Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-928/2021 24.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X7 iştirakı ilə, Ərizəçi notariat hərəkətlərinin aparılmasından imtinaya dair xüsusi icraat qaydasında şikayət ərizəsinə dair mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onunla X8 arasında Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 04 oktyabr 2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli alqı-satqı müqaviləsinin dublikatının (təsdiqlənmiş surətinin) Maraqlı şəxs tərəfindən ona təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi, Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla X8 arasında Quba rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 04 oktyabr 2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən o, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 52 hektar torpaq sahəsini 15 000000 manata, hal-hazırki məzənnə ilə 3000 (üç min) manat müqabilində əldə etmişdir. Həmin alqı-satqı müqaqviləsi bağlanıldıqdan sonra həm ailə problemləri ilə əlaqədar, həm də bir müddət Azərbaycanda olmamağı səbəbindən o sözügedən torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə və torpağın müvafiq hüquq müəyyənedici sənədlərini hazırlatdıra bilməmişdir. Bir müddət əvvəl o həmin torpaq sahəsini öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmək istəyərkən müəyyən edib ki, alqı-satqı müqaviləsinin əslini itirib və onda onun ancaq kserosurəti qalmışdır. O, sözügedən alqı-satqı müqaviləsinin dublikatını, yəni təsdiqlənmiş surətini əldə etmək üçün Maraqlı şəxsnə müraciət edərək, həmin alqısatqı müqaviləsinin notariat orqanında saxlanılan surəti əsasında təsdiqlənmiş surətinin verilməsini xahiş etmişdir. Maraqlı şəxs notariusu Azər Hacıyev tərəfindən onun müraciətinə verilmiş cavab məktubunda təsdiq olunmuşdur ki, onunla X8 arasında Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 04 oktyabr 2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli alqı-satqı müqaviləsinin surəti Quba rayon notariat ofisinin arxivində saxlanılır. Lakin həmin cavabda eyni zamanda qeyd edilən dövrə məxsus alqı-satqı müqavilələrinin qeydiyyatına dair reyestr kitabının Quba rayon notariat ofisinin arxivinə təhvil verilmədiyini bildirərək, tələb etdiyi sənədin verilməsindən imtina olunmuşdur. Halbuki, Maraqlı şəxs notariusu Azər Hacıyev tərəfindən onun müraciətinə verilmiş cavab məktubunda tələb etdiyi sənədin surətini notariat orqanının arxivində saxlandığı etiraf olunmuşdur. Reyestr kitabının arxivə verilməməsi, yəni başqa sözlə notariat işçisinin yol verdiyi qanun pozuntusu onun qanuni şəkildə əldə etdiyi torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün maneə yarada bilməz. Belə ki, yuxarıda qeyd etdiyi alqısatqı müqaviləsində sənədin reyestr nömrəsi göstərilmişdir və bu hal müvafiq notariat reyestrində qeydiyyatın aparıldığını sübuta yetirir. Bununla bağlı olaraq onun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə etdiyi müraciətə həmin nazirliyin Notariat İdarəsinin rəisi Mehman Soltanovun imzası ilə 13 may 2020-ci il tarixli, 05/H-35-13 saylı məktubla cavab verilərək, onun notariusdan notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar ala biləcəyi və həmin imtinadan məhkəməyə şikayət etmək hüququnun olduğu bildirilmişdir. Ona verilmiş həmin cavab əsasında o, 24 iyun 2020-ci il tarixli məktubla maraqlı şəxsə müraciət etsə də, bu dəfə ona, ümumiyyətlə cavab verilməmişdir. Bütün bu sadaladığı halları nəzərə alaraq və hal-hazırda o, maraqlı şəxs tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində torpaq üzərində öz hüququnu dövlət qeydiyyatından keçirə bilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X11 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs notariusu Rəşad Haqverdiyev ərizə ilə məhkəməyə müraciət edərək, Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin iş rejimi və əhalinin sıxlığı ilə əlaqədar 24.05.2021-ci il tarixdə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 04 oktyabr 2005-ci il tarixli, 4-Ə-962 nömrəli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8, X2, X4, X5, X6 və X1 rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarı ilə JN: 1584 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 52 ha torpaq sahəsini Ərizəçi satmış, müqavilə imzalanarkən alıcı satılan torpağa görə 15000000 manat (hazırki məzənnə 3000 manat) satıcı tərəfə ödənilmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin notariusunun 30.05.2019-cu il tarixli, 789 nömrəli məktubundan görünür ki, Quba rayon DNK-da rəsmiləşmiş 04.10.2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli X8 ilə Ərizəçi arasında bağlanmış Quba rayon 2-ci Nügədi kəndində yerləşən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bir nüsxəsi Quba rayon notariat ofisinin arxivində saxlanılır, lakin həmin dövrə məxsus alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmədiyindən həmin alqı-satqı müqaviləsinin reyestr kitabında qeydiyyatdan keçib-keçməməsi, qüvvədə olub-olmaması, eləcə də ləğv edilib-edilməməsi barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisinin 13.05.2020-ci il tarixli, 05/H-35-13 nömrəli məktubundan görünür ki, həmin dövrə aid daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair reyestr kitabı notariat ofisində aşkar edilməmiş, maraqlı şəxsə imtina edilməsindən məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, 04 oktyabr 2005-ci il tarixli, 4-Ə-962 nömrəli torpaq alqı-satqı müqaviləsi ilə X8, X2, X4, X5, X6 və X1 rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarı ilə JN: 1584 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən torpaq sahəsini Ərizəçi satması, müqavilə imzalanarkən alıcı satılan torpağa görə 15000000 manat (hazırki məzənnə 3000 manat) satıcı tərəfə ödəməsi, Ərizəçi 04 oktyabr 2005-ci il tarixli, 4-Ə-962 nömrəli torpaq alqı-satqı müqaviləsini itirməsi, itirilmiş sənədin dublikatının təqdim olunması barədə aidiyyəti üzrə Quba Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etməsi və notarius tərəfindən Quba rayon DNK-da rəsmiləşmiş 04.10.2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli X8 ilə Ərizəçi arasında bağlanmış Quba rayon 2-ci Nügədi kəndində yerləşən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bir nüsxəsinin Quba rayon notariat ofisinin arxivində saxlanılması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ilə X8 arasında Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 04 oktyabr 2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli alqı-satqı müqaviləsinin dublikatının (təsdiqlənmiş surətinin) Maraqlı şəxs tərəfindən ona təqdim olunması barədə ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən məhkəmə, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli, 143-İVQD №-li Qanunu ilə MPM-nin XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-nin 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, bu Qanunun 35-ci maddəsinin birinci hissəsində sadalanan şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir. İtirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Notariusun və ya müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə notarius və ya müvafiq icra hakimiyyəti orqanı verir. Həmin Qanunun 65-ci maddəsinə əsasən sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Axırıncı halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə əsasən notariusun apardığı bütün notariat hərəkətləri kağız və elektron formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariat ofislərinin adı və notariat hərəkətlərinin növləri göstərilməklə, elektron reyestrlər tətbiq olunur. Kağız daşıyıcıda olan reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqlərin sayı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buna vəkil edilmiş şəxsin imzası ilə təsdiq olunmalıdır. İşçinin imzası müvafiq ədliyyə orqanının möhürü ilə təsdiq edilir. Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər. O cümlədən, daşınmaz əmlakın özgəninkiləşdirilməsi "4-Ə" reyestrinə: Həmin Təlimatın 32-ci bəndinə əsasən notariusun təsdiq etdiyi və ya verdiyi sənəd itirildikdə, notarius verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək notariat hərəkətinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış şəxsin, idarə, müəssisə və təşkilatın yazılı ərizəsinə əsasən itirilmiş sənədin dublikatını verir. Sənədin dublikatında təsdiq edilmiş və ya verilmiş sənədin tam mətni olmalıdır. Sənədin dublikatında müəyyən olunmuş forma üzrə təsdiq qeydi aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi ilə X8 arasında Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 04 oktyabr 2005-ci il tarixli, 4Ə-962 reyestr nömrəli alqı-satqı müqaviləsinin dublikatı (təsdiqlənmiş surəti) Maraqlı şəxs tərəfindən Ərizəçi təqdim olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-928/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-928/2021
24.05.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver