Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinini notariusu tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə verilmiş məlumatda qeyd olunur ki, Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 532 nömrəli arayışa əsasən İddiaçı və X4 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi sırasına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5 və Cavabdeh ümumi birgə mülkiyyətinə 0.39 ha torpaq sahəsi verilmişdir, X3 vəfatından sonra Cavabdeh qohumluq faktını Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli 2(027)-1583/2022 sayiı qətnaməsilə təsdiq etdirmiş və bu əsasla ona X3 vərəsəsi kimi 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 düşən hissəsini qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında öz mülkiyyətinə qəbul etmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib olunaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, Cavabdeh ilə X3 rəsmi nikahları olmamışdır . İddiaçı apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-2075/2023 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli 2(027)- 1583/2022 sayiı qətnaməsi ləğv olunmuş və ərizəçi Cavabdeh qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Hazırki tələblə İddiaçı qardaşı X2 qalmış miras əmlak olan həmin torpağa vərəsəlik əsasında hüquqlarının olmasını iddia edir. Vərəsələr İddiaçı və Cavabdeh arasında miras əmlakla bağlı mübahisə mövcuddur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Cavabdeh ilə X3 nikahları dövlət qeydiyyatına alınmadığından və qohumluq faktı barədə qətnamə ləğv olunduğundan, Cavabdeh X3 vərəsəsi kimi müəyyən oluna bilməz. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olmadığından, Cavabdeh adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində iddia əsaslı olmaqla təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”də 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 çatan hissəsi üzrə verilməsi qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətdə olmuş və həmin əmlaka dair paylar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə də, 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzrə payları bərabər sayılmaqla torpağın 1/2 hissəsi miras aktivi kimi qəbul edilməklə çıxarışın ləğvi məhz həmin hissədə əsaslı hesab edilməklə iddia bu hissədə qismən təmin edilməlidir. Beləliklə, Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 çatan hissəsilə bağlı Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” etibarsız hesab edilməli və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********4 reyestr nömrəli çıxarışlar “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Cavabdeh verilmiş hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası МPМ-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 məxsus ½ hissəsinə dair Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” etibarsız hesab edilsin. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********4 reyestr nömrəli çıxarışlar həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Cavabdeh verilmiş hissədə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar