Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-260/2025 04.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1294,27 manat borcun **********00192 saylı abonent kodundan silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, 2043,8 manat dondurulmuş borcun və 1271,41 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddiaçının əsassız hesablanmış 1294,27 manat borcun **********00192 saylı abonent kodundan silinməsi tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdu ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Kənar faza xətti sayğacları qidalandıran ümumi paylayıcı şəbəkədən götürülərək mənzilə çəkilmişdir. xx.xx.2025-ci il tarixdə 010424 saylı akt tərtib edilmişdir. Akt əsasında itirilmiş elektrik enerjisinin dəyəri olaraq 1271,41 manat hesablaşma apırılmışdır. İddiaçı isə ona 1294,27 manat məbləğində hesablaşma aparıldığını qeyd edir. Yerdə qalan məbləğ onun sərf etdiyi, lakin vaxtında ödəmədiyi elektrik enerjisinin dəyəridir. Abonentin halhazırda 1370,82 manat məbləğində borcu vardır. Pozuntu faktının video qeydiyyatı aparılmışdır. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək bildirdi ki, ünvan 1 ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Abonent kodu öz adına qeydiyyatdadır. Lakin ona əsassız olaraq cavabdeh tərəfindən 1294,27 manat cərimə yazılıb. Bu barədə aylıq ödəniş haqqında bildiriş gəldiyi vaxt xəbəri olmuşdu. Sumqayıt Elektrik Şəbəkəsinə müraciət edərək aktın nüsxəsini istəmişdir. Lakin ona aktı verən olmamışdı. O, ümumilikdə aylıq 10-15 manatlıq enerji işlədir. Birdən-birə ona bu qədər cərimə yazılmasını qəbul etmir. Həmçinin akt tərtib olunan zaman onun iştirakı təmin olunmalı və hər hansı mübahisə predmeti varsa, onu da məlumatlandırmalı idilər. Hər ay "xxxx" ASC-nin əməkdaşları gəlib sayğacı yoxlayırdılar. O, istifadə etdiyi elektrik enerjisinin dəyərini bütün aylar üzrə ödəmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuzdur. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə 010424 saylı Akt tərtib edilmişdir. Akt əsasında itirilmiş elektrik enerjisinin bərpası olaraq 1271,41 manat hesablaşma aparılmışdır. Digər məbləğ olan 2043,8 manat borc məbləği xx.xx.2016-cı ildə dondurulmuş borc məbləğidir. Evin alqı-satqısı zamanı və ya sayğaclar dəyişən zamanı vətəndaş ASAN xidmətdə müraciət etdikdə həmin borcun mövcudluğu bildirilir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Abunə haqqına əsasən abunəçi Müşviq Babayevin elektrik enerjisinə görə xx.xx.2016-cı il tarixə 2043,8 manat qaçqın borcu vardır. "xxxx" ASC-nin 010424 saylı xx.xx.2025-ci il tarixli Aktına əsasən E.E.İ.Q-na uyğun baxış apararkən məlum olmuşdur ki, mənzilə (istehlakçı Müşviq Babayev) sayğac sxemindən kənar xətt daxil olur. Kənar faza xətti sayğacları qidalandıran ümumi paylayıcı şəbəkdən götürülən mənzilə çəkilmişdir. Ölçmə zamanı xəttdən axan yük Pkən=3,3 kvt, Psay= 0 (sıfır). Belə ki, Azərbaycan Respublikası “Elektroenergetika haqqında” Qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraq tələb edilməkdə davam edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən abonentin xx.xx.2016-cı ilə qədər olan 2043,8 manat borcu və Sumqayıt şəhəri, 40-cı məhəllə, bina 2, mənzil 11-ə (abonent kodu **********00192) cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 010424 saylı akta əsasən elektrik enerjisindən istifadəyə görə hesablanan 1271,41 manat borc silinməlidir. Eyni zamanda "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixli 010424 saylı akta dair hissədə izah edilir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli 010424 saylı akta əsasən əsassız hesablanmış 1271,41 manat borc və 2043,8 manat dondurulmuş borc **********00192 saylı abonent kodundan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-260/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-260/2025
04.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver