Məhkəmə qərarları › İş №2(027)-965/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-965/2022

25.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-965/2022 25.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş, 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli tələbnamə (qərarının) ləğv edilməsi, həmin tələbnamə (qərar) əsasında onun abonent hesabına yazılmış 144 (yüz qırx dörd) manat borcun silinməsi, evin təmiri üçün xərclədiyi 250 (iki yüz əlli) manat və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat pulun Cavabdeh tərəfindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə ELESTR G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 25 avqust 2021-ci il tarixdə həmin fərdi yaşayış evinə quraşdırılmış ELESTR G-4 markalı ******* nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışına göndərilmiş, yerinə ZENNER G-4 **********5 markalı qaz sayğacı quraşdırılmışdır. 11 oktyabr 2021-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları yaşadığı ünvana gələrək 25 avqust 2021-ci il tarixdə çıxarmış və yoxlanışa göndərilmiş qaz sayğacının hesablama mexanizimi keçən qazın həcmini qeyd etməməsi səbəbindən dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı 11 oktyabr 2021-ci il tarixli “0144218” nömrəli akt tərtib edilmişdir. Onun 11 oktyabr 2021-ci il tarixli “0144218” nömrəli aktdan xəbəri olmadığı halda, guya ki, o, həmin aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 29 oktyabr 2021-ci ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 1440 kub metr qazdan istifadəyə görə 144 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir və yüksək yerdə deyil. O, sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O, qaz sayğaca kənar təsir göstərməmişdir. Bütün günü sayğacın keşiyini çəkə bilməz. Sayğacın əzilməsinə görə məsuliyyət daşımır. Əgər sayğac onun həyətində olsa idi, onun zədələnməsinə görə o, məsuliyyət daşıya bilərdi. Lakin sayğac çöldədir və zədələnməsinə görə onun heç bir məsuliyyəti yoxdur. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamışdır. Sayğac onun iştirakı olmadan dəyişdirilmiş və yoxlanılmışdır. O, həmin vaxt Qazax rayonunda olmuş, evdə heç kəs olmamamış, hətta qaz işlək vəziyyətdə olmuşdur. 14 dekabr 2021-ci il tarixində evə gəlmiş, kombi sistemi işlək vəziyyətdə olduğundan borular partlamış, evi su basmış, günlərlə döşəmə suda qaldığından yararsız vəziyyətə düşmüşdür. Xəbəri olmadan qaz sayğacını dəyişdirdikləri üçün ona 250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 1440 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin dekabr ayı üzrə 144 manat məbləğində qalıq borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29.10.2021-ci il tarixdə onun yaşadığı ünvan 1ində yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 144 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 144 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsi və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Bundan başqa iddiaçı evin təmiri üçün xərclədiyi 250 (iki yüz əlli) manat pulun Cavabdeh tərəfindən alınıb ona verilməsini tələb edir. İddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etsə də, həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1) Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1). Sadalanan normalara görə iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Baxılan iş üzrə iddiaçı evin təmiri üçün xərclədiyini iddia etdiyi pul məbləğinin cavabdehin hər hansı bir hərəkət və ya hərəkətsizliyi tərəfindən ona dəymiş ziyan üzrə xərcləməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, prosessual qanunvericiliyin mənasına görə tərəf məhkəmədə iddia qaldıranadək kimdən, nəyi və nəyin əsasında tələb etmək istədiyini müəyyən etməli, bütün bunları öz ərizəsində əsaslandırmalı, öz sübutlarını və ya sübut qismində araşdırılmasını arzuladığı faktlar barədə məlumatları iddia ərizəsinə əlavə etməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin ona vurduğu ziyan əsasında evin təmiri üçün 250 (iki yüz əlli) manat məbləğində pul xərcləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 144 manat məbləğində borc **********0390 saylı abonent hesabından silinməlidir. Həmçinin iddiaçının hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat pul özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********0390 saylı abonent hesabına hesablanmış 144 (bir yüz qırx dörd) manat məbləğində borc pul onun abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar