Məhkəmə qərarları › İş №2(028)-425/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-425/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-425/2025 08.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə mülkiyyətçi Cavabdeh 26000 manata almış olduğu “Range Rover” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyat vasitəsinin əldə edilməsi məqsədi ilə bir neçə avtosalonlara baxmışdır. Bakı şəhəri Abşeron rayonu Saray qəsəbəsində yerləşən avtomobil satışı salonunda “Range Rover” minik markalı nəqliyyat vasitəsinin satılmasının şahidi olmuşdur. Həmin vaxtı qeyd edilən nəqliyyat vasitəsinin əldə edilməsi üçün salon rəhbərliyi ilə danışdıqdan sonra mülkiyyətçi olan Cavabdeh ilə əlaqə saxlamaqla görüşmüşdür. Sözügedən avtomobilin əldə edilməsi məqsəd ilə cavabdehə xx.xx.2022-ci il tarixdə 26000 manat nağd şəkildə ödəməklə ona eyni tarixdə ƏN-Vİİİ 121231 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. Nəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsi maddi imkansızlıq səbəbindən mümkün olmamışdır. Sonradan verilmiş etibarnamənin müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdə ƏN-Vİİİ 507483 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair yeni etibarnamə verilmişdir. Qeyd edilən etibarnamənin müddəti bitdiyindən hazırda yeni etibarnamə əldə edilməsi zərurəti yaranmış, lakin Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və azadlığı məhdudlaşdırılmışdır. İstifadəsində olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əldə edilməsi zərurəti yarandığından cavabdehin saxlandığı Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdikdə Cavabdeh nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verməsinə razılığını bildirsə də, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri notariat ofisinin notariusu tərəfindən Bakı İstintaq Təcridxanasında aparılan notariat hərəkətlərində yalnız nəqliyyat vasitəsinin istifadə edilməsi barədə etibarnamə verilmişdir. Qeyd olunmuş əsaslara uyğun olaraq cavabdehə qarşı nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, “Range Rover” minik markalı nəqliyyat vasitəsini cavabdehdən 26000 manata almışdır. Həmin məbləği ödəməsini təstiq edən heç bir sənədi yoxdur. Yalnız cavabdeh özü bunu təstiq edə bilər. Sözügedən nəqliyyat vasitəsini cavabdehdən iki dəfə etibarnamə alaraq idarə etmiş, səhlənkarlıq ucbatından nəqliyyat vasitəsini öz adına özəlləşdirməmişdir. Cavabdeh barəsində CM-nin dələduzluq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda həmin məhkəmədə Cavabdeh barəsində məhkəmə istintqı davam edir. Bundan başqa bildirir ki, o, təqsirləndirlən şəxs tərəfindən ona həmin avtomobilə dair yenidən etibarnamə verilməsinə icazə verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, məhkəmənin onun müraciətinə 13 iyun 2025-ci il tarixli cavab məktubunda nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla digər etibarnamənin verilməsinə etiraz edilmədiyi bildirilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı İstintaq Təcridxanasında olduğuna görə məhkəmə iclasında işirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisinə ünvanladığı məktuba əsasən təqsirləndirilnə şəxs Cavabdeh adına olan 2006-cı il buraxılışlı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı “Range Rover” markalı avtomobilə dair etibarnamənin (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) İddiaçı verilməsi məqsədilə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X1 Bakı İstintaq Təcridxanasına buraxılmasına etiraz edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cü maddənin İİİ hissəsi - Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3-cü mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1-ci fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 1151.1-ci mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir Maddə 1153-cü şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəlişəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə qaydasında müəyyən edilən işlərdəndir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddiaçının izahatını və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı iddiasını şifahi alqı-satqı müqaviləsinə istinadla əsaslandırmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə görə nəqliyyat vasitəsinin alqı-satqısı yalnız yazılı müqavilə ilə və notarial qaydada rəsmiləşdirilməklə etibarlıdır. Şifahi razılaşma nəqliyyat vasitəsinin mülkiyyətinin keçməsi üçün hüquqi əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülki hüquqlar və öhdəliklər müvafiq müqavilənin bağlanması və icrası nəticəsində yaranır. Mülki Məcəllənin müddəalarına görə, alqı-satqı müqaviləsi daşınar əşyalarla (o cümlədən nəqliyyat vasitələri ilə) bağlı bağlandıqda, həmin əmlakın alıcının mülkiyyətinə keçməsi üçün müqavilənin bağlanması və əmlakın faktiki olaraq təhvil verilməsi kifayət sayılır. Lakin, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət hüququ əmlakın yeni sahibinə keçdiyi andan qüvvəyə minir. Lakin nəqliyyat vasitəsinin mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün normativ hüquqi aktlara əsasən həmin nəqliyyat vasitəsi müvafiq dövlət qeydiyyatına alınmalı və mülkiyyətçi kimi dövlət qeydiyyatı şəhadətnaməsində göstərilməlidir. Azərbaycan Respublikasının hüququnda mülki dövriyyənin əsas prinsiplərindən biri – hüquqi müəyyənlik və şəffaflıq prinsipidir. Əgər alqı-satqı müqaviləsi yalnız şifahi razılaşmaya əsaslansaydı, mülki dövriyyədə subyektlər üçün hüquqi qeyri-müəyyənlik yaranardı. Xüsusilə nəqliyyat vasitələri kimi qeydiyyata alınmalı əmlakın mülkiyyət hüququ yalnız notarial qaydada rəsmiləşdirilmiş müqavilə və qeydiyyat əsasında tanınmalıdır. İddiaçı tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli 10 illik müddətə verilmiş yalnız hüquqi nümayəndəlik funksiyası daşıyır və mülkiyyət hüququnun ötürülməsi haqqında sübut xarakteri daşımır. İddiaçının tələbi ondan ibarətdir ki, etibarnamə və faktiki istifadə əsasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılsın. Lakin bu, hüquqi baxımdan yolverilməzdir. Məhkəmə yalnız qanunla müəyyən olunmuş hallar üzrə və mövcud hüquqi əsaslar çərçivəsində qətnamə çıxara bilər. Şifahi razılaşmanın olması və alıcının adında dövlət qeydiyyatının olmaması halında, iddiaçının tələb etdiyi nəticənin tanınmasına hüquqi əsas yoxdur. Etibarnamə yalnız nümayəndəlik səlahiyyəti verir, mülkiyyət hüququ keçirmir. Etibarnamənin mövcudluğu özü-özlüyündə müqavilə sübutu sayıla bilməz. Həmçinin, etibarnamə birtərəfli hüquqi əməl hesab olunur və onun verilməsi nəticəsində əmlak üzərində sərəncam hüququ yaranmır. Yəni, etibarnamə əsasında hüquqi fakt (alqı-satqı) meydana gəlmədiyindən, "bağlanmış hesab edilməsi" hüquqi konstruktunda da tətbiq edilə bilməz. Qanunvericiliyə əsasən hüquqi faktların müəyyən edilməsi üçün xüsusi qayda nəzərdə tutur. Lakin məhkəmənin alqı-satqı müqaviləsinin “bağlanmış hesab edilməsi” barədə qətnamə çıxarması üçün əsas yalnız bağlanmış, lakin formal pozuntuya görə tanınmayan hallarda mümkündür. Bu işdə isə müqavilə heç bir formada mövcud deyil, iddiaçının yalnız faktiki münasibət və etibarnamə əsasında istifadə iddiası var. Bu isə mülki dövriyyənin sabitliyini pozaraq, ölmüş şəxslə müqavilə bağlanması presedenti yarada bilər ki, bu da hüququn ümumi prinsiplərinə ziddir. Bu halda iddiaçının avtomobili öz adına keçirmək niyyəti yalnız cavabdehin iradəsi ilə mümkün ola bilər. Məhkəmə tərəfindən birtərəfli şəkildə müqavilə bağlanmış hesab edilə bilməz. Yuxarıda qeyd olunan hüquqi arqumentlərə əsasən, iddiaçının təqdim etdiyi sənədlər və istinad etdiyi hallarla alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, yalnız cavabdeh tərəfindən rəsmi qaydada müqavilə bağlanarsa, iddiaçı həmin avtomobilin mülkiyyətini əldə edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətçi Cavabdeh 26000 manata almış olduğu “Range Rover” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətçi Cavabdeh 26000 manata almış olduğu “Range Rover” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar