Məhkəmə qərarları › İş №2(027)-999/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-999/2023

16.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-999/2023 16.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2022-ci il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında abonent hesabına yazılmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi və X2 iştirakla bağlı ödədiyi 60 manat xidmət haqqının, sayğacın quraşdırılması üçün ödədiyi 185,73 manat məbləğində pulun və hüquqi yardımın göstərilməsinə görə ödədiyi 120 manat məbləğində xidmət haqqının Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 16 iyun 2022-ci il tarixdə Azəriqaz İB-nın əməkdaşları ona məxsus fərdi yaşayış evinə gələrək ”İtron” markalı, G4 tipli, 1802AZ**********2 nömrəli qaz sayğacını çıxardaraq əvəzinə “Zenner” smart markalı **********546 nömrəli qaz sayğacı quraşdırmışlar. Həmin sayğacın quraşdırılması üçün o 185,73 manat məbləğində ödəniş etmişdir. 31 oktyabr 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək “çıxarılmış qaz sayğacına baxış keçirilməsi, sayğacın plastmas borusu deşilib, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində ALARM rejimi aşkar olunmadı, xətalar təyin edilmədi, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlatmaq mümkün deyil, sayğac istismara yararsızdır” qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0351347” nömrəli akt tərtib edilmişdir. Sayğac onun tərəfindən zədələnmədiyi, sayğacın zədələnməsində onun təqsiri olmadığı üçün aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 31 oktyabr 2022-ci il tarixli Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 8640 kub metr qazdan istifadəyə görə 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. O qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir və yüksək yerdə deyil. O sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O qaz sayğacına kənar təsir göstərməmişdir. Sayğacı quraşdıran qurum cavabdeh təşkilatın özüdür. Hansı rejimi necə quraşdırır bir istehlakçı kimi ona heç bir aidiyyəti yoxdur və ümumiyyətlə bu məsələlər onun maraq dairəsində deyildir. Mən sadəcə istehlakçı kimi istifadə etdiyi təbii qaza görə aylıq ödənişlərini edərək təbii qazdan istifadə edir. Çöldə quraşdırılmış və onun təqsiri olmadan sayğacda baş vermiş hər hansı hala görə məsuliyyət daşıya bilməz. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən də o çağırılmamışdır. Sayğac onun iştirakım olmadan yoxlanılmışdır. Cavabdeh təşkilatla aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etmək cəhdləri də nəticə verməmişdir. Cavabdeh təşkilatın nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyi üçün ona X2 iştirak edilməməyə dair arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyöun izahat vermiş və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiasının həcmini azaldılması barədə ərizə təqdim edərək 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2022-ci il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında abonent hesabına yazılmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi və X2 iştirakla bağlı ödədiyi 60 manat xidmət haqqının, sayğacın quraşdırılması üçün ödədiyi 185,73 manat məbləğində pulun və hüquqi yardımın göstərilməsinə görə ödədiyi 120 manat məbləğində xidmət haqqının Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edərkən Cavabdeh nümayəndəsi X1 izahatında bildirmişdi ki, sayğac çıxarılan zaman iddiaçı özü iştirak edib və sayğac zədələndiyinə görə 185 manat ödəniş etmişdir. Həmçinin aktı da imzalamışdır. Ona görə də iddianı qəbul etməyərək rədd edilməsini və yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli № ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “çıxarılmış qaz sayğacına baxış keçirilməsi, sayğacın plastmas borusu deşilib, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində “ALARM” rejimi aşkar olunmadı, xətalar təyin edilmədi, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlatmaq mümkün deyil, sayğac istismara yararsızdır” qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2022-ci il tarixli, təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus , ünvan 1 ünvanında yerləşən evə 8640 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan məlum olur ki, İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün 1036,80 (min otuz altı manat səksən qəpik) manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən Azərbaycan Beynalxalq Bankı vasitəsilə sayğaca dəymiş ziyana görə Cavabdeh İB-nin bank hesabına 185,73 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ/MT- 027/2023-00043 saylı arayışına əsasən, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirak etməmiş və ilkin Mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan “Hüquqi yardım göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 177 nömrəli müqavilədən məlum olur ki İddiaçı tərəfindən hüquqi yardıma görə 120 manat haqq ödənilmişdir. İş materiallarında olan Qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli Q-AK-69 nömrəli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1036,80 manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə, qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad etmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Beləliklə, Cavabdeh İB-nin 31 oktyabr 2022-ci il tarixli **********00870 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilməli və hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində cərimə həmin abonent hesabından silinməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qeyd olunanlara əsasən iddia qaz sayğacının quraşdırılması üçün 185,73 manat məbləğində ödənilmiş məbləğin qaytarılması hissəsində də təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, müvafiq sübutlar təqdim olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən X2 iştirakla bağlı 60 manat mediasiya xərci və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 120 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 31 oktyabr 2022-ci il tarixli **********00870 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilsin və hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində cərimə **********00870 kodlu abonent hesabından silinsin. X2 iştirakla bağlı 60 manat mediasiya xərci, sayğacın quraşdırılması üçün ödənilmiş 185,73 manat məbləğində pulun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 120 manat məbləğində xidmət haqqı, cəmi 365 (üç yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik Cavabdeh İB-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar