Məhkəmə qərarları › İş №2(027)-976/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-976/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-976/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.03.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” № ******* nömrəli Akt “sol tərəfində əzik izləri, zavod möhürü şübhəli” hissəsində etibarsız hesab edilməsi, 23.10.2018-ci il tarixli, ******* nömrəli qüsur aktının etibarasız hesab edilməsi, həmin sənədlər əsasında onun hesabına işlənmiş 388,80 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ona məxsus Quba rayonunun İqriq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal yeşik olmadan ictimai istifadə-kəndçi ərazidə quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. Mart 2017-ci il tarixdə eviylə bağlı qaz sayğacı onun xəbəri və iştirakı olmadan digər sayğacla əvəz edilmişdir. Bu barədə bir gün sonra xəbər tutsa da, bunun texniki istismar müddəti ilə əlaqəli olduğunu zənn edərək bu barədə cavabdehə hər hansı irad bildirməmişdir. Avqust 2021-ci il tarixdə qeyri-müəyyən pul tələbi səbəbindən cavabdehlə arasında yaranmış mübahisə zamanı cavabdeh ona 09.03.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” № ******* nömrəli Akt, “Müraciətə baxılması haqqında” 03.03.2021-ci il tarixli, 46X00090 nömrəli məktub və 04 mart 2021-ci il tarixlə çap edilmiş “Abonentin saldosu” təqdim edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09.03.2017-ci il tarixli, № ******* nömrəli Akta əsasən ******* nömrəli qaz sayğacı “sol tərəfində əzik izləri, zavod möhürü şübhəli” əsası ilə 10360131 nömrəli digər qaz sayğacı ilə əvəz edilmişdir. Bundan başqa həmin aktda onun soyadının qarşısında imza edilərək ona aid imza yerində “imtina etdi” sözləri qeyd edilmişdir. Yuxarıda göstərildiyi kimi onun bu barədə xəbəri olmamışdır. “Müraciətə baxılması haqqnda” 03.03.2021-ci il tarixli, 46X00090 nömrəli məktuba əsasən 23.10.2018-ci il tarixli, ******* nömrəli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 388,80 manat məbləğində hesabat aparılaraq abonenet hesabına işlənilmişdir. Cavabdeh 23.10.2018-ci il tarixli, ******* nömrəli qüsur aktını ona verməkdən imtina edərək həmin sənədi yalnız məhkəməyə təqdim edəcəyini bildirmişdir. Həmin səbəbdən də, hazırki iddia ərizəsi ilə birlikdə “Sübutların tələbinə dair” vəsatətlə məhkəməyə müraciət edərək həmin aktın cavabdehdən tələb edilməsini məhkəmədən xahiş edir. Hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin hərəkətləri və onun tərtib etdiyi 09.03.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” № ******* nömrəli Akt “sol tərəfində əzik izləri, zavod möhürü şübhəli” hissəsində etibarsız hesab edilməli, “Müraciətə baxılması haqqında” 03.03.2021-ci il tarixli, 46X00090 nömrəli məktubda göstərilən 23.10.2018-ci il tarixli, ******* nömrəli qüsur aktı etibarsız hesab edilməli, həmin sənədlər əsasında onun hesabına işlənmiş 388,80 manat məbləğində pul silinməlidir. Belə ki, mübahisəli sənədlərdə qeyd edilən qüsurlar uydurma olmaqla bərabər, elə bir qüsurlarla onun heç bir hüquqi bağlılığı yoxdur. Təbii qazla bağlı ictimai yerdə quraşdırılmış texniki avadanlıqlarla bağlı hüquq və vəzifələr yalnız cavabdehin üzərinə düşür. Digər tərəfdən, sayğacın “sol tərəfində əzik izləri, zavod möhürü şübhəli” olması həmin sayğacdan keçən təbii qazın itkisinə səbəb olmur. Göründüyü kimi, cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09.03.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, İqriq kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində 10360131 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 23.10.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, İqriq kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-00235-1 saylı rəyinə əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın yan tərəfi əzilmiş, plastmas qapağının üzərində olan zavod qurğuşun plomb kənar təsir nəticəsində əzilmiş və dəymiş ziyan hesablanmışdır. -X1 31 oktyabr 2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, İqriq kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 3888 m3 (3888 m3x0,10=388,80 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 23.10.2018-ci il tarixli, ******* saylı akt olmuşdur; **********01710 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 388,80 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbədənkənar dövlət yoxlamasına göndərilmə” göstərilmiş, sayğacın sol tərəfində əzik izlərinin və şübhəli zavod möhürünün olması qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 388,80 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 388,80 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 23.10.2018-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 31.10.2018-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 388,80 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 23.10.2018-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 31.10.2018-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 388,80 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar