Məhkəmə qərarları › İş №2(027)-857/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-857/2024

12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-857/2024 12.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli, 317723 nömrəli Akt əsasında hesablanmış 621, 32 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ailəliklə Quba rayonu, 1-ci Nügədi kədində yaşayır. 2023-cü ilin Dekabr ayında Cavabdeh ASC-nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri onun yaşadığı evə gələrək məlum olmayan hansısa güya əlavə elektirik xətti aşkarlayaraq onu 621 manat 32 qəpik EİQ pozulması cərimə yazaraq getdilər, onun yaşadığı evin sayğacına yazılan cərimə məbləği ona bildiriş veriləndən sonra bəlli oldu. Cavabdeh ASC-nin X2 1-ci Nügədi kəndi üzrə nəzarətçiləri onun sayğacına baxdıqları və araşdırma apardıqları 2023- cü ilin dekabr ayında heç bir pozuntu aşkar etməyiblər. Bu barədə 317723 nömrəli akt tərtib olundu. Bu barədə o Quba rayon Azərişiq idarəsinə gedib bildirdi ki, ona yazılan cərimə əsassızdır onun yaşadığı evdə heç bir əlavə xət qoşulmayıb o işıqda pozuntu etməmiş, lakin ona 621 manat 32 qəpik cərimə niyə yazmısız, azərişiq idarəsinin əməkdaşları onu illik səyfiyatına baxaraq və yaşadığı evinə baxaraq həqiqətən heç bir pozuntu aşkar olmadığını bildirdilər, sonra ona bildirdilər ki, yazılan cərimə düz deyil bu barədə Məhkəməyə müraciət etməyini bildirdilər. O, Azərişığ əməkdaşları ilə razılaşa bilmədiyini başa düşərək Məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Onun yaşadığı evdə quraşdırılan sayğac çöldə olsada sayğacdan əlavə hec bir xət evinə əlavə edilməyib. Bütün bunlara baxmayaraq heç bir sübutları olmayan "xxxx" ASC- nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri onun yaşadığı evə özlərində şüphə yaradaraq güya evinə əlavə elektirik xətti olmasını sübutsuz öz-özlərinə danışaraq qeyd etdilər. Halbu ki, onun evinə heç bir əlavə (leyvi) elektirik xət qoşulmayıb, bütün illərin sərfıyyatına baxış keçirilsə demək olarki, bu il əvvəlki illərlə eyni sərfiyyatdır. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, iddiaçı X3 iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli R 317723 nömrəli akt əsasında hesablanmış 621.32 manat borcun silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçı X1 "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 24 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus elektrik hesabat sayğacına EEİQ-nin uyğun baxış keçirilərkən məlum oldu ki, fərdi yaşayış evinə sayğacdan kənar 2x4 mm-lik aliminum naqil ilə dayağın boş hissəsindən kənar xətdən istifadə edir. Bu faktla əlaqədar AKT R 317723 saylı akt əsasında 609 manat məbləğində itirilmiş elektrik enerjisinin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarfnın (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndirıə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkaının 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və ın bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gşlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma pandan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. İddiaçı X1 cavabdeh “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli R 317723 nömrəli akt əsasında blanmış 621.32 manat borcun silinməsi tələbinə dair" iddia tələbinin əssasız olduğu iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, sayğac xəttinə müdaxilə etməmişdir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 dekabr 2023 il tarixli, 317723 nömrəli aktdan görünür ki, EEİQ-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğacdan kənar 2 x 4 mm2 alminium naqil ilə dayağın boş hissəsindən kənar xəttdən istifadə edir. Azərişıq» ASC-nin əməkdaşları tərəfindən kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən onun istehlakçı kimi hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşdəki sübutlardan görünür ki, iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq ona 621,32 manat cərimə hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar