Məhkəmə qərarları › İş №2(028)-5/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-5/2024

19.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-5/2024 19.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X4 anadangəlmə ağır dərəcəli əqli gerilik, daimi ciddi qulluq tələb edən davranış pozuntuları xəstəliyindən əziyyət çəkməklə Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserində ruhi xəstə kimi qeydiyyatdadır. Qızının hazırda 19 yaşı var və ərizəçinin öhdəsində yaşayır. Nigar özünü müstəqil idarə edə bilmir. Onun kənar şəxsin köməyinə ehtiyacı vardır. Hərəkətlərini dərk etmir. Bu səbəbə görə ərizəçi qərara almışdır ki, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini rəsmiləşdirsin. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki mülki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin 1569 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X2 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, ruhi xəstəliyə məruz qalmış X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar