Məhkəmə qərarları › İş №2(027)-914/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-914/2022

02.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-914/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı qanunsuz hesablanmış cərimə pulunun silinməsi tələbinə dair idia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X2 tərəfindən tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli, 24637 nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə **********01995 kodlu abonent hesabına yazılmış 1743,94 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, “Azərişıq" ASC-nin X2 tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli, 246307 nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə **********01995 kodlu abonent hesabına yazılmış 1743,94 manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yaşayır. Yaşadığı evə uzun illərdir elektrik xətti çəkilmiş, o, elektrik sayğacı üzrə yazılmış borcu daima ödəmişdir. Evə gələn elektrik enerjisini hesablayan elektrik sayğacı küçədə yolda quraşdırılmışdır. 6-7 ay bundan əvvəl "xxxx" ASC-nın X1 əməkdaşları gecə saat 24 radələrində yaşadığı evin zəngini basaraq onu və ailə üzvlərini narahat etmiş, o, çölə çıxan zaman onlar elektrik sayğacının üzərində maqnit olduğunu ona görə ona iki min manat cərimə yazacaqlarını bildirdilər. O, elektrik sayğacına maqnit qoymadığını, elektrik sayğacında nə işlədirsə onu ödədiyini, elektrik sayğacının küçədə olduğunu üçün ondan xəbəri olmadığını, bu əməlləri özlərinin törətdiyini bildirmişdir. Bundan bir gün sonra oğlu ilə birlikdə bu məsələnin araşdırmaq üçün "xxxx" ASC- nm X2nə getmiş, ona məlum oldu ki, bu əsassız bir haldır. Bundan sonra 19 yanvar 2022-ci il tarixində axşam saat 22 radələrində yenidən yaşadığı evin qapısı döyülmüş, yenə eyni qaydada elektrik sayğacında maqnit olmasını bildirmişlər. O, əməkdaşlara maqnitin özlərinin qoyduğunu, bundan bir müddət əvvəl digər əməkdaşların belə bir hərəkət etdiklərini, bu səbəbdən də onların barəsində şikayət etdiyini, lakin onların xahişi ilə şikayəti geri götürdüyünü, bu dəfə şikayəti geri götürməyəcəyini onların cəzalandırılmasını tələb edəcəyini, heç bir əsas olmadan küçədə qoyulmuş sayğaca özləri tərəfindən maqnit qoyularaq ona əsassız olaraq cərimə yazmaq istədiklərini bildirmişdir. Bir neçə gün bundan əvvəl ona bildiriş gəlmiş həmin bildirişdə onun 1760 manat borcununun olması qeyd edilmişdir. Həmin borcun nədən yarandığını araşdırdıqda ona məlum oldu ki, 19 yanvar 2022-ci il tarixində onun barəsində 246307 nömrəli akt tərtib edilmiş, aktda EEİQ-nm tələblərinə uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacının baxış ekranına xüsusi maqnit yerləşdirilmiş və sayğacın hesablama mexanizmi suni şəkildə dayandırılması qeyd edilmişdir. Həmin akt onun xəbəri olmadan tərtib edilmiş, akt tərtib olunarkən onun iştirakı təmin edilməmiş, bundan əlavə akt şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Aktı imzalayan şəxslərin özləri Quba elekrtrik şəbəkəsinin əməkdaşları olduğu üçün onlar özləri bu oyunu onun üçün qurmuşlar. İddiaya əlavə etdiyi abonent saldosundan da görünür ki, o, daimi olaraq elektrik enerjisi pulunu ödəyir, enerji sərfiyyatında da aylar üzrə fərq yoxdur. O, yenə də həmin aktı aldıqdan sonra "xxxx" ASC-nın X2nə gedərək bu aktın qanunsuz olduğunu, maqnitin elektrik şəbəkəsinin əməkdaşlarının qoyduğunu, bundan əvvəldə qanunsuz olaraq ona cərimə yazmaq istədikdlərini, lakıin, buna yol vermədiyini bildirərək bu aktın da ləğv edilməsini tələb etmişdir. Lakin elektrik şəbəkəsindən bu aktı yazan əməkdaşların ləğv etməli olduğunu bildirmişlər. Akt enerjitəchizatı müəssisəsi nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, izahatlar və mülahizələr akta əlavə olunur. Hesab edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchi; müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasında qarşılıqlı münasibətləri müəyyənləşdirir. Məişət abonenti tərəfindən elektrik enerjisini istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbi verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Buna görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz göndərərək, İddiaçı ona məxsus fərdi yaşayış evinə elektrik enerjisindən qanunsuz istifadəyə görə tərtib edilmiş aktın ləğv edilməsinə və akt əsasında hesablanmış borcun silinməsinə dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək Quba rayonunda yerləşən ona məxsus yaşayış evinə elektrik enerjisindən qanunsuz istifadəyə görə "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli 246307 saylı aktın etibarsız hesab edilməsi, 1743,94 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 19.01.2022-ci il tarixdə eneıjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin uçot dəstinə baxış keçirilən zaman mənzilə quraşdırılmış elektrik hesabat sayğacına xüsusi maqnit vasitəsi ilə müdaxilə edilməsi halı aşkar edilmişdir. Belə ki, vətəndaş sayğacın baxış ekranına xüsusi maqnit yerləşdirməklə, sayğacın hesab mexanizimini süni şəkildə dayandırmış elektrik enerjsindən qanunsuz istifadə halına yol vermişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinin tələblərinin (bundan sonra EEİQ) pozulması haqqında 19.01.2022-ci il tarixli, R 246307 saylı akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən EEİQ-nın 8.32-ci bəndinin tələblərinə (“Məişət abonenti tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, eneıjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır, 'j uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 1743,94 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Bundan əlavə abunə haqqında çıxarışdanda görsənir ki, qeyd olunan fakt aşkar olunduqdan sonra sayğac sxemi bərpa edilmiş və sayğac göstəricilərində kəskin artmalar müşahidə olunmuşdur. Belə ki, abunə haqqında çıxarışdanda görsənir ki, sayğaca müdaxilə olunduğu dövrlərdə sayğac enerji sərfıyyatını az qeydə almışdır. Sayğac sxemi bərpa edildikdən sonra isə aylıq enerji sərfıyyatı 30-35 manat aralığında dəyişmişdir. Göstəricilər arasında kəskin fərqin olması ünvanda sayğaca müdaxilə yolu ilə 2-3 dəfə elektrik enerjisi sərfıyyatınm azaldıldığı bir daha öz təsdiqini tapır. Bu halda akt üzrə aşkar olunmuş faktı bir daha təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. Həmçinin iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə ‘Azərişıq” ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxanda qeyd edilənlərə əsasən hesab edirik ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin iddia ərizəsindən isə görunur ki, o yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 19 yanvar 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı mənzilində quraşdırılmış elektrik sayğacının baxış ekranına xüsusi maqnit yerləşdirilməsi və sayğacın hesab mexanizminin süni şəkildə dayandırılması barədə 246307 nömrəli akt tərtib edilmiş və elektrik sayğacın yenisi ilə əvəz olunması tələbi qoyulmuşdur. İş materiallarında olan **********01995 saylı Abunə Haqqında məlumatdan görünür ki, İddiaçı 19.01.2022-ci il tarixli, 246307 №-li akt əsasında EİQ pozulması ilə 1743,94 manat borcunun olması göstərilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında 14 mart 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə 14.03.2022-ci il tarixli mədaxil qəbzi ilə 300 manat pul ödənilməsi göstərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus olan evində quraşdırılmış 009-26 tipli, ********** seriyalı mexaniki sayğaca 19 yanvar 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və elektrik sayğacının baxış ekranına xüsusi maqnit yerləşdirilməsi və sayğacın hesab mexanizminin süni şəkildə dayandırılması ilə bağlı 246307 saylı akt tərtib olunmuşdur. İddiaçı adına "xxxx" ASC tərəfindən faktiki istehlak etdiyi elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, elektrik sayğacının baxış ekranına xüsusi maqnit yerləşdirilməsi və sayğacın hesab mexanizminin süni şəkildə dayandırılması əsas gətirilməklə müəssisənin kompüter məlumat bazasındakı abonent hesabına 1743,94 manat məbləğində cərimə borcu daxil edilmişdir. İşin müəyyən olunmuş hallarına hüquqi qiymət verən məhkəmə qeyd edir elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi halda, məişət abonentinin və iki hal şahidinin iştirakı ilə akt tərtib olunmalıdır. Hazırkı halda isə cavabdeh təşkilatın əməkdaşları qanunun bu normasına əməl etməyərək, məişət abonentinin və iki hal şahidinin iştirakı olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enercisindən istifadə Qaydaları”na zidd Akt tərtib etmişlər. Bunun əsasında da iddiaçıya 1743,94 manat elektrik energisi borcu hesablanmış və həmin abonentin abonent hesabına daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Göründüyü kimi, qanunvericilik məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı aktların tərtib olunarkən aktın mötəbərliyini, istehlakçıların hüquq və mənafelərinin müdafiəsini lazımınca təmin etmək və burada vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsinə şərait yaradan subyektiv halların qarşısının alınması üçün işdə marağı olmayan kənar şəxslərin–hal şahidlərinin iştirakının təmin olunmasını vacib əhəmiyyətə malik olduğunu təsbit etmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, abonent İddiaçı barəsində 19 yanvar 2022-ci il tarixli, 246307 nömrəli akt qanuni olaraq tərtib edilməmiş, akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda nə abonentin iştirakı, nə də ki, iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Eyni zamanda akt tərtib edilərkən iddiaçınınabonentin izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, bu izahatlar və mülahizələrin akta əlavə olunmasını tələb etmək hüquqları təmin edilməməklə, pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən əsassız eneji sərfinin iddiaçının təqsiri üzündən baş verib-verməməsi və bu sərfin və onun qiymətinin hansı qayda və müddətlər əsasında hesablanması müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin X2 işçiləri tərəfindən tərtib olunmuş 246307 nömrəli, 19 yanvar 2022-ci il tarixli akt əsasında iddiaçıya hesablanmış 1743,94 manat cərimə məbləği silinməlidir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, "xxxx" ASCnin işçiləri tərəfindən tərtib olunmuş 246307 nömrəli, 19 yanvar 2022-ci il tarixli aktın qanunun tələblərinə uyğun olaraq düzgün tərtib olunmasını, iddiaçının göstərilən tarixdə sayğacdan kənar elektrik xətti çəkməsini və buna görə onun 1743,94 manat borcunun hansı müddət əsasında və haradan yaranmasını, necə hesablanmasını və iddiaçının həmin 1743,94 manat məbləği ödəməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandıran halların mövcudluğunu sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, "xxxx" ASC-nin X1 əməkdaşları tərəfindən tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli, 246307 saylı akta əsasən hesablanmış 1743,94 manat məbləğində cərimə İddiaçı məxsus **********01995 kodlu abonent hesabından silinməli, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq İddiaçı verilmədlir. Həmçinin iddia təmin edildiyi və iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh "xxxx" ASC-dən 37,44 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC-nin X1 əməkdaşları tərəfindən tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli, 246307 saylı akta əsasən hesablanmış 1743,94 manat məbləğində cərimə İddiaçı məxsus **********01995 kodlu abonent hesabından silinsin; hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin; "xxxx" ASC-dən 37,44 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar