Məhkəmə qərarları › İş №2(028)-134/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-134/2024

08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-134/2024 08.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dondurulmuş borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 1527 (abonent kodu **********01527) ünvanına məxsus cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 682,51 manat borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, onun ailə üzvləri 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüşlər. Həmin vaxtdan Sumqayıt şəhərində müxtəlif ünvanlarda məskunlaşmışlar. 2009-cu ildən ünvan 3 ailə üzvləri ilə birgə yaşayırlar. Həmin ünvana dair "xxxx" ASC- tərəfindən **********01527 saylı abonent kodu verilməklə xx.xx.2009-cı ildə elektrik sayğacı quraşdırılmışdır. Elektrik sayğacı mərhum babası İzzət Məhərrəmovun adına qeydə alınmışdır. Fərdi yaşayış evi hazırda mülkiyyətlərindədir. Yaşadıqları ünvanda məcburi köçkünlər üçün əvvəllər tətbiq edilən kommunal ödənişlərdən azad edilmə güzəştlərinin ləğv edilməsindən sonra qaz, işıq və su sərfiyyatı üzrə ödənişlər müntəzəm şəkildə sərfiyyata uyğun olaraq icra edilmişdir. Lakin son zamanlarda fərdi yaşayış evinin sənədləşməsi mərhələsi zamanı onlara "xxxx" ASC-yə 682,51 manat məbləğində elektrik enerjisindən istifadə üzrə borclarının olduğu bildirilmişdir. Borcun yaranma mənbəyini öyrənmək üçün "Azərişıq” ASC-nin Sumqayıt filialına müraciət etdikdə ona cavabdehin əməkdaşları şifahi şəkildə bildirmişlər ki, qeyd olunan borc hesabda dondurulmuş borc statusunda qalmışdır. Əslində abonent olaraq onların belə bir məbləğdə borcu yoxdur. Lakin həmin borcun sistemdən silinməsi üçün məhkəmə qərarının olması vacibdir. İddia ərizəsinə əlavə etdiyi abonent saldosundan görünür ki, həmin ünvanda daimi yaşamaqla aylıq ödənişlər sərfiyyata uyğun şəkildə müntəzəm olaraq ödənilmişdir. Bunun nəticədir ki, hal-hazırkı tarixədək cavabdeh "xxxx" ASC-dən bugünə qədər onlara həmin borcun ödənilməsi barədə hər hansı xəbərdarlıq, yazılı bildiriş gəlməmişdir. Çünki cavabdeh müəssisə həmin borcun əsassız olduğunu özü qəbul etmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abunə haqqından çıxarışdan görünür ki, abunəçi X1 elektrik enerjisinə görə 682,51 manat borcu qaçqın borcu olaraq silinməlidir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və təmin olunan hissə 682,51 manat təşkil etdiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat olmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 1527 (abonent kodu **********01527) ünvanına məxsus cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 682,51 manat borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar