Məhkəmə qərarları › İş №2(027)-831/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-831/2022

12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-831/2022 12.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 noyabr 2021-ci il tarixli, № ******* saylı Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021 -ci il tarixli tələbnaməyə əsasən hesablanmış 432 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mərhum atası X3 məxsus yaşayış evində ailəliklə yaşayırlar. Qaz paylayıcısı olan Cavabdeh ilə atası Zakir Ramazanov arasında bağlanmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi, onlar da hər ay istifadə etdikləri qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyirlər. Cavabdeh əməkdaşları 19 oktyabr 2021-ci il tarixdə yaşayış evlərinə quraşdırılmış qaz sayğacını xəbəri olmadan çıxararaq yeni sayğac ilə əvəzləşdirmişlər. Bundan sonra Cavabdeh əməkdaşları xəbəri və iştirakı olmadan yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması barədə 17 noyabr 2021- ci il tarixli, № ******* saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən 30 noyabr 2021-ci il tarixli tələbnamə tərtib olunmuş və 432 manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. İstifadə etdikləri qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəmiş, hazırda da qaz borcunu mütəmadi ödəyir. Ziyan aktının tərtib olunmasından sonradan xəbəri olmuş və sayğaca dəymiş ziyan olaraq hesablanmış 432 manat borcun qanunsuz hesablanması barədə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. O, həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Onların sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Cavabdeh Xaçmaz X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 432 manat məbləğində borc abonent hesabından silinməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 4320 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, X1 2021-ci il üzrə 432 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Onun atası X4r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13.10.2021-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X1 mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 03.02.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 13.10.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsidir. Müəyyən olunmuşdur ki, İddiaçı mərhum atası X6 təbii qaz abonenti kimi qeydiyyatdadır. X6 13.10.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X1 vərəsəsidir. X6 vəfatından sonra iddiaçı atasının mülkiyyətində olan mənzildə yaşamağa davam edirlər. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 17.11.2021-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.11.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********00400 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 **********00400 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar