Məhkəmə qərarları › İş №2(027)-824/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-824/2024

16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-824/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi və hesablanmış 1329 manat məbləğində ziyanın onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, akt əsasında hesablanmış 2073,60 manat ziyan məbləğinin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən 83 saylı mənzildən kənarda quraşdırılmışdır. 25 iyun 2023-cü il tarixdə “Azəriqaz” X2 rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və 2073,60 manat borc hesablanmışdır. Bildirmişdir ki, o, heç zaman qaz sayğacına müdaxilə etməmişdir. 2073,60 manat borcun yaranmasında və sayğacın istismara yararsız olmasında onun təqsiri yoxdur. Həmin borc əsassız olduğundan abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sayğac küçədə yerləşir, sayğac açıq vəziyyətdədir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən kənar xətdən istifadə edilməsi video görüntü ilə qeydə alınmışdır. (həmin görüntü CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir) Ona görə də iddianı təmin edilməməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, ünvan 1ində yaşayan İddiaçı “Azəriqaz” İstehsal Birliyinə qarşı “Azəriqaz İB-nin Xaçmaz RQİİ tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komisiyanın qərarının və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yazılmış cəmi 2073,60 manat pulun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, cavabdeh “Azəriqaz” İB-yi tərəfindən tərtib edilmiş akta istinadən ünvan 1i ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə əsasız yazılmış 2073,60 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən abonent İddiaçı ünvan 2i ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində quraşdırılmış G-4 markalı **********9 nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuş və sayğacın videosu çəkilmişdir. Video çəkilişdən tam aydın şəkildə görünür ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir (disk etiraza əlavə edilir). xx.xx.2023cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və abonent İddiaçı heç bir etiraz bildirmədən akta imza etmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ona məxsus qaz sayğacına müdaxiləsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun 28 iyun 2022-ci il tarixli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəoiunması üzrə” təlimata uyğun hesablanmış və itirilmiş qazın bərpası tələbi ilə ona 2073,60 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərədən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Barlı kəndində yerləşən 83 saylı mənzildə İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi qeyd edilmişdir. -X1 25 iyun 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Barlı kəndində yerləşən 83 saylı mənzildə quraşdırılmış sayğacda hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 17280 m3 (4 x 24x 180=17280 m3) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********00830 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı mütəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 2073,60 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 2073,60 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 2073,60 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 2073,60 manat məbləğində borc İddiaçı **********00830 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 2073,60 manat məbləğində borc İddiaçı **********00830 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar