Məhkəmə qərarları › İş №2(028)-292/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-292/2025

29.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-292/2025 29.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və onun üzərində qəyyum təyin edilməsinin Qubadlı rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, oğlu xx.xx.2005-ci il təvəllüdlü X3 anadangəlmə ruhi xəstədir. Diaqnoz: Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. O, hal-hazırda 19 yaşının içindədir. Əkbər öz hərəkətlərini və onun nəticələrini dərk etmir, uzun illərdir mütəmadi müalicə olunmasına baxmayaraq, səhhətində hər hansı irəliləyiş müşahidə olunmamışdır. Özü də uşaqlıqdan xəstəliyi ilə əlaqədar pensiya alır. Hal- hazırda ona müddətsiz pensiya təyin edilmişdir. Əmək qabliyyəti yoxdur. Sərbəst və müstəqil hərəkət etmək iqtidarında deyil. Kənar şəxsin daimi köməyinə ehtiyacı vardır. Oğluna özü qulluq və nəzarət edir. Əkbərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun pensiyasını ala bilmir və müalicəsi ilə bağlı bir sıra hərəkətləri edə bilmir. Artıq onun on səkkiz yaşı tamamdır və o, yetkinlik yaşına çatmışdır. Buna görədə onunla əlaqədar hər hansı bir işlə bağlı getdikdə onun özünün gəlməsini tələb edirlər. Xəstə olduğunu və gəlmək iqtidarında olmadığını dedikdə isə qəyyumunun gəlməsini və onun adından qəyyumunun ona dair işləri görməsini tələb edirlər. Lakin ona qəyyum təyin edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hazırki mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin 1954 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X2 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71.1) qeyd olunur. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. - 34.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. - 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. - 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X1 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə X1 üzərində qəyyum təyin edilməsinin Qubadlı rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qəbul edilmiş qərar fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar