Məhkəmə qərarları › İş №2(028)-429/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-429/2025

01.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-429/2025 01.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2006-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2006-ci il təvəllüdlü X4 onun övladıdır. Uşaq dünyaya gələndə xəstə doğulmuş və sonradan xəstəlik həkimlər tərəfindən “Uşaq autizmi, Kaner sindromu, ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu İQ-25” kimi qiymətləndirilmişdir. 18 yaşına çatanadək onun bütün qayğısını valideynləri çəkib. Ayxan Məhyəddinov əlildir, əmək qabiliyyətsizdir. Əlillik müddətsiz təyin edilmişdir. Daim kənar şəxslərin qulluğuna ehtiyacı var. Hazırkı vəziyyətdə o, yetkinlik yaşına çatmışdır. Ona hər hansı bir sənəd lazım olanda öz fikirlərini ifadə edə bilmir. Övladının üzərində qəyyum təyin olunması üçün Qubadlı Rayon İcra hakimiyyətinə müraciət etdikdə ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Övladının xəstəliklərinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsinə mane olur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin 2966 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 uşaq autizmi, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən sonuncu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. - 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X2 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün Ayxan Məhyəddinov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar