Məhkəmə qərarları › İş №2(028)-640/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-640/2025

17.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-640/2025 17.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 1016,3 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə dəqiqləşmə barədə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən ona hesablanmış 1036,8 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, st.Sumqayıt yaşayış kompleksi, ev 5, mənzil 32-də ailəsi ilə birlikdə yaşayır. Mənzilə Smart tipli qazsayğacı quraşdırılmışdır. Karta pul yüklədikdə yüklənilən pula uyğun təbii qazdan sitifadə edirlər. Karta pul yüklədikdə yüklənən vəsaitin silindiyini görüb cavabdeh təşkilata müraciət etmiş, xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi sayğaca baxış keçirmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin aktda Metrologiya Departamentinin rəyinə görə G-4 markalı (30.12.22) 1802AZ**********22, 20515760 nömrəli plomb kəsilərək G-4SM/7130 saylı qutu açılmış, sayğaca baxış keçirilmişdir. Sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındığı, nəticədə sayğacın ALARM-1 rejimində olduğu, xəta təyin edilmədiyi müəyyən edilmişdir. Bundan başqa sayğacın çıxış yivli birləşməsi ətrafında sızma mövcud olduğu sayğacın kipliyə yarasız olduğu, kamera vasitəsi ilə daxilə baxış keçirildikdə kənar təsir izlərinin aşkar edilmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Göründüyü kimi kənarda quraşdırılmış sayğaca nə onun, nə də başqa bir şəxsin kənar müdaxiləsi olmamışdır. Lakin cavabdeh tərəfindən ona əsassız borc hesablanmışdır. Bu barədə xəbərdarlıq edilmədiyindən vaxtında tədbir görməmişdir. Nəticədə istifadə etmədiyi təbii qaza gör ona əsassız olaraq 1016,3 manat cərimə hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edib, iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, tərəflərindən sayğaca baxış keçirilərək xx.xx.2022-ci il tarixdə akt tərtib edimişdir. Laboratoriya müayinəsi zamanı məlum olmuşdur ki, sayğaca kənar müdaxilə olmayıb, lakin sayğac istismara yarasızdır. Alarm 1 rejimindədir. Qanunvericiliyə 2022-ci ilin iyun ayından edilən dəyişiklərə əsasən Cavabdeh İB hər hansı qanun pozuntusu aşkar etdikdə X1 müraciət etməli, müvafiq araşdırmalardan sonra inzibati protokol tərtib etməlidir. Ona görə də tələb olunan borc iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçını və cavabdehinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh İB-i tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən Sumqayıt şəhəri, st.Sumqayıt yaşayış kompleks, bina 5, mənzil 32-də 8640 m3 qaz itirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB Qaz sayğacının yoxlanması barədə AKT№ MSK-29/1710-04983-1 saylı xx.xx.2022-ci il tarixli akta əsasən 1802AZ**********22 nömrəli sayğac dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. 20515760 nömrəli plomb kəsilərək G-4SM/7130 saylı qutu açılmışdı. Sayğaca baxış keçirilmişdi. Sonuncunun element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac ALARM-1 rejimindədir. Xətalar təyin edilməmişdir. Sayğacın çıxış yivli birləşməsi ətrafında sızma mövcuddur. Sayğac kipliyə yararsızdır. Kamera vasitəsi ilə daxilə baxış keçirildi. Kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yarasızdır. Abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı (**********00320) qalıq və aktlar üzrə 1036,8 manat borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, iddiaçının yaşadığı qeyd olunan mənzilə təhkim edilmiş yerləşən sayğac dövlət yoxlaması nəticəsində yararsız hesab edilmiş və tərtib edilmiş aktda sayğaca kənar müdaxilənin olmadığı göstərilmişdir. Belə olan halda itirilmiş qazın bərpası məqsədi ilə cavabdeh tərəfindən iddiaçının abuna koduna borc hesablaması əsassızdır və iddia tələbi rədd olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi məhz qaz paylayıcısı daşıdığından və sayğaca cavabdeh tərəfindən hazırki iş üzrə müdaxilə halı müəyyən edilmədiyindən iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən abonent kodu **********00320 olan Sumqayıt şəhəri, st. Sumqayıt yaşayış kompleksi, ev 5, mənzil 32-yə əsassız olaraq hesablanmış 1036,8 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar