Məhkəmə qərarları › İş №2(027)-846/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-846/2023

01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-846/2023 01.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba XS-nın TQQ və SX-nin əməkdaşları tərəfindən iştirakı olmadan oxunması qeyrimümükn, səbəbi məlum olmayan ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 1047.60 manat məbləğinə uyğun kub metr ziyan məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba şəhəri 32- 33-cü məhəllə ünvanında yerləşən evdə yaşayır. Həmin ünvanda yerləşən ev onun mülkiyyətindədir. Fərdi istehlakçı kimi o, Cavabdeh Xaçmaz X3 İdarəsinin X4 Sahəsi ilə bağlanılan müqaviləyə əsasən Quba şəhəri 32-33-cü məhəllə ünvanında yerləşən evində qazdan istifadə edir. Bir ay əvvəl istifadə etdiyi qaz sayğacının müdaxiləsi ilə əlaqədar qaz nəzarətçisi ona məlumat vermişdir. O, məsələni araşdırmaq məqsədilə X5 Sahəsinə getmişdir . Abonenet saldasunu tələb edib tanış olduqda məlum olmuşdur ki, qalıq aktlar qrafasında 1047.60 manat məbləğində borc barədə akt tərtib edilmişdir. Barəsində tərtib edilən aktın verilməsi üçün müraciət etdikdə hələ aktın hazır olmadığı bildirilmişdir. İki gündən sonra yenidən müraciət etdikdə ona oxunması mümkün olmayan ******* nömrəli akt təqdim olunmuşdur. Təqdim edilən aktın oxunmadığını bildirsədə oxunması mümkün olan aktın surəti verilməmişdir. X4 Sahəsinin əməkdaşları tərəfindən iştirakı olmadan ******* nömrəli ona təqdim edilən oxunması mümkün olmayan akt tərtib edilmişdir. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılıb sayğacın bütövlüyü, plombları yoxlanılıb, qaz sərfiyyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verilmişdir. X4 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacın üzərindəki plombun əzilməsi və yaxud hər hansı müdaxilə barədə heç bir irad bildirilməmişdir, o, da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında hər ay sərf edilən qazın pulunu ödəmişdir. Lakin X4 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında akt tərtib etmişlər. Bundan başqa sayğac örtüksüz vəziyyətində onun nəzarət edə bilmədiyi evindən aralıda quraşdırılmışdır. Həmin sayğac X4 Sahəsi əməkdaşları tərəfindən qaydalara zidd quraşdırılmışdır, həm də sayğacın üzəri X4 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********1 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin plastmas qapağının sol tərəfi əzilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 1047.60 manat məbləğində qalıq borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarında qeyd olunmuşdur ki, **********1 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin plastmas qapağının sol tərəfi əzilmişdir. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1047.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1047.60 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın hesab etibarsız edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən ******* saylı akt əsasında hesablanmış 1047.60 manat məbləğində borc iddiaçının **********03190 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********03190 saylı abonent hesabına ******* saylı akt əsasında hesablanmış 1047.60 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar