Məhkəmə qərarları › İş №2(027)-931/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-931/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-931/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 29.03.2019-cu il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnaməyə əsasən hesablanmış 874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində borc abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonu, İqriq kəndində yerləşən fərdi yaşayış evinə Elestr markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. 10.12.2018-ci il tarixdə həmin tərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çıxarılmış, növbəti yoxlanışına göndəriİmiş, yerinə Elestr markalı ******* markalı qaz sayğacı quraşdırılmışdır. 29.03.2019-cu il tarixdə “Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları yaşadığı ünvana gələrək 10.12.2018-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının hesablama mexaniziminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi səbəbindən dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı 29.03.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. O, sayğacın onun tərəfindən zədələnmədiyini, sayğacın zədələnməsindən onun təqsiri olmadığı üçün aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 30.03.2021-ci ildə dəymiş ziyanın bərpasına dair tələbnamə “qərar" qəbul edilmiş və 2160 m3 qazdan istifadəvə görə 874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır, fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yaşayış evidən kənardaddır və yüksək yerdə deyil. O, sayğacın kənarda olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Bundan başqa evə dair abonent saldosu onun adına olsa da, “Azəriqaz” İB-nin Xaçmaz RQİİ əməkdaşları 29.03.2019-cu il tarixli ******* nömrəli aktı və 30.03.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə vəfat etmiş əri Abasov Abasın adına yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, sözügedən sayğac yaşadığı evin sərhəddindən kənarda qurаşdırılmışdır. Belə olan halda, o, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, İqriq kəndində yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində 11473105 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 29.03.2019-cu il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın İB-nin sayğacların yoxlanılması barədə rəyə əsasən sayğaca ümumi baxış keçirilmiş, qaz sayğacının hesablama mexaniziminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi müəyyən edilmiş və nəticədə 8748 m3 (874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat) həcmində dəymiş ziyan hesablanmışdır; 29.10.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8748 m3 sərfiyyat hesablanmışdır; **********01440 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 29.03.2019-cu il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 29.03.2019-cu il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 874,80 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar