Məhkəmə qərarları › İş №2(027)-949/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-949/2023

18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-949/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, miras qoyan 14 iyul 2006-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsindən ibarət olan miras əmlaka onun vərəsəlik hüququ üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək hazırda iddia tələbini dəqiqləşdirərək mirasın açıldığı yer ünvan 1i olmaqla miras qoyan 14 iyul 2006-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsindən ibarət olan miras əmlaka onun vərəsəlik hüququ üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 sentyabr 1996-ci il tarixində X8 ilə birgə nikahlarını qeyd edərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 1997-ci il təvəllüdlü Cavabdeh1 adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə X6 Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsi verilmişdir. X3 14 iyul 2006-ci tarixində ölmüşdür. X4 ölümündən sonra iki yəni o və oğlu vərəsəsidir. X4 ölümündən sonra ondan miras qalmış Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi olan əmlakı o idarə etməklə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu ilə bağlı arayışları hazırki iddia ərizəsinə də əlavə edir. X4 ölümünün üzərindən artıq 17 il keçmişdir. Belə ki, hazırda əri X2 miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, oradan mənə Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi əsas gətirilərək imtina verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Bundan başqa ərinin dəfn xərclərini də, o çəkmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, atası vəfat edəndən hal-hazırkı vaxta kimi atasından qalmış miras əmlaka anası ilə birlikdə sahiblik etmiş, idarə etmişdir. Atası vəfat edəndə azyaşlı olduğundan atasının dəfn xərcini anası çəkmişdir. Lakin buna baxmayaraq atasından qalmış miras əmlaka onun da anası kimi haqqı var və payını tələb edir. Atasından qalmış miras əmlaka tam payın anasının qəbul etməsinə razı deyil, həmin miras əmlakın ½ hissəsi onundur. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasına nümayəndəsini göndərməmiş, göndərməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə əsasında nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyinin 27 fevral 2023-cü il tarixli, 102 nömrəli arayışından görünür ki, İddiaçı X3 vəfat etdikdən sonra miras qalmış əmlakı idarə edir. İş materiallarına olan Quba rayonu Amsar Bələdiyyəsinin 27 fevral 2023-cü ilt arixli, 5 nömrəli arayışından görünür ki, X4 dəfni üçün lazım olan bütün xərcləri, həyat yoldaşı İddiaçı öz üzərinə götürmüşdür. İş materiallarında olan Quba rayon VDAQ şöbəsi tərəfindən 24 oktyabr 2000-ci il tarixdə verilmiş Vİİİ-JQ 416171 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X5 12 sentyabr 1996-cı ildə 75 nömrəli ilə nikahlarını qeyd etmişlər, nikah bağlandıqdan sonra arvada Mədətova soyadı verilmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Amsar İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 1997-ci il tarixli, XXJQ 370621 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1997-ci iildə Quba rayonu Amsar kəndində doğulmuş, atası X8, anası İddiaçıdır. İş materiallarına olan Quba rayonu Amsar Bələdiyyəsinin 06 mart 2023-cü il tarixli, 9 nömrəli arayışından görünür ki, X1 rayonu Amsar qəbirstanlığından dəfn edilmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Amsar İƏD üzrə nümayəndəliyi tərəfindən veriliş xx.xx.2023-cü il tarixli, 101 nömrəli arayışdan görünür ki, X1 rayonu Amsar kəndində yaşamış, 14 iyul 2006-cı ildə Rusiya Federasiyası Ryazan vilayəti, Ryazan şəhərində vəfat etmiş, vəfat etdikdən sonra həyat yoldaşı İddiaçı və oğlu Cavabdeh1 adlı vərəsələri qalmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli, 289 nömrəli arayışdan görünür ki, 14 iyul 2006-cı ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-058F KOD 30307018 nömrəli Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X6 Quba rayonu Amsar kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı 12 sentyabr 1996-ci il tarixində X8 nikahlarını qeyd edərək ailə qurmuş, birgə nikahdan xx xxxx 1997-ci il təvəllüdlü Cavabdeh1 adlı uşaqları doğulmuş, birgə nikah dövründə X6 Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsi verilmiş, X8 14 iyul 2006-ci tarixində ölmüş, onun ölümündən sonra iki vərəsəsi yəni arvadı İddiaçı və Cavabdeh1 qalmış, miras qoyan öldüyü vaxt cavabdeh oğlu Cavabdeh1 azyaşlı olmaqla doqquz yaşı olmuş, X4 ölümündən sonra ondan miras qalmış Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi olan əmlakı İddiaçı cavabdeh X8 ilə birlikdə idarə etməklə qəbul etmiş, hazırda tərəflər birlikdə yaşamaqla, miras qalmış əmlakı da ikisi birlikdə idarə etməklə qəbul etmişlər. Belə olan halda miras qoyan 14 iyul 2006-ci tarixində ölmüş X4 ölümündən sonra qalmış miras əmlakı təkbaşına İddiaçı qəbul etməsi barədə iddia tələbi əsaslı deyil, miras qoyan 14 iyul 2006-ci tarixində ölmüş X4 ölümündən sonra qalmış miras əmlakı İddiaçı və Cavabdeh1 idarə etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadəetmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mirasın açıldığı yer ünvan 1i olmaqla miras qoyan 14 iyul 2006-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsindən ibarət olan miras əmlakın ½ hissəsinə İddiaçı vərəsəlik hüququ üzrə payı müəyyən edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mirasın açıldığı yer ünvan 1i olmaqla miras qoyan 14 iyul 2006-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-058F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsindən ibarət olan miras əmlakın ½ hissəsinə İddiaçı vərəsəlik hüququ üzrə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar