Məhkəmə qərarları › İş №2(028)-464/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-464/2025

24.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-464/2025 24.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən faktiki olaraq onun istifadəsində olan ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1220 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, əlavə olaraq dondurulmuş qaçqın borcu olan 708 manat vəsaitin də silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yaşadığı ev faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, Qubadlı rayonundan məcburi köçkündür və 2005-ci ildən həmin ünvanda ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. O, məcburi köçkün olduğundan elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilmiş, 12 mart 2025-ci il tarixdə ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, guya mənzildə sayğac sxemindən kənar xətt daxil olur. Halbuki cavabdeh şəxslərin özləri də təsdiq ediblər ki, yanlış anlaşılmadır. Hazırda cavabdeh tərəfindən ona əsassız olaraq 1220 manat məbləğində borc hesablanmışdır. Tələb olunan dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Ünvanında 2023-cü ilədək sayğac olmamışdır. Sayğac 2023-cü ildən ünvana quraşdırılıb və kart sistemidir. Həmin borc əsassız olaraq hesablanmışdır və borc silinməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Yerli baxış zamanı iddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi videoçəkilişdə göstərilən guya ki sayğacları qidalandıran ümumi şəbəkədən əlavə enerji xətti çəkərək istifadə etdiyi iddia edilən kondisionerin ona aid olmadığını və videoda qonşu Cəfərova məxsus kondisionerin lentə alındığını bildirmişdir. Cavabdeh "xxxx" ASC etiraz ərizisi ilə məhkəməyə müraciət edərək, iddiaçının ASC tərəfindən əsassız hesablanmış 1220 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə enerji təchizatı müəssisənin əməkdaşları tərəfindən iddiaçıya məxsus, mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayağcı qidalandıran ümumi şəbəkədən çəkilmişdir. Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ)” 8.14-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli NİM 10746 saylı akt tərtib edilərək 1220,4 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının əsassız hesab etdiyi borc tam qanuni hesablanmış borc məbləğidir. Belə ki, xx.xx.2025-ci il tarixdə mənzilə baxış keçirilən zaman "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar xəttin çəkildiyi aşkar edilmişdir. Bu barədə akt tərtib olunmuş və elektrik enerjisinin itkisinə görə 1220 mana borc hesablanmışdır. İddiaçının elektrik enerjisinə görə adına 708,06 manat dondurulmuş borc məbləği varıdır. Həmin məbləğ evin alqı-satqısı zamanı və ya sayğaclar dəyişən zamanı vətəndaş ASAN xidmətə müraciət etdikdə borcun mövcudluğu bildirilir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Yerli baxış zamanı cavabdehin nümayəndəsi İddiaçı qonşusu Cəfərova qarşı da "xxxx" ASC tərəfindən sayğacdan kənar xəttdən istifadə ilə bağlı akt tərtib edildiyini qeyd etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-nin 010746 saylı xx.xx.2025-ci il tarixli Aktında qeyd olunur ki, EEİQya uyğun baxış apararkən məlum oldu ki, istehlakçı İddiaçı yaşadığı mənzilə sayğac sistemindən kənar xətt daxil olur. Kənar xətt sayğacları qidalandıran ümumi şəbəkədən birbaşa çəkilmişdir. Ölçmə zamanı xəttdən axan yük: Pkən= 1,98 kvt, Psay=0. Qoyluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm2 aliminium Pqoy= 11 kvt təşkil edir. Abunə haqqında saldoya əsasən abunəçi İddiaçı elektrik enerjisinə görə xx.xx.2016-cı il tarixə 708,06 manat dondurulmuş qaçqın borcu mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qeyd edilmişdir. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası “Elektroenergetika haqqında” Qanununun: - 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraq tələb edilməkdə davam edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən abonentin xx.xx.2016-cı ilə qədər olan 708,06 manat dondurulmuş borc və ünvan 1-ə (abonent kodu **********00241) cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 010746 saylı akta əsasən elektrik enerjisindən istifadəyə görə hesablanan 1220 manat borc silinməlidir. Eyni zamanda "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixli 010746 saylı akta dair hissədə izah edilir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisindən istifadəyə görə xx.xx.2025-ci il tarixli 010746 saylı akta əsasən əsassız hesablanmış 1220 manat borc və 708,06 manat dondurulmuş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar