Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-948/2025 07.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən əsassız tərtib olunmuş 30 dekabr 2023-cü il tarixli, “0391439” nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli Tələbnamənin (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında **********01300 saylı abonent hesabına yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə ZENNER G-4 markalı, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. 26 dekabr 2023-cü il tarixdə qeyd edilən qaz sayğacı çıxarılaraq yerinə G-4 markalı, 11461249 nömrəli sayğac quraşdırılmışdır. 30 dekabr 2023-cü il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən guya sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının birinin üzərində, yuvasının ətrafında əzik-cızıq izlərinin olması, iki ədədi üst hissədəkilər üzərində aşkar olunmaması və zavod plastmas plomblarının yuvasının yapışqan maddə ilə doldurulması və sayağacın istismara yararsız olması qeydi aparılaraq, dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı 30 dekabr 2023-cü il tarixli, “0391439” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında isə 30 dekabr 2023-cü ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və 6480 kub metr qazdan istifadəyə görə 777,60 manat məbləğində borc hesablanmışdır. Cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş aktla və tələbnamə ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir və yüksək yerdə deyil. O sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O qaz sayğacına kənar təsir göstərməmişdir. Həmin sayğacı cavabdeh qurumun öz əməkdaşları quraşdırmış, üzərində olan plombu da onlar vurmuşlar. Onun isə istehlakçı kimi əsas vəzifəsi istehlak edilmiş təbii qazın dəyərini cavabdeh quruma ödəmək olmuşdur ki, o da bu vəzifəni yerinə yetirmişdir. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o çağırılmamış, ümumiyyətlə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda aktda qeyd edilən qüsurların olması inandırıcı deyildir, çünki sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh qurum özü daşıyır. Həmçinin qeyd edilən akt tərtib edilən zaman iştirakı təmin edilməmiş, bununla bağlı ona hər hansı məlumat verilməmişdir. Müvafiq qurumların hər hansı araşdırması olmadan ona 30 dekabr 2023-cü il tarixli tələbnamə ilə 777,60 manat məbləğində zərərin hesablanması ədalətli olmamaqla yanaşı, həm də qanunsuzdur. Ona görə də qeyd edilən aktla və hesablanmış zərər məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh İB müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2023-cü il tarixli, “0391439” saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının birinin üzərində, yuvasının ətrafında əzik-cızıq izlərinin olması, iki ədədi üst hissədəkilər üzərində aşkar olunmaması və zavod plastmas plomblarının yuvasının yapışqan maddə ilə doldurulması və sayağacın istismara yararsız olması qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********01300 saylı abonent kodu üzrə 6480 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 1ində yerləşən yaşayış evinə aid **********01300 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün iyun 2024-cü il tarixə 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 777,60 manat məbləğində vurulmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçının qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurması halının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 30 dekabr 2023-cü il tarixli, “0391439” nömrəli akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində cərimə borcu **********01300 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh **********01300 saylı abonent kodu ilə bağlı 30 dekabr 2023-cü il tarixli tələbnamə ləğv edilsin və itirilmiş qazın bərpası üçün 30 dekabr 2023-cü il tarixli, “0391439” nömrəli akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində cərimə borcu **********01300 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-948/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-948/2025
07.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver