Məhkəmə qərarları › İş №2(028)-178/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-178/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-178/2021 02.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi X1 Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, Betonzavod ərazisində Kimyaçılar küçəsində sənədsiz inşa edilmiş 5 nömrəli ünvana əsassız olaraq hesablanmış 4104 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Qubadlı rayonundan məcburi köçkün kimi 2000-ci ildən ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Betonzavod ərazisində Kimyaçılar küçəsində sənədsiz inşa edilmiş 5 nömrəli ünvanında məskunlaşmışdır.Həmin vaxtdan cavabdehə su sayğacı quraşdırılması ilə əlaqədar dəfələrlə müraciət etmiş, lakin müxtəlif bəhanələrlə sayğac quraşdırılmamışdır.Cavabdeh ilə əldə olunmuş razılaşmaya əsasən qeydiyyatda olan üç nəfər ailə üzvünün hər birinin 2 manat 50 qəpik olmaqla bildirişə əsasən sudan istifadə haqqını vaxtı-vaxtında ödəmişdir. 2020-ci ilin mart ayından cavabdehdən bildiriş gəlmədiyinə görə sudan istifadə haqqını ödəməmişdir. Yaxın vaxtda cavabdeh tərəfindən ünvanlanmış bildirişə əsasən ona hesablanmış 211,76 manat borcu hissə-hissə ödəməyə başlamışdır.Həyatda inşa etdiyi avtoyuma məntəqəsində sudan istifadəyə dair qeyri-əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair 02 iyun 2014-cü il tarixdə X5 idarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 013992 saylı akta əsasən avtoyuma müəssisəsində bir ədəd su sayğacı quraşdırılmışdır.Həmin vaxtdan sayğaca uyğun olaraq su haqqını vaxtı-vaxtında ödəmişdir. 04 mart 2021-ci il tarixdə cavabdehin əməkdaşları onun iştirakı olmadan və heç bir xəbərdarlıq edilmədən guya sayğacdan kənar qanunsuz su xəttindən istifadə edildiyinə görə tərtib edilmiş 007095 nömrəli akta əsasən su təchizatı və kanalizasıya xidmətlərindən qanunsuz istifadəyə görə ona 4104 manat cərimə yazılmışdır. Hesab edir ki, həmin akt qanunsuz və əsassızdır.Su xəttinə qanunsuz qoşulmaqla bağlı ona heç vaxt xəbərdarlıq edilməmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası qanununun 48-ci maddəsinə əsasən, pozuntuların aradan qaldırılması ilə bağlı Sumqayıt Sukanal İdarəsinin əməkdaşlari tərəfindən xəbərdarlıq edilməli idi. Yaşadığı evdə su sayğacı quraşdırılması ilə əlaqədar dəfələrlə müraciət etməsinə baxmayaraq onun tələbi təmin edilməmişdir. «Su təçhizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası qanununun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifəsidir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüququdur. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi iddianı rədd edərək göstərdi ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 10.03.2021-ci il tarixinə 4104 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınır.Bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, onun vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və 1 sayli “İnşaat” Məhəllə komitəsi tərəfindən İddiaçı verilmiş 31.03.2021-ci il tarixli ailə tərkibli arayışdan görünür ki, İddiaçı ailə üzvləri-həyat yoldaşı və oğlu ilə birlikdə Betonzavod üzrə 1 sayli “İnşaat” Məhəllə komıtəsinin əhatə etdiyi ərazidə ev № 5-də məskunlaşmışdır. İş materiallarında olan və Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən 04.03.2021-ci il tarixdə tərtib edilmiş 007095 aktdan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən avtoyumada baxış keçirilən zaman aşkar olundu ki, sayqacdan kənar d=20 mm qanunsuz su xətti aşkar olundu (qara rezin şlanqla).Obyektin nümayəndəsi aktın doğruduğunu imzalanmaqdan imtina etdi. İş materiallarında olan və Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş abonent kartından görünür ki, İddiaçı 19428273 müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən yuyucu fəaliyyətinə görə cəmi 4104 manat borcu var. İş materiallarında olan və Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, İddiaçı 36938403 müqaviləyə əsasən ünvan 2 ünvana cəmi 211,76 manat borcu var. İş materiallarında olan və Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş abonent haqqında məlumatdan görünür ki, İddiaçı sudan istifadə haqqını 2021ci ilin mart ayına qədər vaxtı-vaxtında ödəmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, İddiaçı tərəfindən sayqacdan kənar qanunsuz su xəttindən istifadə edilməsi Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən 04.03.2021-ci il tarixdə tərtib edilmiş 007095 aktından başqa hər hansı sübut növü ilə, o cümlədən video yazıları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Betonzavod ərazisində Kimyaçılar küçəsində sənədsiz inşa edilmiş 5 nömrəli ünvana əsassız olaraq hesablanmış 4104 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar