Məhkəmə qərarları › İş №2(029)-1013/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1013/2021

09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1013/2021 09.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh və X6, tərcüməçi X13 iştirakları ilə İddiaçı Cavabdeh, X8, X7, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və X8 qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına olan hər iki daşınmaz əmlakın: Qusar rayonu Balaqusar kəndində yerləşən sahəsi 6 sot olan torpaq sahəsinin və üzərində olan fərdi yaşayış evinin (əlavə tikililərin) mərhum anası X15 məxsus ½ hissəsinə vərəsəlik hüququnun tanınması və həmin miras əmlakın 1/3 hissəsində (evin 1/6 hissəsində) onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh ilə X16 arasında 28 sentyabr 2021-ci il tarixdə bağlanmış, Qusar rayon Notariat Ofisində reyestrdə 4Ə-2497 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin Qusar rayonu Balaqusar kəndində sahəsi 6 sot olan torpaq sahəsindən və üzərində yerləşən sahəsi 60.2 kv.m olan fərdi yaşayış evindən ona çatası olan 1/6 miras payların bağışlanması hissəsinin etibarsız sayılmasına, Qusar rayonu Balaqusar kəndində sahəsi 6 sot olan torpaq sahəsinin və onun üzərində yerləşən sahəsi 60.2 kv.m olan fərdi yaşayış evinin mərhum anası X15 məxsus ½ hissəsinə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlakların 1/6 hissəsində onun miras payının müəyyən edilməsinə, Qusar rayonu Balaqusar kəndində yerləşən sahəsi 6 sot olan torpaq sahəsinin üzərində sahəsi 60.2 kv.m olan fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülməsinə, cavabdeh X14 tərəfindən Cavabdeh 31.01.2009-cu il tarixdə 30 il müddətinə verilmiş etibarnamə əsasında “VAZ-21043” markalı ** EM *** dövlət qeydiyyat nişanlı, B/ili 2000, Rəngi: Ağ, Mühərrik: 2***-*******, Ban: XTA210430Y0757642, M.İ.H:1452 olan nəqliyyat vasitəsinin ½ hissəsinə mərhum anası X9 mülkiyyət hüququnun olması faktını müəyyən etməklə, həmin hissəyə vərəsəlik hüququnun tanınmasına və həmin nəqliyyat vasitəsinin 1/6 hissəsində miras payının müəyyən edilməsinə, cavabdeh Z.Muradxanovadan miras aktivlərindən qəbul etdiyi 2/3 hissəsində miras payına mütənasib surətdə miras passivi olan mərhum anasının ona olan 10000 ABŞ dolları və 13000 manat miqdarında borcunun 2/3 hissəsi 6666 ABŞ dolları və 8666 manat pul vəsaiti məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, mərhum anası X21 Cavabdeh ilə 12.09.1999-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonra sonuncu bir çamadanla onun nənəsinə məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov (keçmiş Telman) küçəsi, ev 6a, 1 saylı mənzilə köçmüşdür. Həmin mənzil öz nənəsindən anasına vərəsəlik qaydasında keçmiş və hüquqları 06.01.2005-ci il tarixdə Dövlət Reyestrində qeydiyyata alınmışdır. Birgə nikah dövründə 31.01.2009-cu il tarixdə 30 il müddətinə “VAZ-21043” markalı ** EM *** dövlət qeydiyyat nişanlı, B/ili 2000, Rəngi: Ağ, Mühərrik: 2***-*******, Ban: XTA210430Y0757642, M.İ.H:1452 olan nəqliyyat vasitəsini cavabdeh X4 adından Gürcüstan vətəndaşı olan Ələddin Ayvazov tərəfindən cavabdeh tərəfindən verilmiş etibarnamə əsasında əldə etmişlər. Bundan başqa, mərhum anasının əri Cavabdeh adına birgə nikahları müddətində 19 may 2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X5 əldə edilmiş Qusar rayonu Balaqusar kəndində yerləşən sahəsi 6 sot torpaq sahəsi **********25 nömrə ilə Dövlət reyestrində, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi isə **********25-10301 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. Həmin əmlaklar Cavabdeh adına olsa da, mərhum anası ilə ümumi birgə mülkiyyətləri olmuşdur. Həmin miras əmlakların bir hissəsində, yəni ünvan 3, 1 saylı mənzilin 4 saylı ASAN xidmət mərkəzində açılmış V-154/2021 saylı vərəsəlik işi üzrə təsdiqlənmiş 2V-645 reyestr nömrəli 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/3 hissəsində onun payı müəyyən edilmiş və hüquqları Dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh həmin miras əmlakdan olan 1/3 payını 02.08.1984-cü il təvəllüdlü bacısı X8 bağışlamışdır. Qusar rayonu Balaqusar kəndində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi cavabdehin adına olduğu və sənədləri ondan gizlədildiyi üçün, həmin evdən vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi ilə bağlı 4 saylı ASAN xidmət mərkəzində məhkəməyə müraciət etməyi ona tövsiyyə edilmişdir. Göründüyü kimi, o, mirası qəbul etmiş və həmin miras onun mülkiyyəti sayılır. Beləliklə, o, ilk dəfə 24 avqust 2021-ci il tarixdə cavabdehlər Cavabdeh və Z.Muradxanovaya qarşı eyni iddia qaldıraraq Qusar rayon məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddianın təmini tələbinə dair ərizəsini iddia ərizəsinə qoşmuşdur. Əlbəttə bu haqda cavabdehlərə də məlumat vermişdir. Məhkəmə isə ərizələri məhkəməyə daxil olduqdan 1 (bir) ay sonra 23 sentyabr 2021-ci il tarixli, 2(029)-890/2021 saylı qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. Vaxt itirməmək üçün həmin qərardadı mübahisələndirməməyə və yeni iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmək qənaətinə gəlmişdir. 27 sentyabr 2021-ci il tarixdə yeni iddia ərizəsi və iddianın təmin tədbiri barədə ərizəsi Qusar rayon məhkəməsi tərəfindən qəbul olunmuşdur. Dərhal baxmalı olan məhkəmə iddianın təmin tədbirinə dair ərizəsinə 30.09.2021-ci il tarixdə baxmış və ərizəsini təmin etmişdir. Cavabdehlər Cavabdeh və Z.Muradxanova isə mərhum anasının adına 4 saylı ASAN xidmət mərkəzində vərəsəlik işinin açıldığını, həmin miras əmlaklarda onun 1/3 payının olduğunu və məhkəmədə vərəsəliyə dair mübahisənin olduğunu bilə-bilə 28 sentyabr 2021-ci ildə Qusar rayon Notariat Ofisinə gedərək orada öz aralarında özü özlüyündə əhəmiyyətsiz olan reyestrdə 4Ə-2497 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsini rəsmiləşdirmişlər. Cavabdeh onun mərhum anası ilə birgə nikah dövründə əldə etdiyi ümumi mülkiyyət hesab edilən Qusar rayonu Balaqusar kəndində olan torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini üstünlük vermək məqsədi ilə qanunsuz olaraq digər vərəsəyə, yəni X8 bağışlamışdır. Lakin, Qusar rayon məhkəməsinin iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin edilməsi barədə 30.09.2021-ci il tarixli qərardadı icraya yönəldiyindən cavabdehlər öz çirkin niyyətlərinə çata bilməmişlər və bağışlama müqaviləsinə əsasən hüquqlarını Dövlət reyestrində qeydə aldıra bilməmişlər. Həmin hallar məhkəmənin hazırlıq iclasında göndərdiyi sorğulara verilmiş cavablardan sonra müəyyən olunmuşdur. Qanunvericiliyin də tələblərindən göründüyü kimi, birgə mülkiyyətin mülkiyyətçilərindən biri olan Cavabdeh ümumi əmlakın bağışlanmasına səlahiyyətlərinin olmaması üçün və müqavilənin digər tərəfi onun mərhum anasının başqa vərəsəsi olan qızı Z.Muradxanova bunu bildiyi üçün bağladıqları müqavilə onun miras payının 1/3 hissəsindən, yəni həmin əmlakların 1/6 hissəsində etibarsız sayılmalıdır. Həmin hissədə vərəsəlik hüququ tanınmalıdır. Qeyd etdiyi kimi həmin torpaq sahəsi və fərdi yaşayış evi ayrı-ayrı vaxtlarda, lakin birgə nikah dövründə cavabdehin adına qeydiyyata alınsa da mərhum anasının da öz vəsaiti hesabına cavabdehlə birgə əldə edilmişdir. Qanunvericiliyin də tələblərindən göründüyü kimi, mərhum anasının ən azı həmin torpaq sahəsindən və üzərində yerləşən evin (tikililərin), o cümlədən nəqliyyat vasitəsinin dəyərinin ½ hissəsinə mülkiyyət payı olmuşdur. Onun isə anasına məxsus olan hissəyə-həmin miras əmlaka vərəsəlik hüququ var və 1/3 hissədə payı, həmin əmlaklardan isə 1/6 hissədə payı qəbul edildiyi üçün məhkəmə tərəfindən müəyyən edilməlidir. Bununla yanaşı, cavabdehlər Cavabdeh və Z.Muradxanovanın qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov (keçmiş Telman) küçəsi, ev 6a, 1 saylı mənzildə sonuncu 3 uşağı ilə birgə yaşayır. Onun da öz ailəsi ilə həmin mənzildə cavabdehlərlə birlikdə yaşaması qeyri-mümkündür. Onun yaşamağa başqa yeri yoxdur. Ailəsi ilə birlikdə kirayədə yaşayır. Bu səbəbdən hesab edir ki, onun miras payı olan Qusar rayonu Balaqusar kəndində yerləşən sahəsi 6 sot olan torpaq sahəsinin üzərində sahəsi 60.2 kv.m olan fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülməyinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh Z.Muradxanova öz ailə üzvləri ilə Qusar rayonu Balaqusar kəndində yerləşən sahəsi 6 sot olan torpaq sahəsinin üzərində yerləşən sahəsi 60.2 kv.m olan fərdi yaşayış evinə köçmək niyyəti olsa, öz növbəsində o da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov (keçmiş Telman) küçəsi, ev 6a, 1 saylı mənzilə ailə üzvləri ilə birlikdə köçürülməyinə etiraz etmir. Bundan başqa, mərhum anası sağ olarkən 2012-ci ildə aldıqları Qusar rayonu Balaqusar kəndində olan torpaq sahəsində fərdi evin tikintisi üçün ondan müxtəlif vaxtlarda borca pul istəmişdir. O da öz növbəsində 16.01.2015-ci il tarixdə 3000 manat YapıKredi Bankdan, 06.03.2015-ci il tarixdə 10000 ABŞ dolları Bank VTB(Azərbaycan) ASC-dən, həyat yoldaşının adına isə 18.08.2015-ci il tarixdə X29 Bankı QSC-dən 10000 manat məbləğlərində kredit götürərək, həmin məbləğləri anasına evi tikdirib satanacan borca vermişdir. Məhz bu pullar hesabına həmin ev və əlavə tikililər tikilmişdir. Həmin ev 2018-ci ildə dövlət qeydiyyatına alınmışdır. Lakin, anası istədiyi qiyməti verən müştəri tapmadığı və həmin əmlakları sata bilmədiyi üçün, daha sonra isə, pandemiya başlandığı üçün ondan möhlət istəmişdir. 21.12.2020-ci ildə isə anası vəfat etmişdir. Göründüyü kimi cavabdehlərin hər biri mərhum anasından qalmış miras əmlakları 1/3 hissədə qəbul etdikləri üçün bu paylarına mütənasib surətdə birgə borclu kimi ona olan 10000 ABŞ dolları və 13000 manat miqdarında borcu tam ödəməyə borcludurlar. Lakin, iş materiallarından göründüyü kimi Cavabdeh 07.07.2021-ci il tarixli 2v-672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-266 reyestr nömrəli miras payın bağışlanmasına dair müqaviləyə əsasən öz miras payını- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov (keçmiş Telman) küçəsi, ev 6a, 1 saylı mənzilin 1/3 hissəsini cavabdeh Z.Muradxanovaya bağışlamış, mənzilin 2/3 hissəsi Z.Muradxanovanın adına özgəninkiləşdirilmişdir. Bununla da, miras əmlakdan qəbul etdiyi 2/3 hissədə miras payına mütənasib surətdə miras passivi olan mərhum anasının ona olan borcunun 2/3 hissəsi-6666 ABŞ dolları və 8666 manat məbləğində pul vəsaiti cavabdeh Z.Muradxanovadan onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı və ona əlavəni müdafiə etmiş və uyğun izahat verərək göstərmişdir ki, iddia ərizəsində və əlavədə qeyd edilənləri təsdiq edir və bildirir ki, Cavabdeh adına 19.05.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 6 sot torpaq sahəsi reyestrdə qeydiyyata alınmışdır. Ev isə 30.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin əmlaklar Nadirin adına olsa da, X32 ilə birgə mülkiyyətdədir. İddiaçı anasından qalmış 1/3 payını tələb edir. Həmin əmlaklardan ümumi 1/6 pay tələb edir. Bundan başqa, Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən evə dair 4 saylı ASAN xidmətdə İddiaçı, cavabdehlər Cavabdeh və Zümrüd Muradxanovanın adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Nadir özünün 1/3 hissədə olan payını Zümrüdə bağışlamışdır. Həmin evin 2/3 hissəsi Zümrüd Muradxanovanın, 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh Qusar rayonu Balaqusar kəndində yerləşən mübahisəli torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini 28 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Zümrüdə bağışlamışdır. Qusar rayon məhkəməsinin iddianın təmini tədbirinə dair 30.09.2021-ci il tarixli qərardadı icraya yönəldiyi üçün bağışlama müqaviləsi əsasında qeydiyyat aparılmamışdır. Ona görə də, bağışlama müqaviləsi iddiaçının 1/6 hissə payına dair hissədə etibarsız hesab edilməlidir. Bundan başqa, iddiaçının anası sağ olanda Qusar rayonu Balaqusar kəndində alınan torpaq sahəsində evin tikintisi üçün Albinadan borc pul istəmiş, Albina isə 16.01.2015-ci il tarixdə “YapıKrediBank”dan 3000 manat məbləğində pul götürüb anasına borc vermişdir. Bundan başqa, İddiaçı 16.05.2015-ci il tarixdə 1000 ABŞ dolları məbləğində pul götürüb borca anasına vermişdir. 15.07.2015-ci il tarixdə iddiaçının toyu olmuş və ərinin adına 10000 manat məbləğində pul götürüb anasına vermişdir. Həmin pulun hesabına mübahisəli ev tikilib başa çatmış, daha sonra ev 2018-ci ildə reyestrdə qeydiyyata alınmışdır. İddiaçı anasından borc verdiyi pulları tələb etdikdə o, həmin evi satacaqlarını və borcu qaytaracağını bildirmişdir. Hər dəfə iddiaçı pulunu tələb edəndə, anası vaxt istəmişdir. Bu səbəbdən də, həmin borcu mübahisələndirməmişdir. İddiaçı ilə mərhum anası arasında şifahi borc müqaviləsi olmuşdur. Hesab edir ki, iddiaçının mərhum anasının iddiaçıya borclu olduğu pulun cavabdeh Zümrüd Muradxanovanın miras payına uyğun 6666 ABŞ dolları və 8666 manat hissəsi həmin şəxsdən tutulub iddiaçıya verilməlidir. Bundan başqa, Cavabdeh adında etibarnamə əsasında avtomobil vardır. Həmin etibarnamə 30 il müddətinə verilmişdir. Həmin avtomobil də Nadirlə iddiaçının anasının birgə nikahları dövründə əldə edilmişdir. Onlarda olan şifahi məlumata əsasən avtomobilin mülkiyyətçisi Gürcüstanda ölmüş və etibarnamə qüvvədən düşmüşdür. Lakin, bu barədə onlarda hər hansı sənəd yoxdur. Həmin avtomobil iddiaçının anası ilə Nadirin birgə nikahları dövründə əldə edildiyindən iddiaçı həmin əmlakdan da pay tələb edir. İddiaçının iddia tələblərindən biri də evə köçürülmə tələbidir. İddiaçı özü hazırda Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki evdə qeydiyyatda olsa da, 5 nəfər ailə üzvü ilə birlikdə kirayədə yaşayır. Vərəsəlik müəyyən olunan Bakı şəhəri Bakıxanov qəsəbəsindəki evdə isə cavabdeh Zümrüd Muradxanova yaşayır. Ona görə də, iddiaçı Qusar rayonu Balaqusar kəndində yerləşən evə köçürülməsini tələb edir. Nümayəndə qeyd olunanlara əsasən iddianın və ona əlavənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, nümayəndəsi və vəkili Nümayəndə dediklərini təsdiq edir. Qeyd edilənlərin nəzərə alınıb iddianın və ona əlavənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı və ona əlavəni qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, o, mərhum Xalisə Rüstəmova ilə ailə həyatı qurduqdan sonra birgə nikah dövründə tikdikləri evdə iddiaçının heç bir payı, zəhməti olmamışdır. Mərhum Xalisə Bakı şəhərində aşbaz işləmiş və hər 5-ci gün Qusara gəlmişdir. Özü isə “Metak” şirkətinda sürücü işləməklə hər ay 900 manat maaş almışdır. Həmin müddət ərzində o, Qusar şəhəri Muxtadır küçəsində yerləşən ata evində yaşamışdır. Daha sonra isə Balaqusar kəndində yerləşən fərdi yaşayış evini tikmişlər və artıq 7 ildir ki, həmin evdə yaşayır. Həmin ev tikilərkən iddiaçı tərəfindən onlara hər hansı maddi köməklik göstərilməmiş, iddiaçı X32ya hər hansı məbləğdə borc pul verməmişdir. İddiaçı həmin vaxt İngiltərədə ərdə olmuş, hətta onun qayıtması üçün yol pulunu ödəmək üçün bankdan götürüb 2000 manat pul göndərmişlər. İddiaçı qeyd etdiyi kreditləri öz əri üçün götürmüşdür. Mərhum Xalisənin vəfatından sonra onun banka və sair olan borclarını da o, özü ödəmişdir. Qusar rayonu Balaqusar kəndində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən iddiaçıya heç bir pay düşə bilməz. Bundan əlavə, iddiaçının qeyd etdiyi nəqliyyat vasitəsini o, 13 il bundan qabaq 3500 manata etibarnamə əsasında almışdır. Həmin avtomaşından, həmçinin Balaqusar kəndindəki evdən iddiaçıya heç bir pay düşməməlidir. Bundan başqa, o, iddiaçının mübahisəli evə köçürülməsinə razı deyil, iddiaçının həmin evdə heç bir payı və əmlakı yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alınıb iddianın və ona əlavənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X16 iddianı və ona əlavəni qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Nadirin ögey qızıdır. O, Balaqusar kəndində yerləşən hazırda torpaq sahəsi və üzərindəki evdən, həmçinin avtomaşından iddiaçıya pay verilməsinə və iddiaçının Balaqusar kəndindəki evə köçürülməsinə razı deyil. İddiaçı qeyd etdiyi kredit pullarını ona və yaxud da evin tikintisi üçün anası mərhum Xalisəyə verməmişdir. 2012-ci ildə torpaq sahəsi alınarkən pulları çatmadığından anası Xalisə “Royalbank”dan 5000 manat kredit götürmüşdür. Daha sonra həmin bank bağlanmış və anasının kredit borcu da pensiya kartından hər ay tutulmuşdur. Qeyd edilən torpaq sahəsindəki fərdi yaşayış evi valideynlərinin və onun ərinin pulları ilə tikilmiş, evin tikintisi zamanı qaynanası da onlara köməklik göstərmişdir. İddiaçı Albina qeyd etdiyi kredit pullarını özü və ya əri üçün götürmüşdür. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, qeyd edilənlərin nəzərə alınıb iddianın və ona əlavənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X14 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdeh X4, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Qusar rayon Notariat Ofisinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh və X6 izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, iddia və ona əlavə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli ***-**-** nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ilə X22 arasındakı nikah 12.02.1999-cu il tarixdə Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsində 55 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Xalisə Tukteyeva “Rüstəmova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 142135 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 21.12.2020-ci ildə ölmüşdür. İşdə olan 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 2V-645 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 21.12.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28.2 kv/m olan mənzilin 1/3 hissəsi qanun üzrə vərəsəlik qaydasında İddiaçı verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli **********25 saylı cavab məktubundan görünür ki, Cavabdeh adına Qusar rayonu, Bala Qusar kəndində yerlşən fərdi yaşayış evi 30.05.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X11 adına ünvan 3, 1 saylı mənzil 06.01.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 4 saylı ASAN xidmət mərkəzində təsdiqlənmiş 2V-645 reyestr nömrəli 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilin 1/3 hissəsi İddiaçı adına, 07.07.2021-ci il tarixli 2v-672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-266 reyestr nömrəli miras payının bağışlanmasına dair müqaviləyə əsasən 2/3 hissəsi X6 adına özgəninkiləşdirilmişdir. X12 adına ünvan 2 ünvanda yerləşən mənzil 02.09.1992-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 29 saylı DNK-nın D17/4184 reyestr nömrəli 12.12.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 30.06.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli, 14.07.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 28.2 kv.m sahəsi olan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissə İddiaçı və 2/3 hissə X6 adlarına qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 146 saylı mənzil-kommunal İstismar Sahəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli 141 nömrəli Arayışdan görünür ki, mərhumə X21 21.12.2020-ci ildə ölmüşdür. Vəfat olunan günə qədər Bakıxanov qəsəbəsi Ə.Yunusov küçəsi 6a saylı bina 1 nömrəli mənzildə aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatda olub və yaşamışdır:

1. Cavabdeh-h/y.

2. İddiaçı-qızı

3. X16-qızı

4. X25-nəvə

5. X18-nəvə

6. X23-nəvə

7. X19-nəvə. İşdə olan 19 may 2012-ci il tarixdə Qusar rayon dövlət notariat kontorunda 4Ə/02 - 292 reyestr nömrəsilə qeyd edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X1 rayonu Balaqusar kəndində yerləşən özünə məxsus 0.0599 ha torpaq sahəsini 5000 (beş min) manata Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 30.05.2018-ci il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Bala Qusar kəndində yerləşən **********25-10301 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 60.2 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 016-118406-1221 nömrəli cavab məktubundan görünür ki, DİN-in Baş X35 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 4 ünvanda qeydiyyatda olan xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh adında və onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Sorğu edilən “VAZ- 21043” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25.12.2008-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatda olan X4 adında qeydiyyatdadır. “VAZ-21043” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh adına verilmiş hər hansı etibarnamə məhkəməyə təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli 1943 saylı arayışdan görünür ki, 21.12.2020-ci il tarixdə vəfat etmiş ünvan 6 ünvanda qeydiyyatda olmuş X9 adına V-154/2021 saylı vərəsəlik işi açılmışdır. İddiaçı, Cavabdeh və X16 vərəsə kimi tanınmışdır. İşdə olan Qusar rayon Notariat Ofisində 28 sentyabr 2021-ci il tarixdə 4Ə-2497 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus olan Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 60.2kv.m, yaşayış sahəsi 32.4 kv.m, yardımçı sahəsi 27.8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evini X8 bağışlamışdır. İşdə olan Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 06.03.2015ci il tarixli 143244-CNS-16261 saylı “nağd pul krediti müqaviləsi”nin surətindən görünür ki, həmin bank tərəfindən İddiaçı illik 24 faiz olmaqla 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 168349 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin bank tərəfindən İddiaçı illik 22 faiz olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan QSC Bank Standard ilə X24 arasında bağlanmış 18 avqust 2015-ci il tarixli 100/03/123700/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin bank tərəfindən Alim Yanborisova illik 26 faiz olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı anası X21 21.12.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində həmin şəxsin adına V-154/2021 saylı vərəsəlik işi açılmış, İddiaçı, Cavabdeh və X16 vərəsə kimi tanınmışlar. Bundan başqa, məlum olmuşdur ki, Xalisa Rüstəmova ölənədək Cavabdeh ilə rəsmi nikahda olmuş və birgə nikahları dövründə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Qusar rayonu Balaqusar kəndi ərazisindən 600 kv.metr torpaq sahəsi əldə edilmiş və həmin torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmaqla 30.05.2018-ci il tarixli Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. 28 sentyabr 2021-ci il tarixdə isə həmin evlə torpaq sahəsi Cavabdeh tərəfindən X8 bağışlanmış, həmin tarixdə tərəflər arasında bağışlama müqaviləsi bağlanaraq Qusar rayon Notariat ofisində 4Ə-2497 reyestr nömrəsi ilə təsdiq edilmişdir. X32 ilə Cavabdeh birgə nikahları dövründə nəqliyyat vasitəsinin əldə olunması isə məhkəmə iclasında öz təsdiqini tapmamış, “VAZ-21043” markalı 90EM168 dövlət qeydiyyat nişanlı avtomobil isə Xalisa Rüstəmovanın və ya Cavabdeh müliyyətində deyil, X4 mülkiyyətində olmuş, həmin avtomobil 31.01.2009-cu il tarixli etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. Sonradan həmin avtomobilin mülkiyyətçisi iddiaçı tərəfin şifahi deməsinə görə ölmüş və bununla da, etibarnamə öz qüvvəsini itirmişdir. Bununla da, həmin avtomobilə dair X32nın hər hansı əmlak hüququ olmamışdır. Bundan başqa, X32nın İddiaçı qarşısında hər hansı pul öhdəliyinin olması da məhkəmədə öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi kredit müqavilələri isə İddiaçı və Alim Yanborisov adlı şəxsin borc öhdəliklərinə aid olmaqla X27 Albina qarşısında borc öhdəliyinin olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi, 30.05.2018-ci il tarixli Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh adına rəsmiləşdirilmiş, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdehla iddiaçının mərhum anası Xalisa Rüstəmovanın ümumi birgə mülkiyyətində olmuşdur. Onların həmin əmlaklara dair payların müəyyən olunmasına dair hər hansı razılaşma olmadığından məhkəmə hesab edir ki, Xalisa Rüstəmovanın həmin əmlakların ½ hissəsinə mülkiyyət payı olmuşdur. Bu səbəbdən də, həmin mülkiyyət payı Xalisa Rüstəmovanın miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, miras qoyan X9 mirasına dair vərəsəlik müəyyən olunmaqla onun üç qanun üzrə vərəsəsinin-İddiaçı, Cavabdeh və X6 vərəsəlik hüquqları tanınmışdır. Odur ki, məhkəmə hesab edir ki, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, sahəsi 60.2 kv.metr olan fərdi yaşayış evinin mərhum X15 məxsus ½ hissəsinə dair İddiaçı vərəsəlik hüququ tanınmalı, həmin miraslara dair miras payı 1/3 hissə, həmin evlə torpaq sahəsinə dair miras payı isə 1/6 hissə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən bağışlama müqaviləsinin etibarlı olması üçün müstəsna şərt nəzərdə tutulmuşdur. Həmin şərtə əməl edilməməsi isə Mülki Məcəllənin tələblərini pozmaqla əqdin etibarsızlığına səbəb olur. Rüstəmov X3 Zümrüd Musa qızına bağışladığı Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X32nın ümumi mülkiyyəti ilə məhdudlaşdırılmış olmuş və ona görə də, Cavabdeh həmin əmlakların özünə aid olmayan hissəsinə dair bağışlama yolu ilə sərəncam verə bilməzdi. Bu səbəbdən də, yuxarıda göstərilən məlum bağışlama müqaviləsi Mülki Məcəllənin yuxarıda göstərilən şərti pozulmaqla bağlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh ilə X16 arasında Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 28 sentyabr 2021-ci il tarixdə bağlanmış, Qusar rayon Notariat Ofisində 4Ə-2497 reyestr nömrəsi ilə qeyd edilmiş bağışlama müqaviləsi, İddiaçı 1/6 hissə miras payına dair hissədə etibarsız hesab edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, X4 mülkiyyətində olmaqla sonuncu tərəfindən etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmiş “VAZ-21043” markalı 90EM168 dövlət qeydiyyat nişanlı avtomobilə dair miras qoyan Xalisa Rüstəmovanın hər hansı əmlak hüququ olmadığından avtomobilin hər hansı hissəsi onun miras kütləsinə daxil edilə bilməz. Bu səbəbdən də, məhkəmə həmin hissədə iddiaçının dəlilləri ilə razılaşmayaraq qəbul etmir və hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Həmçinin, miras qoyan Xalisa Rüstəmovanın İddiaçı 10000 ABŞ dolları və 13000 manat məbləğində borcunun olması, bu barədə aralarında hər hansı müqavilənin bağlanması və bununla bağlı həmin şəxsin qarşısında pul öhdəliyinin yaranması da məhkəmədə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin məbləğdə borc miras passivi kimi X32nın miras kütləsinə daxil edilə bilməz. Ona görə də, məhkəmə iddiaçının cavabdeh Zümrüd Muradxanovadan 6666 ABŞ dolları və 8666 manat məbləğində pulun tutulması barədə iddia tələbi üzrə dəlilləri ilə də razılaşmayaraq qəbul etmir və hesab edir ki, həmin hissədə də iddia rədd edilməlidir. Məhkəmə iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli Qusar rayonu Balaqusar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiasını müzakirə edərək belə qənaətə gəlir ki, həmin evin sahəsi 60 kv.metr təşkil edir və evə dair iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmadan və bununla da, evə dair istifadə hüququ yaranmadan onun həmin evə köçürülməsi məqsədəmüvafiq deyildir. Belə ki, əvvəlcə iddiaçının mübahisəli evə mülkiyyət hüququ qeydiyyata alınmalı, bundan sonra mülkiyyətçilər arasında evdən istifadə ilə bağlı razılıq əldə olunmadığı təqdirdə məhkəməyə müraciət olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə də, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia və ona əlavə qismən təmin edilsin. Cavabdeh ilə X16 arasında Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 28 sentyabr 2021-ci il tarixdə bağlanmış, Qusar rayon Notariat Ofisində 4Ə-2497 reyestr nömrəsi ilə qeyd edilmiş bağışlama müqaviləsi, İddiaçı 1/6 hissə miras payına dair hissədə etibarsız hesab edilsin. Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, sahəsi 60.2 kv.metr olan fərdi yaşayış evinin mərhum X15 məxsus ½ hissəsinə dair İddiaçı vərəsəlik hüququ tanınsın, həmin miraslara dair miras payı 1/3 hissə, həmin evlə torpaq sahəsinə dair miras payı isə 1/6 hissə müəyyən edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar