Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-860/2021 27.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 02.07.2014-cü il tarixli İpoteka müqaviləsi etibarsız hesab və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 tərəfindən Cavabdeh2 02.07.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 06 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 250.000 manat məbləğində kredit verilmişdir. 11.07.2017-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə razılıq əldə edilmişdir. Kredit müqaviləsi üzrə X2 ilə 02.07.2014-cü ildə Zaminlik müqaviləsi, onun həyat yoldaşı Cavabdeh1 ilə isə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən onun arvadına məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha, 2,527 ha, 2,0216 ha və 1,7689 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. 02.07.2014-cü il tarixli Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış İpoteka müqaviləsi ilə ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olan 29.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsi, 44.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsi, 35.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsi və 31.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin onun bundan yalnız Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsini gördükdən sonra xəbəri olmuşdur. Qanunvericiliyə əsasən sözügedən ipoteka müqaviləsinin bağlanmasına Cavabdeh1 həyat yoldaşı olaraq onun razılığı tələb olunmasına baxmayaraq, arvadı, mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamış və onun razılığı olmadan mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir. Məhz bu səbəbdən cavabdehin mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmək “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tamamilə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulduğundan, həmin hüquqları bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-192/2019 saylı, 28.12.2019-cu il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada Cavabdeh3 xeyrinə 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 217.237,59 (iki yüz on yeddi min iki yüz otuz yeddi manat, əlli doqquz qəpik) manat əsas, 289,65 (iki yüz səksən doqquz manat, altımış beş qəpik) manat faiz və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 217.627,24 (iki yüz on yeddi min altı yüz iyirmi yeddi manat, iyirmi dörd qəpik) manat məbləğində pul tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan 29.000 (iyirmi doqquz min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsinə, 44.000 (qırx dörd min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsinə, 35.000 (otuz beş min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsinə və 31.000 (otuz bir min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsinə yönəldilməsi, əmlaklar açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 həmin əmlaklardan çıxarılması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməsi qərara alınmışdır. İş materiallarında olan 02.07.2014-cü il tarixli Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış İpoteka müqaviləsindən və ipoteka müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan 29.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsi, 44.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsi, 35.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsi və 31.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı, 0436883 №-li RX seriyalı, ******* №-li RX seriyalı və ******* №-li RX seriyalı çıxarışlardan görünür ki, ipoteka predmetini təşkil edən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha, 2,527 ha, 2,0216 ha və 1,7689 ha torpaq sahələrinin ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında 02.07.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh2 Bank tərəfindən 60 ay müddətinə illik 06 faiz dərəcəsi ilə 250.000 manat məbləğində kredit verilmişdir. X2 borcalan Cavabdeh2 müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 isə Cavabdeh3 ilə İpoteka müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün mülkiyyətində olan 29.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsini, 44.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsini, 35.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsini və 31.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Hal-hazırda iddiaçı məhkəmədən Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 02.07.2014-cü il tarixli İpoteka müqaviləsi etibarsız hesab edilsin və ipotekanın dövlət qeydiyyatı ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, iddiaçı Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 02.07.2014-cü il tarixli İpoteka müqaviləsi etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatı ləğv edilməsi üçün heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01.12.2020-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Formal həqiqət prinsipinə əsasən işdə olan sübutlar əsasında məhkəmənin gəldiyi nəticə bundan ibarətdir ki, iddiaçı hökm üzrə Rəcəb Əzizovun ona verməli olduğu pulun hazırki iddianın predmetini təşkil edən daşınmaz əmlakla və həmin əmlak üzərində aparılmış sənədləşmə işləri ilə əlaqəsini, xüsusən də Rəcəb Əzizovdan başqa digər şəxslərin hansı əsaslara görə cavabdeh qismində işə cəlb etdiyini əsaslandıra bilməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.4-ci maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasəm Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Həmin Məcəllənin 269.4, 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-860/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-860/2021
27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver