Məhkəmə qərarları › İş №2(028)-203/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-203/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-203/2023 03.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı Bağ evinə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 2065,92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün kimi gəlib Sumqayıt şəhərində yataqxanada, 2010-cu il tarixdən isə bu günə kimi Ceyranbatan qəsəbəsi, X3 Massivində öz vəsaitləri hesabına tikdikləri Bağ evində məskunlaşmışlar. Yaşadıqları bağ evində bütün kommunal xəttlər (qaz, işıq, su və kanalizasiya) mövcuddur və hər biri üçün ayrı-ayrılıqda sayğaclar quraşdırılmışdır. 2012-ci ildə yaşadıqları Bağ evinin çöl divarına elektrik enerjisindən istifadəyə görə sayğac quraşdırılmışdır. Sayğac yaşayış evindən çöldə, mişar daşından hörülmüş hasara bərkidilmiş və möhürlənmiş halda yerləşdirilmişdir. Həmin vaxtdan etibarən mütəmadi olaraq elektrik enerjisindən istifadəyə görə tərəflərindən bütün ödənişlər edilmiş və heç vaxt borcları olmamışdır. Lakin, xx.xx.2023-cü il tarixdə axşam saat 16:00-17:00 radələrində onlara məlum olmayan səbəbdən qısa qapanma baş vermiş və işıqları sönmüşdür. Həmin əraziyə xidmət edən Tural adlı nəzarətçinin ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub bu barədə bildirmişlər. Nəzarətçi Tural təxminən 1 saatdan sonra gəlib onların evinin elektrik enerjisi xəttini birbaşa qoşaraq işığı yandırmış və bildirmişdir ki, 3-4 gündən sonra onların evinə yeni sayğac quraşdıracaqlar. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları gəlib köhnə sayğacı çıxarmış və yeni sayğac quraşdırmışlar. Təzə sayğacı quraşdırandan təxminən 15 gün sonra isə onları xəbərdar etmədən elektrik enerjisini kəsmişlər və onlar işıqsız qalmışlar. Bundan sonra, onların üzərlərinə əsassız olaraq elektrik enerjisi sərfiyyatına görə 2065.92 manat məbləğində pul hesablamışlar. Halbuki 15-20 gün ərzində tərəflərindən bu qədər məbləğdə enerjidən istifadə edilməsi qeyri-mümkündür. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bağ evində yaşadıqları müddət ərzində tərəflərindən elektrik enerjisindən istifadə qaydalarının pozulması, elektrik sayğacına kənar müdaxilə olunması və s. neqativ hallar müşahidə olunmamış və bu barədə cavabdeh təşkilat tərəfindən onlara qarşı hər hansı bir akt tərtib edilməmişdir. "xxxx" ASC-nin abunə haqqında hesabdan çıxarış vərəqəsində elektrik enerjisindən istifadəyə görə ödəniləcəyi göstərilmiş 2065.92 manat məbləğində pul vəsaitinin necə yaranması və necə hesablanması onlara məlum deyil. Eyni zamanda onlara o da məlum deyil ki, 2065.92 manat məbləğində pul vəsaiti cərimədir, yoxsa sərf olunmuş enerjiyə görə yaranmış borc? Bu məbləğ necə hesablanıb? Hansı tarixdən - hansı tarixə? Əgər elektrik sayğacına müdaxilə olunmaqla dövlət möhürünün trosu kəsilmişsə və hesab mexanizminin rəqəmləri qarışmışdırsa, Abunə haqqında Çıxarışda elektrik enerjisindən istifadə qaydalarının pozulması müşahidə olunmalıdır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hçsablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq AR Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən ,sayğacların üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Sayğacda olan hesablamalara, aşkar edilmiş qüsura görə istehlakçı məsuliyyət daşımır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etmədi və etiraz edərək göstərdi ki, "xxxx" ASC-nin əməkdaşları iddiaçının mənzilinə baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayiş evinə məxsus elektrik sayğacının giriş-çıxış qrifləri yanıb, işlədəçilər şəbəkəyə birbaşa qoşulubdur. Ölçmə zamanı xəttən axan yür:İZ 0,6 A. Qoyuluş üçün sayğacın nominal cərəyanına əsasən 17,6 kvt təşkil edir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən, xx.xx.2023-cü il tarixli NDM 031110 saylı akt əsasında 1280,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş. Həmçinin həmin mənzildə kənar xətti aşkar edilmiş və bu barədə video çəkiliş aparılmışdır. İddiaçının istifadəsinə xx.xx.2023-cü il tarixdə yeni sayğac verilmiş, sayğac oxunması həyata keçirilmiş və dəyəri 21,68 manat təşkil edən 271 kvt saat dəyərində elektrik enerjisi istehlak edilmişdir. İddiaçı sayğacdan kənar işlədicilərdən istifadə etdiyi zaman sayğacın enerji sərfiyyatı göstəricisi 3-7 manat civarında təşkil etmişdir. Bu da onu göstəriri ki, iddiaçı həqiqətən də elektrik enerjisindən qanunsuz istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçını və cavabdehinin nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqından görünür ki, abunəçi İddiaçı elektrik enerjisinə görə 2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2065,92 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı evində xx.xx.2023-cü il tarixdə qısa qapanma olduğuna görə elektrik sayğacının giriş-çıxış qrifləri yanıb, işlədəcilər şəbəkəyə birbaşa qoşulubdur. Məhz buna görə elektrik enerjisinə görə qısa müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1280,40 manat borcu yaranmışdır İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli NDM N031110 nömrəli aktına əsasən baxış keçirilən zaman məlum oldu ki,fərdi yaşayiş evinə məxsus elektrik sayğaçının giriş-çıxış qrifləri yanıb, işlədəcilər şəbəkəyə birbaşa qoşulubdur.Ölçmə zamanı xəttən axan yür:İZ 0,6 A . Qoyuluş üçün sayğaçın nominal cərəyənına əsasən 17,6 kvt təşkil edir.Sayğaç yenisi ilə əvəz edilsin, çıxarılan sayğaçın bütün parametlərə laborotoriya şəraitində rəy verilsin.Yaddaşı oxunsun. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1280,40 manat məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar