Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-272/2023 24.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı vəkili və nümayənsəsi Vəkil, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən onun istifadəsində və sahibliyinda olan Sumqayıt şəhəri, St.Sumqayıt, Radio zavodun binası, ev 1, otaq 2yə əsassız olaraq hesablanmış 2592 manat məbləğibdə cərimənin və sayğacın dəyəri olaraq 130 manat 74 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayənsəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür və qeyd olunan ünvanda faktiki olaraq yaşayır. Qaz sayğacı həyat yoldaşı X2 adınadır.O, 2008-ci ildə vəfat etmişdir.Qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və sayğaca heç vaxt müdaxilə etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən mənzilin qaz sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, guya sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğundan sayğac istismara yararsızdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Bundan sonra cavabdeh iddiaçıya məktub göndərmiş və məktubda qeyd olunmuşdur ki, ünvanda olan G-6 markalı ******* nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanlarından çıxarılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyindən və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sayğacın dəyəri olaraq 130,74 manat ödənilməlidir. Sonradan iddiaçıya məlum olmuşdur ki, sayğacın dəyərindən əlavə ona 2592 manat məbləğində cərimə hesablanmışdır. Hesab edir ki, cavabdehin iddiaçıdan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdehin iddiaçıdan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh iddia etmişdir ki, guya sayğaca müdaxilə etmişdir.Sayğac iddiaçıya məxsus evindən kənarda quraşdırılmışdır.Yəni həmin sayğac həyətdə, çöldə quraşdırıldığı üçün sayğaca o, məsuliyyət daşımır. Eyni zamanda akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiqedilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz edərək göstərdi ki, tələb olunan məbləğ aktlar əsasında hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayənsəsini və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğacının kalibrlənmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2023-ci il tarixli 14-2-2/3-5-1466-1 aktına əsasən ******* sayğaca ümumi baxış keçirildi.Sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.Sayğac istismara yararsızdır İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən G4 markalı (0653111) sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il tarixə Firudin İsaqovun qalıq və aktlar üzrə 2592 manat borcu var. İş materiallarında olan «Azəriqaz» İB-nin Firudin İsaqova ünvanladığı məktubda göstərilir ki, onun ünvanında olan G-6 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyindən və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 130,74 manat ABB Sumqayıt filialının AZ51BAZ******************** nömrəli hesabına ödənilməlidir.Ödəniş qəbzinin surəti Sumqayıt QİS-nə təqdim edilməlidir.Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz» İB tərəfindən İddiaçı istifadəsində və sahibliyinda olan Sumqayıt şəhəri, St.Sumqayıt, Radio zavodun binası, ev 1, otaq 2-yə əsassız olaraq hesablanmış 2592 manat məbləğibdə cərimə və sayğacın dəyəri olaraq 130 manat 74 qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-272/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-272/2023
24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver