Məhkəmə qərarları › İş №2(027)-894/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-894/2021

26.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-894/2021 26.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və cavabdeh Quba Bələdiyyəsinin vəkili X2 iştirakı ilə, İddiaçının cavabdehlər Quba Bələdiyyəsi və Quba X1rşı “Quba Bələdiyyəsinin 14.07.2020-ci il tarixli, X6 həmkarlar təşkilatlarının 21,01.2020-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22.01.2021-ci il tarixli 13 saylı əmrinin və Quba bələdiyyəsi sədrinin 29.03.2020-ci il tarixli işdən azad edilməsilə bağlı əmrinin ləğv edilməsi barədə” və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı barədə qərarının ləğv edilməsi, X6 həmkarlar təşkilatının 21.01,2021-ci il tarixli iclas protokoluna əsaslanan qərarının ləğv edilməsi, Quba Bələdiyyəsi sədrinin 22.01.2021-ci il tarixli 13 nömrəli əmrinin, Quba bələdiyyəsi sədrinin 29.03.2020-ci il tarixli işdən azad edilməyi ilə bağlı əmrinin ləğv edilməsi, Quba Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompaniyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində təzminat ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən hal-hazıra qədər Quba Bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. Son 7 ildə isə Quba Bələdiyyəsində məsləhətçi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində əmək intizamına ciddi riayət etməklə yanaşı əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərini həmişə qüsursuz və yüksək səviyyədə yerinə yetirmişdir. Məhz bu səbəbdən indiyə qədər rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbirləri görülməmiş, əksinə dəfələrlə rəhbərlik tərəfindən nümunəvi əmək qabiliyyəti ilə bağlı şifahi qaydada təşəkkürə layiq görülmüşdür. Təəssüflər olsun ki, 2019-cu il bələdiyyə seçkilərindən sonra X6 iqtisadi, inkişaf və büdcə komissiyasının sədri vəzifəsinə seçilmiş və hal-hazırda Quba Bələdiyyəsinin sədri olan Cavabdeh1 bələdiyyə sədri vəzifəsinə yolunu təmizləmək üçün Quba rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Quba Bələdiyyəsinin sədri vəzifəsində cəmi 4 ay müddətində işləmiş Anar Murtuzova təzyiq edərək bələdiyyənin icra aparatının bütün işçilərinin işdən kənarlaşdırılması barədə göstərişlər vermişdir. Həmin qanunsuz göstərişlər əsasında sabiq bələdiyyə sədri A.Murtuzov 5 nəfər bələdiyyə qulluqçusunu işdən azad etdikdən sonra həmin işçilər 12 saylı X4 müraciət edərək əmək hüquqlarının qorunmasını xahiş etmişlər. Ərizəçilərin əmək hüqqularının pozulmasına dair faktlar Əmək Müfəttişliyi tərəfindən araşdırıldıqdan sonra onlar öz təsdiqini tapdığı üçün bələdiyyənin sabiq sədri A.Murtuzov 1500 AZN məbləğində cərimə edilmişdir. O, həmin vaxt bələdiyyə sədri A.Murtuzova dəfələrlə bildirmişdir ki, işçilərin əsassız yerə tutduqları vəzifələrdən kütləvi surətdə kənarlaşdırılması yolverilməzdir və uzaqlaşdırılan təcrübəli işçilərin yerinə Cavabdeh1 yaxın adamlarının yerləşdirilməsi məqsədi güdülür. Təəssüflər olsun ki, sabiq bələdiyyə sədri nəinki bu işçilərin çıxarılmasının qarşısını ala bildi, əksinə 2020-ci ilin mart ayında pandemiya dövründə icra aparatının şöbə müdiri İlham adlı şəxsin təzyiqi ilə əvvəlcə Cavabdeh1 bələdiyyə sədrinin müavini, həmin ilin aprel ayında isə bələdiyyə sədri vəzifəsinə seçilməsinə şərait yaradaraq özü istefa vermək məcburiyyətində qaldı. Cavabdeh1 bələdiyyə sədri vəzifəsinə yiyələndikdən sonra işçilərə bildimişdir ki, əvvəlki dövrdən qalmış heç bir işçini o, işdə saxlamayacaqdır. Məhz bunun nəticəsidir ki, Cavabdeh1 həm sədr müavini olarkən, həm də sədr seçildikdən sonra bələdiyyənin vergi və ödənişlər şöbəsinin müdiri D.Əhmədzadəyə və ona qarşı müxtəlif bəhanələrlə təzyiq etməklə çalışdı ki, onlar bundan bezərək könüllü surətdə ərizə yazmaqla işdən getsinlər. Cavabdeh1 ilə iş otağında bu barədə o, söhbət əsnasında bildirmişdir ki, bir nəfər sabiq polis əməkdaşı Azad Əliyev ona demişdir ki, Quba şəhəri üzrə sahə müvəkkili işləyərək istefaya çıxmış Vidadi adlı şəxs, Cavabdeh1 sədr seçilməsi münasibəti ilə təbrik edərkən ondan özünə münasib iş istəmişdir. Onun bu xahişindən sonra Cavabdeh1 bildirmişdir ki, bu yaxınlarda ona münasib bir iş verəcək. Bu söhbəti Cavabdeh1 xatırladanda o, ona cavab vermişdir ki, “burda təəccüblü nə var ki? Adam məni təbrik edəndən sonra özünə münasib iş istəyib.” O, öz vəzifə səlahiyyətlərimin icrası ilə əlaqədar Cavabdeh1 məsləhət verərək bələdiyyənin iş fəaliyyəti ilə əlaqədar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunları, həmçinin Əmək Məcəlləsinin tələblərinə riayət olunmasının zəruriliyini onun diqqətinə çatdırsa da o, üzdə onunla razılaşsa da, əməldə bu qanunların tələblərini müntəzəm surtətdə pozmuşdur. Xüsusi ilə bələdiyyənin icra aparatının ilk iclasında o, Cavabdeh1 bildirmişdir ki, iş saatları ərzində işçilərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verilməməli, qanunlara qaydalara və əmək intizamına riayət etmək hamının borcudur. Buna baxmayaraq bələdiyyə sədri Cavabdeh1 öz yaxın rəfiqəsi olan və mühəndis vəzifəsində işləyən Bahar Həsənova, xidməti avtomobilinin sürücüsü Ceyhun və oğlunun dostu olan, həmçinin məktublar ilə iş üzrə mütəxəssis vəzifəsində işləyən Cavabdeh2 üçün xüsusi imtiyazlı şərait yaratmışdı. Hətta Cavabdeh2 bələdiyyənin xidməti avtomobilindən şənbə və bazar günləri öz şəxsi məqsədləri üçün istifadə etməklə yanaşı, iş günlərində də işdən evə və əksinə gedib gəlmək üçün istifadə edirdi. Cavabdeh1 2020-ci ilin aprel ayından bələdiyyə sədri vəzifəsinə seçildikdən sonra ona və vergi şöbəsinin müdiri Dilbər Əhmədzadəyə qarşı mütəmadi olaraq etimadsızlıq mühiti yaradaraq müxtəlif bəhanələrlə digər işçiləri də daim onlara qarşı çıxmağa təhrik etmişdir. Ötən ilin noyabr ayının 23-də D.Əhmədzadəyə Əmək Məcəlləsinin tələblərinə zidd olaraq axırıncı xəbərdarlıqla şiddətli töhmət verərkən o, Cavabdeh1 inzibati tənbeh tədbirinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə riayət edilməsini xatırladarkən o, ona həmin işçinin cinayətkar olduğunu və ona xəyanət etdiyini, həmçinin onun onu nahaqdan müdafiə etdiyini bildirmişdir. O, isə rəsmi surətdə bələdiyyə sədrinin adına təqdimat yazaraq işçiyə qarşı edilən inzibati tənbeh tədbirinin Əmək Məcəlləsinin tələblərinə zidd olduğunu vurğulayaraq həmin əmrin ləğv edilməli olduğunu bildirmişdir. Onun bu təklifi konkret olaraq bir işçinin müdafiəsi ilə bağlı deyil, tutduğu məsləhətçi vəzifəsinin səlahiyyəti daxilində işinin icrası ilə əlaqədar bir mövqedə olmuşdur. Təəssüflər olsun ki, Cavabdeh1 nəinki həmin əmri ləğv etmiş, əksinə D.Əhmədzadəyə təzyiq göstərərək öz ərizəsi ilə işdən getməsini tələb etmişdir. Bundan 10 gün keçməmiş Cavabdeh1 heç bir rəsmi əmr vermədən vergi şöbəsinin müdiri D.Əhmədzadənin səlahiyyətlərini əlindən alaraq onun elektron məlumat portalına çıxışını ləğv edərək, onun internet əlaqəsini kəsmişdir. Sonra dekabr ayının 29-da bələdiyyənin onlayn qaydada iclasını keçirərək vergi şöbəsini ləğv etməklə, şöbə müdiri vəzifəsini ixtisara salmışdır. 2021-ci ilin yanvar ayının 6-da isə bələdiyyənin həmkarlar təşkilatının iclasını çağıraraq vergi şöbəsinin müdiri vəzifəsinin ixtisar edilməsi barədə rəy alınmasını müzakirəyə çıxarmışdır. Həmin iclas barədə telefon vasitəsi ilə verilmiş, lakin iclasın gündəliyi barədə heç kəsə məlumat verilməmişdir. Halbuki iclasın yeri, vaxtı və gündəliyi barədə ən azı iclasdan əvvəl yazılı elan vurulmalı idi. O, həmin iclasa 2 dəfə karantin postunda yoxlamaya görə 5-7 dəqiqə gecikmiş və mobil telefonunda texniki problem olduğu üçün müvəqqəti olaraq ona zəng çatmamışdır. O, əvvəlcə iş otağına gəlib əşyalarını qoyduqdan sonra iclasa getmək istəyərkən bələdiyyənin əməkdaşı Nəcəf Əliyev otağına gələrək onu iclasa dəvət etdikdən sonra o, ona qısaca iclasa gecikməyi barədə məlumat vermişdir. İclas zalına daxil olduqda görmüş ki, bələdiyyənin həmkarlar təşkilatının iclasını bələdiyyə sədri Cavabdeh1 aparır. O, ondan ittihamedici tonda iclasa nə üçün gecikdiyini mobil telefonunun nə üçün söndürdüyünü və birbaşa iclas zalına deyil, iş otağına gəldiyini soruşmuşdur. O, bundan sonra əlini qaldırıb çıxış üçün söz istəyərək iclasa gecikməyinin obyektiv səbəbini, mobil telefonunun özü tərəfindən deyil texniki səbəbdən öz-özünə söndüyünü və əşyalarını qoymaq üçün əvvəlcə iş otağına getdiyimi bildirsə də Cavabdeh1 cavablarında qane olmayaraq onu yenə də əsassız olaraq ittiham etmişdir. Bundan sonra əvvəla həmkarlar təşkilatının iclası barədə müvafiq elanın vurulmalı olduğunu və həmin elanda həmin qeydlərin əks edilməli olduğunu bildirərək iclasın aparılma qaydasına iradlarımn çatdırmışdır. Bu iclasın sədarətində bələdiyyə sədrinin əyləşməsi problem deyil, onun həmkarlar təşkilatının iclasına sədrlik etməsi Nizamnamə tələblərinə uyğun deyildir. Daha sonra iclasın sədarətində əyləşmiş bələdiyyə işçiləri həmkarlar təşkilatının rayon komitəsinin sədri Valeh Osmanova etiraz edərək o, 15 ildir ki, bu təşkilatın üzvüdür və heç vaxt rayon komitəsinin konfransının keçirilməsi barədə məlumatı olmayıb, həmçinin rayonun ən böyük bələdiyyəsi olan bu təşkilatdan kimsənin həmin konfransda nümayəndə qismində iştirak etməsinin şahidi olmamışdır. Ona görə də o, V.Osmanovu legitim komitə sədri hesab edə bilməz və onun sədarətdə yer tutmasına etiraz etmişdir. Onun bu iradlarıdan sonra V.Osmanov sədarətdən düşərək iclas zalının 1-ci sırasında əyləşməli oldu. Daha sonra o, iclasda müakirə edilən məsələ ilə bağlı öz fikirlərini bildirərkən Cavabdeh1 onu qəsdən iclası pozmaqda ittiham edəndə o, həmkarlar təşkilatının Nizamnaməsinə uyğun olaraq onun iclas aparılma qaydasına və iclasda müzakirə edilən məsələrlə bağlı çıxış etmək, rəy bildirmək və təklif vermək hüququ vardır. Bundan sonra onun təklifi nəzərə alınaraq yerli həmkarlar təşkilatının iclasına təşkilatın sədri Cavabdeh2 sədrlik etmişdir. Hal-hazırda vergi şöbəsinin ləğv edilərək, şöbə müdiri vəzifəsinin ixtisarı bu sahədə işin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı deyildir və bu ixtisarın əsas səbəbi vergi şöbəsinin müdiri Dilbər Əhmədzadəyə qarşı sədrin qərəzli münasibətidir. Çünki hələ 2020-ci ilin dekabr ayının 10-dan etibarən heç bir rəsmi əmr olmadan vergi şöbəsinin müdirinin səlahiyyətləri əlindən alınmış, ötən ilin noyabrında isə ona əsassız olaraq sonuncu xəbərdarlıqda şiddətli töhmət verilmişdir. O, həmin vaxt bələdiyyə sədri Cavabdeh1 xidməti məlumat verərək bu inzibati tənbeh tədbirinin Əmək Məcəlləsinin tələblərinə zidd olaraq tətbiq olunduğu üçün onun ləğv edildiyini vurğulamışdır. Bələdiyyə sədri Cavabdeh1 həmin vaxt özünün verdiyi əsassız əmrini nəinki ləğv etmiş, əksinə onu vergi şöbəsinin müdiri cinayətkar olduğu halda onu müdafiə etməkdə ittiham etmişdir. Həmin iclasda da həm bələdiyyə sədri Cavabdeh1 və onun yaxın rəfiqəsi olan Bahar Həsənova onu ittiham edərək onu əsassız olaraq yenə də müdafiə etməkdə günahlandıranda o, buna etiraz edərək, nəinki D.Əhmədzadəni, həmçinin bələdiyyənin fəhlə kateqoriyasına daxil olan təmizlikçi işləyən Pərvanə xanımı, fəhlə işləyən Əliabbası və Gülmira xanımı da müxtəlif vaxtlarda müdafiə etmişdir. İclasın sonunda mühəndis vəzifəsində işləyən və sədrin rəfiqəsi olan B.Həsənova təklif edərək bildirdi ki, İddiaçı tutduğu vəzifəyə ali təhsilli hüquqşünas gətirilməlidir, çünki o, ixtisasca coğrafiya müəllimidir. O, Cavabdeh1 ona qarşı əsassız təzyiq və böhtan kompansiyası apardığı üçün rəsmi ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad etməsini xahiş etsə də o, onun bu ərizəsini geri qaytararq işinə davam etməyini bildirmişdir. Sonrakı gün onu iş otağına dəvət edərək etik davranış qaydalarını kobudcasına pozaraq onun nə üçün işçilərin davamiyyət kitabına mühəndis B.Həsənovanın və sürücü Ceyhun Əliyevin adının daxil edilməməsinə etiraz etdiyinə görə bu məsələyə nə üçün qarışdığını bildirmişdir. Eyni zamanda o, ona “sən belə işlərə qarışa bilməzsən, bunlar sənin səlahiyyətinə aid deyil və həmin kitaba kimin adının daxil edilib edilmədiyini mən müəyyən edirəm. Get yerində otur və işinlə məşğul ol.” O, isə ona qarşı elə kobud davranışına görə vəzifə səlahiyyətlərini aşdığını, işçilər arasında ayrı-seçkiliyə yol verilməsini düzgün olmadığını vurğulayaraq mövcud qaydalara hamının rəiayət etməli olduğunu bildirmişdir. Cavabdeh1 cavabında uca səslə və kobudcasına “Quba Bələdiyəsinin sədri mənəm və bu məsələlərə kimsənin qarışmasına imkan verməyəcəyəm.” demişdir. Lakin onun tutduğu haqlı, ədalətli və prinsipial mövqeyindən çəkindirə bilmədiyindən bələdiyyə sədri Cavabdeh1 ondan qisas almaq və yaxa qurtarmaq yolunu seçərək onun tutduğu məsləhətçi vəzifəsini ixtisara salmaq qərarı vermişdir. Eyni zamanda ona bildirirmiş ki, “ştat ixtisarı zamanı mənim ictimai nüfuzum, pandemiya şəraitində ştat ixtisarına yol verilməməsi barədə ölkə Prezidenti cənab İ.Əliyevin tövsiyələri və mənim təqaüdə çıxmağıma az müddət qaldığı da mütləq nəzərə alınmalı idi. Buna baxmayaraq Quba Bələdiyyəsinin sədri Cavabdeh1 törətdiyi qanunsuz əməlləri və özbaşnalıqlarına susmadığı üçün onu ştat ixtisarı adı ilə işsiz qoymaqla cəzalandırmaq məqsədi ilə ona qarşı qərəzli mövqe tutaraq onun əmək hüquqlarını kobudcasına pozmuşdur. Bələdiyyə sədri öz qanunsuz və qərəzli mövqeyi ilə Əmək Məcəlləsinin 287-ci maddəsinin tələblərini kobudcasına pozmuş və Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə görə ona vurduğu maddi və mənəvi ziyana görə məsuliyyət daşımalıdır. Belə ki, Cavabdeh1 onu dövlətə qarşı təxribat aparmaqda ittiham edərək böhtan atmış, guya onu işçilərə təzyiq etməkdə günahlandıraraq kollektiv arasında barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymaqla məşğul olmuşdur. Bu barədə o, hətta Xaçmaz Regional Ədliyyə şöbəsinə də yalan məlumatlar vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı ona vurduğu maddi ziyan məbləği olaraq 15000 (on beş min) manat və ona vurduğu mənəvi ziyan məbləği olaraq 55000 (əlli beş min) manat məbləğində pul vəsaitlərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddiaçının bu tələblərini tamamilə əsassız və hüquqazidd saymaqla yanaşı, ona qarşı vurduğu maddi və mənəvi ziyanın ödənilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zəruri sayır. Belə ki, İddiaçı istər məhkəməyə təqdim etdiyi iddia ərizəsində, istərsə də müxtəlif dövlət orqanlarına etdiyi yazılı müraciətlərində ona qarşı böhtan və iftira xarakterli ifadələr işlədərək onun şəxsiyyətini təhqir etmiş, onun işgüzar nüfuzuna və mənəviyyatına xələl gətirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı işlədiyi məsləhətçi ştatının ixtisar edilməsi qərarı onun tərəfindən deyil, kollegial orqan olan Quba Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinin zərurəti də bələdiyyə qərarının özündə tam əks etdirilmişdir. Məhz bu səbəblərdən bələdiyyə ştatında ixtisara gedilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsi məcburiyyəti yaranmışdır ki, Quba Bələdiyyəsi tərəfindən İddiaçı çalışdığı məsləhətçi ştatının ixtisar edilməsi məqsədəuyğun sayılmışdır. Sözügedən qərar bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş və Quba Bələdiyyəsinin sədri olaraq onun tərəfindən imzalanmışdır. Bələdiyyə sədri olaraq da o, qəbul edilmiş bələdiyyə qərarının icrasını həyata keçirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla xitam verilməsinə dair əmr vermişdir. İddiaçı verilmiş bələdiyyə qərarının və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin guya ona qarşı olan qərəzi ilə əlaqəli olması barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun olmamaqla yanaşı, iddiaçının özünün ona qarşı qərəzli olduğunu sübuta yetirir. Hər hansı mötəbər sübutlara və faktlara əsaslanmayan İddiaçı uzun müddətdir ki, Quba Bələdiyyəsinin sədri olaraq şəxsən onu gözdən salmaq və ləkələmək üçün çalışır. Bələdiyyə sədri olaraq onun guya torpaqların sənədləşdirilməsi zamanı saxtakarlığa yol verməyi, torpaqların növbədənkənar şəxslərə satılması, maddi yardımların təyinatı üzrə ayrılmadığı kimi böhtan xarakterli yazılarla hüquq-mühafizə və ədliyyə orqanlarına müraciət edən İddiaçı ona şər və böhtan atmaqla qalmayaraq, Quba Bələdiyyəsinin və bələdiyyə üzvlərinin fəaliyyətinə də kölgə salmağa çalışır. Baxmayaraq ki, İddiaçı yuxarıda qeyd etdiyi orqanlara etdiyi müraciətlərin araşdırılması zamanı onun göstərdiyi faktlar öz təsdiqini tapmamışdır, o, öz çirkin əməllərində qalmayaraq onu qaralamaq və gözdən salmaq üçün yenə də müxtəlif orqanlara böhtan xarakterli müraciətlər göndərməyə davam edir. Bütün bu hallar da uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmış və Quba rayonunda kifayət qədər tanınmış bir şəxs olaraq onun işgüzar nüfuzuna və şəxsiyyətinə zərər vurmaqdadır. Nəzərə alınsa ki, o, yerli hakimiyyət orqanının rəhbəridir və Quba əhalisinin seçdiyi bir şəxsdir. İddiaçı kimi dövlətçilik anlayışı və Vətən sevgisi olmayan insanın onu bu şəkildə ləkələməyə və gözdən salmağa çalışmasını o, cavabdehin şəxsiyyətinə və işgüzar nüfuzuna zərər vurmağa yönəlmiş bir addımı kimi qiymətləndirir ki, buna görə də o, maddi ziyanla yanaşı, ona vurulmuş mənəvi ziyanın da cavabdehdən ödənilməsini tələb etməkdə qərarlıdır. Bu səbəbdən qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, işdən azad olunmasının səbəbinin ştat ixtisarından deyil, bələdiyyə sədrinin şəxsi prinsipinə görə olduğunu, cavabdehin qeyd etdiyi faktların heç birinin şərəf və ləyaqətini tənqid etmək məqsədli olmadığını, özünü müdafiə xarakteri daşıdığını, məhkəməyə təqdim olunmuş iclas protokollarının sonradan bələdiyyə tərəfindən tərtib edildiyini, işdən azad olunması ilə bağlı ona xəbərdarlıq edilmədiyini qeyd edərək, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Quba şəhər Bələdiyyəsinin vəkili X5 iddia tələbini qəbul etməyək, cavabdehin bələdiyyə sədri ilə bağlı böhtan xarakterli və təhqiredici ifadələr dediyini, tanışına himayədarlıq etməsi ilə bağlı əsasız iddia irəli sürdüyünü, cavabdehin işdən azad olunmasının heç bir şəxsi qərəzlə əlaqəsi olmadığını, ştatın ixtisar olunmasının və bununla əlaqədar keçirilmiş iclasların, hazırlanmış sənədləşmə işinin Əmək Məcəlləsinin və hüquqi-normativ aktlara əsasən həyata keçirildiyini qeyd edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən hər iki iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14.01.2021-ci il tarixli protokolun surətindən görünür ki, Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq Quba rayon Bələdiyəsinin məsləhəçi ştatının ixtisar edilməsi qərara alınmışdır. İş materiallarında olan 21.01.2021-ci il tarixli protokolun surətindən görünür ki, Quba Bələdiyyəsi sədrinin 14.01.2021-ci il tarixli təqdimatının müzakirəsi zamanı bələdiyyənin məsləhətçi ştatının Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndi ilə ixtisar olunması və həmçinin həmin vəzifədə çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri gözlənilməklə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli, 28 saylı əmrindən görünür ki, Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq Quba Bələdiyyəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işçi 29.03.2021-ci il tarixdən işdən azad olunmuşdur. İş materiallarında olan 21.01.2021-ci il tarixli aktdan görünür ki, Quba Bələdiyyəsinin məsləhətçisi İddiaçı 21.01.2021-ci il tarixdə Quba Bələdiyyəsinin sədri Cavabdeh1 təqdimatı əsasında Quba Bələdiyyəsində keçrilən Həmkarlar Təşkilatının iclası zamanı iclasdakı gündəlik oxunan kimi iclası tərk etmişdir. İş materiallarında olan 25.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclas qərarı və Həmkarlar təşkilatının protokolu əsasında Quba Bələdiyyəsinin məsləhətçi ştatının Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ixtisar edilməsi qərarlaşdırılmışdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq on ildən artıq əmək stajı olduğuna görə 09 təqvim həftəsi öncəsindən İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba şəhər bələdiyyəsinin ilk həmkarlar təşkilatının 14.01.2021-ci il tarixli rəyindən görünür ki, Quba Bələdiyyəsinin ilk həmkarlar təşkilatı olaraq Quba Bələdiyyəsində işçilərin sayının azaldılması və ştatın ixtisarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və müvafiq normativ-hüquqi aktlara uyğun həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı Quba Bələdiyyəsinin məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Beləliklə ilkin iddia tələbi üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba Bələdiyyəsində məsləhətçi vəzifəsində işləyən İddiaçı bələdiyyədə məsləhəçi ştatı ixtisar edildiyindən bələdiyyənin 29.03.2021-ci il tarixli, 28 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və 29.03.2021-ci il tarixdən işdən azad olunmuşdur. Bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq müvafiq prosedur qaydalara əməl edilmiş, bələdiyyədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış, stajına uyğun olaraq işçiyə rəsmi xəbərdar edilmiş, həmçinin ona işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi digər hallar (bələdiyyə sədrinin ona qarşı qərəzli olması, onu cəzalandırmaq istəməsi, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayması, ona maddi və mənəvi ziyan vurması və s.) şəxsi fikir və fərziyyələrindən ibarət olmuş, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyan məbləğləri ilə əlaqədar məhkəməyə hər-hansı bir əsaslandırılmış sübut təqdim edilməmişdir. Bələdiyyə sədri, cavabdeh tərəfindən müxtəlif orqanlarda onun işgüzar nüfuzuna xələl gətirən və böhtan xarakterli məlumatların yayılmasını ona maddi və mənəvi zərər vurduğunu bildirsə də, dəymiş zərərin nədən ibarət olduğu və hansı meyarla hesablandığı aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.... Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır... Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi üzrə İddiaçı cavabdeh Quba Bələdiyyəsi və Quba X1rşı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1cavabdeh İddiaçı qarşı iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar