Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-934/2024 05.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh1 arasında 12 oktyabr 2021-cü il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində Quba rayonu Ağbil kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən ümumi sahəsi 86 kvm yaşayış evi var idi. Qeyd edilən torpaq və ev onların paylı mülkiyyəti olub. Qeyd edilən 0,13 ha torpağı və həmin torpağda yerləşən 86 kvm sahəsi olan yaşayış evinin İddiaçı1 oğlu, İddiaçı2 qardaşı Cavabdeh1 xx.xx.2021cü il tarixdə Quba Regional “Asan Xidmət” Mərkəzində olan Notariusda aldatma yolu ilə bağışlamışdır. Onlar sənədlərə imza etdikdən sonra İddiaçı2 öz evində, İddiaçı1 isə Cavabdeh1 ilə birlikdə mübahisə predmeti olan evdə yaşamışlar. 2023-cü ilin sonunda Cavabdeh1 evdə söz-söhbət dalaşıq salıb onu (İddiaçı1) evdən qovmuş və həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh1 onları aldatma yolu ilə sənədlərə imza etdirmişdir. Belə ki, 2021-ci il ilin oktyabr ayında cavabdeh onları çağırıb bildirib ki, mübahisə predmeti olan ev qəzalı vəziyyətdədir. O İcra hakimiyyətinə müraciət etmiş, onlara köməklik göstərəcəklərini bildirmişdilər. Bunun üçün Quba “Asan Xidmət” mərkəzində Notariusa gedib sənədləri imza etmək lazımdır. Onlar hər ikisi xəstə olub. Onlar savadsız olduğu üçün oxuya belə bilməmişlər. Onlar Notariusa gedib çatanda bütün sənədləşmə işləri aparılmışdır. Onlara heç bir izah vermədən xırda hərflərlə yazılmış sənədlərə imza etdirimiş və 2023-cü ilin sonunda o (M. Əmirxanova) evdən qovulduğdan sonra Cavabdeh1 onlara bildirib ki, evləri ona bağışlayıblar, sonradan onlara məlum olub ki, aldanıblar, bağışlama müqaviləsinə imza ediblər. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, o heç kimə evi bağışlamamış, onu aldadaraq, o sənədi imzalatdırmışlar. Evin damından su damdığı üçün İcra Hakimiyyətinə getmiş və sonra Yaşar onu bu əsasla “Asan Xidmət”ə aparıb sənədləri imzalatdırmışdır. O sonradan bilmişdir ki, Yaşar onu aldadıb, güya evi ona bağışlayıb. Onun belə bir fikri olmamış və müqavilədən də xəbərsiz olmuşdur. Ona görə də məhkəmədən həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 izahatında bildirmişdir ki, ev onların ata evidi, o həmin evdə qeydiyyatdadır. Qardaşı onu, anasını aldadıb evi öz adına sənədləşdirmiş və “Asan Xidmət”in Notariat ofisinə çağıraraq, imzalatdırmışdır. Müqavilə xırda hərflərlə yazılıb deyə oxumaq çətin olub. Hətta yoldaşı ilə münasibəti soyuq olduğundan, sonradan bilmişdir ki, yoldaşı Mehrac da o sənədə imza atıb, lakin o “Asan Xidmət”ə gedəndə Mehracı orda görməmişdir, Mehrac onlardan əvvəl orda olmuş və imzalamışdır. Onlara heç kəs imzalanan sənədin bağışlanma müqaviləsi olduğunu deməmiş və izah olunmamışdır. Ona görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 etraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı1 anası, İddiaçı2 isə bacısıdır. Quba rayonu, Ağbir kəndi ərazisində İddiaçı1 və İddiaçı2 qızma 1/2 hissədə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1/2 hissədə fərdi ev məxsus olmuşdur. Həmin torpaq sahəsinin və orada olan fərdi evi iddiaçılar öz istəklərinə əsasən ona bağışlamaq istəmişlər. Bu məqsədlə onunla iddiaçılar arasında xx.xx.2020-ci ildə “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi bağlanmışdır. Həmin müqavilə Cavabdeh2ndə təsdiqlənmişdir. Müqavilə bağlanarkən Mülki Məcəllənin, Vergi Məcəlləsinin və “İcbari Sığortalar haqqında” qanunun müvafiq maddələrinin məzmunu izah edilmiş, müqavilənin bütün şərtləri barədə tərəflərə məlumat verilmişdir. Həmçinin hüquq və vəzifələri, müqavilənin doğurduğu hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmiş və bu barədə müqaviləni tərəflər imzalamışlar. Müqavilə bağlanarkən iddiaçılara heç bir təzyiq göstərilməmişdir. İddiaçılar öz istəkləri əsasında əmlaklarını ona bağışlamışlar. Müqavilə bağlanarkən iddiaçılar hər hansı bir şərt irəli sürməmişlər. Onu da bildirir ki, o İddiaçı1 evdən qovmamışam və aldatma yolu ilə sənədləri iddiaçılara imza etdirməmişdir. Hər iki iddiaçı paylarını könüllü olaraq ona bağışlamışlar. Müqavilə bağlanarkən iddiaçılar sağlam olmuş, hər ikisi müqaviləni notariusun yanında oxumuşlar. Həmçinin bildirir ki, guya 2021-ci ilin oktyabr ayında o iddiaçıları çağıraraq bildirmişdir ki, mübahisə predmeti olan ev qəzalı vəziyyətdədir, guya İcra Hakimiyyəti köməklik göstərəcəyini ona vəd etmişdir. O, iddianın bu hissəsini də əsassız hesab edir. Beləki o iddiaçılara belə bir müraciət etməmişdir. İddiaçılar ona əmlaklarını 2021-ci ilin oktyabr ayında deyil xx.xx.2020-ci ildə bağışlamışlar. Onu da bildirir ki, iddiaçı X7 DİN-nin 102 qaynar xəttinə zəng edərək onu döydüyümü bildirmişdir. Quba rayon Polis Şöbəsi 11.11,2023-cü il tarixli, “Cinayət işinin başlanılmasmın rədd edilməsi barədə” qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh1 əməlində cinayət tərkibi yoxdur. Bu səbəbdən də cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, anasının da, bacısının da bağışlanma müqaviləsindən xəbərləri olub, orada iki dəfə onlara izah da olunmuşdur. O “Asan Xidmət”ə yeznəsi Mehracla getmiş. Mehracın münasibəti soyuq olduğundan, onlarla üzləşməsin deyə sənədləri ayrı vaxt imzalayıb. Anası o vaxt əmlak pay torpaqlarını satıb, onun da orada payı olub, lakin bu barədə ona heç bir məlumat verilməyib və ya özü də maraqlanmamışdır. Bu ev onların ata yurdudur. Anası özü evi ona bağışlayıb. İndi evi qaytarmaq üçün yalan ifadələr verərək, güya onu aldadıb müqaviləni imzalatdığını deyir. Telefon vasitəsilə aralarında olan danışıqlar da qeyd olunub. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, Məsmə onun qaynansı, Raziyyə yoldaşı, Yaşar isə onun qaynıdır. Qaynı Yaşar ona bildirmişdir ki, anası evi ona bağışlamış və sənədləşdirmək üçün onun da notariusda imzasına ehtiyac vardır. O da öz növbəsində sənədi imzalamışdır. Əmlaka görə ailə üzvləri arasında mübahisə olduğundan xəbəri olmamışdır. Onun özünə, atasına məxsus evi var və heç vaxt o evdə gözü olmayıb. İş üzrə cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan 02 oktyabr 2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyət üzrə onlara məxsus olan Quba rayonu, Ağbil kəndində yerləşən 0.13 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kvm olan yaşayış evi Cavabdeh1 hədiyyə olaraq bağışlanılmış, Cavabdeh2 tərəfindən təsdiq edilərək, 4Ə-2223 nömrə ilə reyesterdə qeyd edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX olan, ******* nömrəli xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Ağbil kəndində yerləşən 0.13 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kvm olan yaşayış evin paylı mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli 8İ-8789 reyestr nömrəli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X2 rayonu, Ağbil kəndində yerləşən 0.13 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kvm olan yaşayış evindən arvadı İddiaçı2 məxsus mirasın ½ hissəsinin bağışlanmasına etiraz etməmişdir. İş materiallarında olan AZ-İ 447381 seriyalı “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X4 arasında xx.xx.2008-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 371 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Paşayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İ-ЖГ 464406 seriyalı “Nikahın bağlanması haqqında şəhadətnamə”nin və görünür ki, İddiaçı1 ilə X3 ilə xx.xx.1977-ci ildə nikaha daxil olmuşdur İş materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətlərindən göründüyü kimi, İddiaçı1 ilə X1 nikahdan xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1978-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən göründüyü kimi, X3 xx.xx.1990-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə hesab edir ki, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Əqdin etibarlı olması əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinə, formasına dair şərtlər üzrə qiymətləndirilməlidir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin və həmin torpaqda yerləşən yaşayış evinin İddiaçı1 oğlu və İddiaçı2 qardaşı olan Cavabdeh1 bağışlamanın Cavabdeh1 tərəfindən iradə ifadəsi və məzmun baxımından aldadılma nəticəsində, aldatma yolu ilə sənədlərə imza etdirməklə bağışlama müqaviləsi bağladıqları iddia edilməklə həmin müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Həmin Qərara əsasən başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Tərəflər arasında olan danışıqlar müqavilədən sonrakı hərəkətlərin nəzərə alınması baxımından tərəflərin razılığı ilə araşdırılarkən müəyyən edilmişdir ki, danışıqlarda bağışlamadan sonrakı peşmançılıq barədə fikirlər səsləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən müqavilə iddiaçıların iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər bağışlama ilə nəticələnmişdir. Habelə həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hər hansı digər hal müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-934/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-934/2024
05.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver