Məhkəmə qərarları › İş №2(029)-1/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1/2024

13.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1/2024 13.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, onun nümayəndəsi- vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında Şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında Şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat kontoru tərəfindən ***-**** olan vərəsəlik işinin materiallarında reyestrdə 2V-210 ilə qeydə alınmış 05 noyabr 2014-cü il tarixdə İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli Seriya ******* saylı mülkiyyət hüququ haqqında verilmiş Çıxarışa əsas olmuş qeydlərindən ½ hissəsi qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə düzəlişləri olunmuş yeni Vərəsəlik haqqında Şəhadətnamənin və mülkiyyət haqqında Çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 09 sentyabr 1996-cı il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə 1910-cu il təvəllüdlü 86 yaşlı X6 vəfat anında ona məxsus bütün əmlakını Bakıda yaşayan (vəfat etmiş oğlu X3 oğlu olan) nəvəsi İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə 1996-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 1964-cü ilin redaksiyasında olan 537-ci maddənin 2-ci hissəsinə və 538-ci maddəsinə istinadən icra olunmuşdur. xx.xx.2006-ci ildə X1 rayonu Urva kəndində vəfat etmişdir və ölümündən sonra vəsiyyətnaməyə əsasən onun bütün əmlakı onun nəvəsi İddiaçı tərəfindən bütövlüklə (tam) faktiki qəbul etdiyindən Qusar rayon notariat kontoru tərəfindən 05 noyabr 2014-cü il tarixdə həmin əmlakın 0.30 ha torpaq və həmin torpaq sahəsində olan yaşayış evinin ½ hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, onun əsasında 14 noyabr 2014-cü il tarixli Seriya ******* saylı mülkiyyət hüququ haqqında Çıxarış verilmişdir. X2 miras kütləsinə olan əmlakın yerdə qalan ½ hissəsi məcburi payın verilməsi üçün cavabdeh tərəfindən açıq saxlanılmışdır. Miras qalmış əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə İddiaçı qəbul etmiş, yiyəlik etmiş və qəbul edilməsi açıq nümayiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən əsassız olaraq iş üzrə tətbiq olunmayan yeni 2000-ci ildə qəbul olunmuş Mülki Məcəllənin müddəasını tətbiq etdiyindən ½ hissəsi məcburi pay kimi açıq saxlandığından İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Cavabdeh hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etmişdir. hesab edir ki, bu səbəbdən cavabdeh tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş mirasa dair mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsas olmuş 1/ hissənin açıq saxlanmasına dair qeydlərin ləğv edilməsi ilə düzəlişlərin aparılması məhkəmə tərəfindən edilməlidir. X6 xx.xx.1996-ci ildə İddiaçı vəsiyyətnaməni vermişdir və həmin hüquqi sənədinə əsasən vəsiyyət edən şəxs öz iradəsini bildirmiş və öz əmlaklara və gələcəkdə olan əmlaklara və hüquqlara dair İddiaçı xeyrinə sərəncamını vermişdir. Eyni zamanda digər qanun üzrə vərəsələr vərəsəlik hüququndan məhrum olunmuşdur. Həmin məhrum etmə müddəası vəsiyyətnamənin 2-ci bəndində 1964-cü ildə qəbul olunmuş və xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 537-ci maddənin 2-ci hissəsinin əsasında müəyyən olunmuşdur. Qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna görə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitysiyanm 149-cu maddəsinin 7-ci hissəsinə əsasən qanunun geriyə qüvvəsi yoxdur. Şəhadətnamə 1996-ci ildə verildiyindən həmin hüquqi münasibətlər 1964-cü ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları ilə tənzimlənir və tətbiq olunur. Lakin, hazırki Şəhadətnamə verildiyi anda tətbiq olunmamalı xx.xx.2000- ci ildə qüvvəyə minmiş və həmin ildən sonraya hüquq münasibətlərinə aid olmuş yeni Mülki Məcəlləni tətbiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, üçüncü şəxs X7 onun əmisidir. Əmisi Osman onun həyətini və 30 sot torpağını almaq istəyir. Nənəsi evi və torpağı ona vəsiyyət etmişdir. 1965-ci ildə atası orada öz puluna ev tikmişdir. Nənəsi və Osman da orada yaşamışdır. Sonra Osman ev tikib getmişdir. Sonra atası və nənəsi vəfat etmişlər. Nənəsi vəfat etməmişdən əvvəl əmlakları ona vəsiyyət etmişdir. O, orada yazılan 1/2 hissənin nə olduğunu anlamamışdır. Latın qrafikini oxuya bilmir. Vəsiyyətnaməni nənəsinin sağlığında görmüşdür. Vəsiyyətnamə veriləndə başqa qohumlar və Osman bilirdi ki, vəsiyyətnamə ona verilib. O zaman heç kim buna etiraz etməmiş, tələbləri olmamışdır. Nənəsi vəfat etdikdən sonra o, Osmana demişdir ki, həmin əmlaklar ona verilmişdir. Osman həmin evə yaxın yerdə yaşamır, evin saxlanması ilə bağlı ümumi heç bir şey yoxdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçı iddiada təsvir olunan halların aradan qaldırılması ilə bağlı Notariat Ofisinə müraciət etmiş, lakin bundan imtina edilmiş, daha sonra isə digər vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi barədə miras qoyanın iradə ifadəsi vəsiyyət edilməsinə baxmayaraq İddiaçı tam vəsiyyət üzrə deyil, yalnız ½ hissədə mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Beləliklə ½ hissəyə Arifin hüququ pozulmuş və həmin hissədə miras açıq qalmışdır. X4 İddiaçı və Qusar rayon Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və mirasın qəbulu üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə isə Qusar rayon məhkəməsi tərəfindən iddia təmin edilsə də, apelyasiya instansiyası məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Onun verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmədə axırıncı dəfə xx.xx.2020-ci il tarixdə həmin işə baxılmış, müəyyən edilmişdir ki, Osman vərəsəliklə bağlı heç bir hərəkət etməmiş, mirası qəbul etməmiş, birinci instansiya məhkəməsi əsaslı və qanuni olmayaraq onun iddiasını təmin etmişdir. Buna görə də, kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli, 2(105)- 342/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq Osman Şərifovun tələbini təmin etməmiş və rədd etmişdir. Osman Şərifov həmin qətnamədən kassasiya şikayəti vermiş və onun şikayəti təmin edilməmişdir. Həmin qətnamədə Osman Şərifovun heç bir halda vərəsəliyi qəbul etməməsi müəyyən olunmuşdur. Beləliklə də, Arif vərəsəlik haqqında şəhadətnaməyə əsasən mirası qəbul etmişdir. Notariusun verdiyi şəhadətnamə isə ½ hissədə qüvvədədir, ½ hissədə açıq qalmışdır. Halbuki, Arifin nənəsi Səlimə onun adına xx.xx.1996-cı ildə tarixdə rus dilində vəsiyyətnamə vermişdir. Vəsiyyətnamədə istinad edilmiş Mülki Məcəlləyə əsasən əgər vəsiyyətnamə verilirsə, vəsiyyət etmiş şəxs bəyan edirsə ki, digər vərəsələri vərəsəlik hüququndan məhrum edir, onda digər vərəsələr mirasdan məhrum olur. Belə olan halda Notarius Arifə vəsiyyət üzrə vəsiyyətnamə verdikdə 100% verməli idi. Bu vəziyyətdə vəsiyyətnamə tərtib olunduğu zaman qüvvədə olmuş Mülki Məcəlləsinin müəyyən etdiyi müddəalar qüvvədə olmalıdır. Həmin Məcəllənin 537 və 538-ci maddələrinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya bir hissəsini ev avadanlığı, məişət predmeti istinad edilməməklə qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və ya daxil olamayan bir və ya bir neçə vətəndaşa habelə dövlət, kooperativ və ya digər ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. İkinci hissədə deyilir ki, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini və ya bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən isə vərəsəliyin əsaslarıdır, yəni – vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 537-ci maddənin 2-ci hissəsinə əsasən vəsiyyət edən bütün vərəsələri vərəsəlik hüququndan məhrum edir. 538-ci maddə isə vərəsəlikdə məcburi pay hüququdur. Yeni Qanunvericilikdə bunun çox böyük fərqi var. Belə ki, burda qeyd olunur ki, miras qoyanın həddi buluğa çatmamış və ya əmək qabliyyəti olmayan uşaqları o cümlədən övladlığa götürülənlər, habelə əmək qabiliyyəti olamayan ərin, arvadın, valideynləri övladlığa götürülənlər və ölənin himayəsində olanlar vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onlardan hər biri qanun üzrə vərəsəlik zamanı çatası məcburi payın 2/3 hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edildikdə ev əşyalaraından və məişət avadanlıqlarından ibarət avadanlıqların dəyəri nəzərə alınmır. Yəni, X5 olsa da, onun himayəsində olmamışdır. O, məcburi pay almaq şəxslərin siyahısına aid edilə bilməz. Lakin, xx.xx.2000-ci ildən sonrakı qanun tətbiq olunsa isə qeyd olunur ki, vəsiyyətnamənin məzmunundan aşlı olmayaraq qanun üzrə vərəsələr məcburi paya malikdirlər. Məcburi pay isə qanuni payın yarısını təşkil edir. Əgər onlar qanun üzrə vərəsə olsaydılar payın yarısını götürə bilərdilər. Yəni burada ½ hissə qeyd olunur. Lakin, köhnə Məcəllədə qeyd olunur ki, qohumu olmayan, qanun üzrə vərəsələr olmayan, himayəsində olan xəstə 2/3 hissədən az olmayan paya malikdirlər. Həm yeni, həm də köhnə Məcəllədə əgər qanun üzrə vərəsə vəsiyyətnamə ilə ya məhkəmənin qərarı ilə vərəsəlik hüququndan məhrum olunubsa, o heç bir paya malik deyildir. Şəhadətnamədə ½ hissədə pay açıq saxlanılmışdır. Bununla bağlı da notariusa müraciət etmişlər ki, onun tərəfindən şəhadətnamə düzgün verilməmişdir və tam paya Arifin adına şəhadətnamə verilsin. Notarius isə qısaca olaraq cavab vermişdir ki, məhkəməyə müraciət etsinlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat Ofisinin notariusu və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmi və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Seriya RX № ******* saylı xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********17-10301 reyestr nömrəli 0.30 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan 09 sentyabr 1996-ci il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamədən görünür ki, X6 bütün əmlakını, o cümlədən Urva kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan AZ-İ 196992 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. İşdə olan 05 noyabr 2014-cü il tarixli, Reyestrdə 2V-210 ilə qeyd olunmuş N ***-**** iş nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, ünvan 1i icra nümayəndəsi tərəfindən 09 sentyabr 1996-ci il tarixdə təsdiq edilmiş 186 nömrəli vəsiyyətnaməyə əsasən 16 dekabr 2006-cı ildə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi İddiaçıdur. Şəhadətnamənin verildiyi miras əmlakı DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2014-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.30 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin ½ hissəsidir. Yerdə qalan ½ hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-718/2019 saylı qətnaməsinin surətindən görünür ki, X4 İddiaçı, Qusar rayon Notariat Kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və buraxılmış iddia müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair iddiası qismən təmin edilmiş, X2 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X8 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmış və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli 2(105)-342/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-718/2019 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 3109/2020 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli, 2(105)-342/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-2471/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(029)718/2019 saylı qətnaməsi qismən – «X2 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X8 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınsın» hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 2669/2021 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-2471/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, miras qoyan X6 vəfat edənədək vəsiyyətnamə tərtib edərək özünün bütün əmlaklarını, o cümlədən ünvan 1ində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Səlmi Şərifova xx.xx.2006-cı il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Qusar rayon Notariat Ofisi iddiaçının müraciətinə əsasən vəsiyyət üzrə vərəsəlik əsasında İddiaçı adına miras qoyanın miras əmlaklarının ½ hissəsinə dair 05 noyabr 2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi vermiş, miras əmlakların qalan ½ hissəsi isə məcburi payın verilməsi üçün açıq saxlanmışdır. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X9 məhkəmədə iddia qaldıraraq həmin vəsiyyətnamənin etibarsız hesab edilməsini, onun qanun üzrə vərəsəlik üzrə vərəsəlik hüququnun tanınmasını tələb etmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun həmin iddiası rədd edilmişdir. İddiaçı hazırkı iddianı qaldırmaqda, yəni vərəsəlik şəhadətnaməsində göstərilmiş ½ hissə qeydinin çıxarılmasını tələb etməkdə məqsədi ondan ibarətdir ki, miras qoyan Səlmi Şərifovanın miras kütləsinə daxil olan əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında bütövlükdə ona verilsin. Başqa sözlə, mübahisə mahiyyət etibarı ilə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisədir və iddia özlüyündə mirasın bölüşdürülməsini ifadə edir. Belə olan halda, hazırkı iddia notariat orqanına qarşı yönəldilə bilməz, çünki notariat orqanı vərəsəlik hüquq münasibətinin iştirakçısı deyil, mirasın notarial üsulla bölgüsünü həyata keçirən (mübahisə olmadığı təqdirdə) orqandır. Mirasın bölgüsü ilə bağlı mübahisə olduqda isə bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət olunmalı, iddia tələbi isə digər vərəsələrə qarşı yönəlməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, X6 tərəfindən tərtib edilmiş və 09 sentyabr 1996-ci il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamə tərtib olunan zaman qüvvədə olmuş 1964-cü il redaksiyada Mülki Məcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Qeyd olunan vəsiyyətnamə üzrə miras açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 1220-ci maddəsində qeyd edilir ki: Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi, istər vəsiyyətnamə tərtib edildiyi zaman (1996-cı il) qüvvədə olan Mülki Məcəllənin, eləcə də miras açıldığı zaman (2006-cı il) qüvvədə olan Mülki Məcəllənin müddəalarına görə vəsiyyətnamənin məzmununa bu və ya digər formada düzəlişlərin edilməsi yalnız vəsiyyətnamə verənin ərizəsi əsasında mümkün ola bilərdi. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Həmin Qanunun 48-ci maddəsinə əsasən notarius, dövlət notariat arxivinin müdiri, müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqda vəsiyyətnamənin notariat ofisində, dövlət notariat arxivində və ya müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi binada saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras açıldıqdan sonra notariat orqanları vəsiyyətnamənin məzmununa uyğun olaraq, eyni zamanda Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinin tənzimləyən hüquq normalarının tələblərinə əsasən vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verirlər. Həmçinin, qeyd olunmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Bu halları və yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Qusar rayon notariat kontoru tərəfindən ***-**** olan vərəsəlik işinin materiallarında reyestrdə 2V-210 ilə qeydə alınmış 05 noyabr 2014-cü il tarixdə İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli Seriya ******* saylı mülkiyyət hüququ haqqında verilmiş Çıxarışa əsas olmuş qeydlərindən ½ hissəsi qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə düzəlişləri olunmuş yeni Vərəsəlik haqqında Şəhadətnamənin və mülkiyyət haqqında Çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə tələbi əsassız olduğuna görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında Şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar