Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-632/2023 07.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 1879D-yə, **********00795 abonent koduna əsasız olaraq hesablanmış 518,40 ( beş yüz on səkkiz,40) manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı, **********00795 abonent kodu üzrə təbii qaz istifadəçisidir. Qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və sayğaca heç vaxt müdaxilə etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən mənzilin qaz sayğacına baxış keçirilmiş və tərtib edilmiş aktda Metrologiya Departamentinin rəyinə əsasən sayğaca baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yararsız olduğu qeyd olunmuşdur.Həmin akta əsasən ona 518,40 manat məbləğində cərimə hesablanmışdır, halbuki sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac iddiaçıya məxsus mənzilin içində deyil, ümumi darvazadan çöldə yerləşir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi iddianı qəbul etmədi və göstərdi ki, sayğaca müdaxilə olmuşdur.Bunun nəticəsində 4320 m3 qaz itirilmiş və qazın qiyməti 518,40 manat təşkil edir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehinin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrlənmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2023-ci il tarixli MSK-14-2-2/3-5-8856/Q001 saylı aktına əsasən **********0 sayğaca ümumi baxış keçirildi.Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğacın istismara yararsızdır. Dəymiş ziyan həcmi 4320 m3. İş materiallarında olan Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən G4 markalı **********0 sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var.Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü il tarixə İddiaçı qalıq və aktlar üzrə 518,40 manat borcu var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğacçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin qaydalarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 1879D-yə, **********00795 abonent koduna əsasız olaraq hesablanmış 518,40 (beş yüz on səkkiz,40) manat məbləğində hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-632/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-632/2023
07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver