Məhkəmə qərarları › İş №2(027)-85/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-85/2022

28.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-85/2022 28.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29 yanvar 2018-ci il tarixli aktın və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 29 yanvar 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat borcun silinməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, Cavabdehnə qarşı iddia ərizəsilə müraiət edərək, qeyd etmişdi ki, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 29 yanvar 2018-ci il tarixli №0133154 saylı Akt və həmin Akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 29 yanvar 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun onun **********02140 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin mexaniki səhv olaraq ərizənin təsviri hissəsində borc məbləği 164,70 manat, nəticə hissəsində isə 216 manat borc qeyd edilmişdir. Abonent saldosunu əldə edərkən ona məlum olmuşdur ki, cərimə 329,40 manatdır. Bü üzdən Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 29 yanvar 2018-ci il tarixli №0133154 saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 29 yanvar 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 329,40 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi ona məxsusdur və ailəsilə birlikdə həmin yaşayış evində yaşayır. Qaz paylayıcısı olan Cavabdeh ilə fiziki şəxs olan istehlakçı-İddiaçı arasında bağlanmış qazın alqısatqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Bildirir ki, Cavabdeh əməkdaşları 23 noyabr 2017-ci il tarixdə yaşayış evinə quraşdırılmış qaz sayğacının istismar müddətinin bitdiyini bildirərək, əvəzinə yeni sayğac quraşdırıblar. Bu barədə 23 noyabr 2017-ci il tarixli №3044169 saylı AKT tərtib ediblər. Yeni quraşdırılmış qaz sayğacı üzrə də borcunu vaxtlı-vaxtında ödəyib. Cavabdeh əməkdaşları 29 yanvar 2018-ci il tarixdə onun xəbəri və iştirakı olmadan yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirərək, 29 yanvar 2018-ci il tarixdə sayğacın plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzilməsi barədə № ******* saylı Akt tərtib etmişlər. Həmin akt tərtib edilərkən istehlakçı kimi onun iştirakı təmin olunmamışdır. Bundan başqa Cavabdeh əməkdaşları oğlu Əlibala Babayevə qeyd olunan aktın qaz sayğacında qüsurun olmaması barədə tərtib olunmuş akt kimi təqdim edərək onun əvəzinə imza etdirmişlər. 29 yanvar 2018-ci il tarixli №0133154 saylı akta əsasən “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 29 yanvar 2018-ci il tarixli tələbnamə tərtib olunmuş və 164,70 manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 164,70 manat borcdan yenicə xəbəri olmuş, bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət edib. Ona həmin Aktın və tələbnamənin əsillərini deyil, surətlərini veriblər. Həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd edir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Qeyd edir ki, belə qanunsuz hərəkətlərə heç vaxt yol verməmiş və Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 29 yanvar 2018-ci il tarixli №0133154 saylı Akt və həmin Akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 29 yanvar 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 329,40 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinin **********02140 saylı abonent hesabına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.01.2018-ci il tarixli, ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən sayğacın plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzilməsi aşkar olunması göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinin **********02140 saylı abonent hesabına itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1647 m3 həcmində qaz itkisi hesablanmışdır İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli 448 nömrəli arayışdan məlum olur li, İddiaçı Əlibaba oğlu Quba rayonu Vladimirovka kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 29 yanvar 2018-ci il tarixli tələbnamə ləğv edilməli və Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinin **********02140 saylı abonent hesabına hesablanmış 329 (üç yüz iyirmi doqquz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinməli, həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 29 yanvar 2018-ci il tarixli tələbnamə ləğv edilsin və Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinin **********02140 saylı abonent hesabına hesablanmış 329 (üç yüz iyirmi doqquz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar